Sizin Reklam Burada

"Gücümüz birliyimizdə, həmrəyliyimizdədir"

"Gücümüz birliyimizdə, həmrəyliyimizdədir"Azərbaycanın ən yaxın strateji tərəfdaşlarından biri olan qonşu Gürcüstana bu günlərdə baş tutan səfərimiz əsnasında bu ölkədəki soydaşlarımızın ən fəal ictimai birliyi kimi tanınan Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) də qonağı olduq. Konqresin rəhbərliyi və əməkdaşları bizi olduqca xoş və isti qarşıladılar. Yüksək səviyyədə qonaqpərvərliyə, mehriban münasibətə görə Konqresin sədri Hüseyn Yusubova və digər rəhbər şəxslərə buradan bir daha dərin təşəkkürümü bildirirəm.

Görüşümüz səmərəli keçdi. Mən bu cür görüşləri, müzakirələri Gürcüstan-Azərbaycan əlaqələrinin vətəndaş cəmiyyəti müstəvisində möhkəmləndirilməsi və Borçalıdakı soydaşlarımızla təmaslarımızın daha da intensivləşməsi baxımından olduqca faydalı və zəruri hesab edirəm. Azərbaycanın qeyri-hökumət təşkilatları ilə Gürcüstandakı soydaşlarımızı bir araya gətirən, onların hüquq və mənafelərinin qorunması üçün mütəşəkkil fəaliyyət göstərən qurumlar arasında sıx əməkdaşlığın qurulması, birgə layihələrin həyata keçirilməsi, təcrübə mübadiləsinin aparılması günümüzün ən önəmli məsələlərindən biridir.

Gürcüstan Azərbaycanlıları Konqresi (GAK) qonşu ölkədə kifayət qədər nüfuz qazanmış və diaspor fəaliyyəti sahəsində böyük təcrübəyə malik qurumlardandır. Hərçənd ki, Gürcüstanda yaşayan Azərbaycan türkləri əslində diaspora sayılmır, çünki sayı təxminən yarım milyon civarında olan Gürcüstan azərbaycanlıları diaspor yox, tarixən o ərazilərdə yaşayan yerli sakinləridir, bu ölkənin ümumi toplumunun üzvi tərkib hissəsidir. Bu gün azərbaycanlılar Gürcüstan əhalisinin böyük əksəriyyətini və cəmiyyətin əsrlərlə gürcülərlə birlikdə yaşayan təbəqəsini təşkil edirlər. Ona görə də belə böyük bir qüvvəni təşkilatlandırmaq, azərbaycanlıların sıx yaşadığı regionların problemlərinin həlli üçün koordinasiya olunmuş şəkildə fəaliyyət göstərmək, azərbaycanlıların Gürcüstan cəmiyyətinə daha effektiv inteqrasiyasına yardım etmək həqiqətən də böyük missiyadır və mən deyərdim ki, GAK bu missiyanın öhdəsindən layiqincə gəlir.

Uzun illərdir ki, fəaliyyət göstərən Gürcüstan Azərbaycanlıları Konqresi bu gün öz sıralarında soydaşlarımızın yaratdığı bir çox QHT-nı birləşdirir. Hazırda GAK-ın ətrafında 30-dan çox QHT birləşib. Azərbaycan-Gürcüstan dostluğuna, milli maraqlara xidmət edən qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq yaradılır. Konqres azərbaycanlıların Gürcüstanın ictimai-siyasi proseslərində fəallığının təmin olunması, idarəetmə və qanunverici orqanlarda təmsil olunması, hüquqlarının müdafiəsi istiqamətində, habelə azərbaycanlıların milli mədəniyyətinin, adətlərinin, dilinin qorunub saxlanılması sahəsində təşəbbüslərlə çıxış edir, əməli fəaliyyət göstərir.

Həm Marneulidə, həm də digər regionlarda yaşayan azərbaycanlılar Gürcüstanın ərazi bütövlüyü və suverenliyi uğrunda hər zaman gürcü xalqı ilə birlik və həmrəylik nümayiş etdirib. Bu da GAK-ın Gürcüstan dövlətçiliyi qarşısında mühüm xidmətlərindən biridir. Soydaşlarımız Gürcüstanla bərabər, Ana Vətən saydıqları Azərbaycanın da ərazi bütövlüyünün və suverenliyinin bərpası naminə həmişə əllərindən gələni etməyə hazır olduqlarını bildiriblər və 44 günlük Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin mövqeyini, Şanlı Ordumuzun haqq savaşını tam dəstəkləyiblər.

GAK Kvemo-Kartli bölgəsində və digər ərazilərdə yaşayan azərbaycanlıların irili-xırdalı bir çox fərdi problemlərinin həllində də bacardığı qədər yardımçı olmağa çalışır, bir çox soydaşlarımıza pulsuz hüquqi yardım göstərir. Koronavirus pandemiyası dönəmində isə GAK-ın xətti ilə bir neçə azərbaycanlı iş adamı tərəfindən azərbaycanlıların yaşadıqları ərazilərdə, xüsusən də Bolnisi rayonunun Kəpənəkçi kənd sakinlərinə gigiyena məhsulları və ərzaq yardımı edilib. Həmin günlərdə Bolnisi rayonu ciddi karantin rejimində olduğuna görə GAK Kəpənəkçi kəndində yaşayan ailələrə operativ surətdə yardım göstərib. GAK-ın sədri Hüseyn Yusubov həmin çətin sınaq günlərində hər kəsi bir-birinə yardım etməyə çağırıb və belə bir duyğusal, humanist şüarla çıxış edib: “Hər kəs bir günlük Kəpənəkçi olmağı bacarsın”.

Hüseyn müəllimin və onun komanda üzvlərinin bu qəbildən olan bir çox işləri, xidmətləri barədə, əlbəttə, kifayət qədər geniş danışmaq olar. Biz şadıq ki, Gürcüstan Azərbaycanlıları Konqresi oradakı soydaşlarımıza sahib çıxmağı və eyni zamanda iki dost və qardaş ölkə arasında körpü olmağı bacarır. Bu gün GAK-ın Gürcüstan-Azərbaycan əlaqələrinin inkişafına töhfəsi danılmazdır. Qürurverici haldır ki, GAK-ın fəaliyyəti Gürcüstan hökuməti tərəfindən də təqdirlə qarşılanır. Həmçinin, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları da Konqresin düzənlədiyi tədbirlərdə mütəmadi iştirak edirlər.

Gürcüstan Azərbaycanlıları Konqresinin səmərəli fəaliyyəti dünyanın digər ölkələrində fəaliyyət göstərən diaspor və lobbi təşkilatlarımız üçün də müsbət örnək rolunu oynaya bilər. Biz GAK-ın rəhbərliyinə və bütün üzvlərinə bundan sonrakı fəaliyyətlərində, gələcəyə yönəlmiş tədbirlər planı və “yol xəritəsi”nin icrasında bol uğurlara imza atmalarını diləyirik. Xalqımızı ləyaqətlə təmsil edən bütün soydaşlarımızla qürur duyuruq! Gücümüz birliyimizdə, həmrəyliyimizdədir!

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər