star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Ramana kəndinin toponimi

Ramana kəndinin toponimiBakının Ramana kəndi Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. Bu kəndin qədimliyi məni kiçik yaşlarımdan özünə cəlb edirdi. Mən həm də Ramananın köklü nəsillərindən biri olan Xəlifə Əli (Xəlifəlililər) nəslindən Hüseyn oğlu Səfərəli oğlu Ağaməhəmməd oğlu Nurməhəmməd oğlu Məşədi Qurban oğlu Qulamhüseyn oğlu Adil oğlu Qulamhüseyn Ramana kəndində anadan olmuşam, ilk addımlarımı da bu torpaq üzərində atmışam.

Kəndi gəzib qayaüstü təsvirlərə toxunarkən, qədim zamanlarda burada yaşamış insanların hərəkətlərini hiss etmək olur, çünki onlar bizim əcdadlarımızdır. Mənə hər zaman maraqlı idi ki, görəsən niyə bu kəndə Ramana ismi verilib? Kimdən soruşsam da hər kəs mənə “Ramana” sözünün mənasının dörd versiyasını deyirdi. Hətta əksər kitablarda da belə yazılırdı. Amma mən elə düşünürdüm ki, “Ramana” sözü daha qədimdir. Bu səbəbdən də, “Ramana” sözünün etimologiyasını araşdırmağa başladım.

“Ramana” sözünə yalnız Azərbaycanda deyil, dünyanın bir çox yerlərində də rast gəlmək olar. Bəzi ölkələrdə isə “Ramana” kişi, şəxs adı kimi işlənir.

Toponimlər və şəxs adları:

Ramana – Hindistan, Pakistan və Nepalın müxtəlif ərazilərində yer adı;
Ramana və ya Raman – Hindistan və Pakistanda şəxs adı;
Ruman – İsrailin şimalında ərəb kəndi;
Rama – Hinduizmdə ilah, Vişnunun yeddinci avatarı, Vişnunun 394-cü adı;
Rama – Sanskrit dilində “qara”, “tünd”;
Ramayana – Qədim hind eposu, sanskrit dilində “Ramanın yolu” mənasını ifadə edir;
Ramna Kali Mandir – Banqladeşin paytaxtı Dəkkədə hinduist məbədi və istirahət parkı;
Roman – Bulqar türklərinin xanı (977–997);
Roman – Bulqarıstanın Vraça rayonunda şəhər;
Romanı – Rusiya, Ukrayna, Belarusda kənd adı;
Romani – Polşada kənd adı;
Romana - İtaliyanın Sardinya bölgəsində kənd;
“Ramana” sözü müxtəlif cür səslənsə də, eyni kökdən qaynaqlanır (Tanrı)

Azərbaycanda isə “Ramana” sözünün toponimi bir neçə ehtimaldan ibarətdir:

I

Ramana - Rəhmani - رحمٰني Rəhman - رحمٰن Tanrının adlarından biridir. Rəhmani isə “Tanrıya aid olan, məxsus olan” mənasındadır. Sondakı “i” şəkilçisi nisbət bildirir. “Rəhmani” ərəb mənşəli sözdür, bu söz VII əsrdən öncə Azərbaycanda işlənməmişdir. VII əsrdən sonra isə “Nəşri-maarif” cəmiyyətinin dövlət arxivində saxlanılan materiallarında göstərilir ki, Bakı qəzasında Rəhmani adlı bir kənd vardır.

Əgər kəndin adı əvvəllər Rəhmani, daha sonra isə dəyişdirilərək Ramana adlandırılmış olsaydı, kənd əhalisi müsəlman olduğuna görə Tanrının (Rəhman) adını dəyişdirib Ramana olmasına qəti etiraz bildirərdi. Bakının Məhəmmədi kəndi islam peyğəmbəri Məhəmməd s.ə.v adını daşıyır. Əgər islami adlar dəyişdirilsəydi, ilk öncə bu adı dəyişdirərdilər. Ehtimal olunur ki, kəndin adını islamlaşdırmaq (bu da Azərbaycanda görülmüş bir tarixdir) üçün “Ramana” sözünü dəyişib “Rəhmani” deyirmişlər. Həmin zamanlarda “Rəhmani” sözü yazılı mənbələrdə əks olunsa da, sonradan öz qədimi adına qayıtmışdır.
El içində isə Rəhmani - rəhimli insanların kəndi və yaxud rəhmani sülaləsinin yaşadığı yer kimi izah olunur.

II

Ramana – Rahmane deyilir, fars dilində راه - Rah “yol” مانع - mane “maneə” yəni “maneəli yol, yolda qalmaq” mənasındadır. Ramana kəndinin coğrafiyasına baxdıqda görürük ki, Ramana kəndi Abşeron yarımadasının mərkəzində uzunsov, hündür qayalar üzərində yerləşir. İnsanlar bu qayalıqda məskən saldığı üçün min illərdir bu qayalığa torpaq daşınır. Hal-hazırda Ramana kəndini uzaqdan seyr etdikdə görə bilərik ki, hündür təpəlik üzərində yerləşir, amma kəndin şimal hissəsindən baxdıqda qayalıq görünür. Vaxtilə kəndin mərkəzinin 90 %-i qayalıq olub. Sakinlər yuxarı, yəni mərkəzə doğru köç etdikcə tikililər qayalığın üzərini bağlayıb. Buna sübut olaraq, Ramana qalasının yerləşdiyi qayalığı göstərmək olar. Qalanın 1940-cı illərdə çəkilmiş fotosuna baxanda görürük ki, qalanın alt hissələri sıldırım qayalıqdır. Bu gün isə həmin qayalığın üzəri torpaqla örtülüb.

Eramızın əvvəllərində bu yer qayalıq olduğu üçün keçən karvanlara mane olurdu. Məsələn, Bakının qərbindən şərqinə doğru yük arabası və yaxud yüklə dolu dəvə karvanı ilə getmək istəyənlər yaxın yol olaraq Ramana kəndinin içərisindən keçməli idilər. Ramana kəndi hündür qayalıq olduğu üçün, yüklə dolu karvanlar o qayalıqdan keçməyə çətinlik çəkirdilər. Bu səbəbdən də, karvanlar yollarını bir qədər uzadaraq kəndin şimalından keçib gedərmişlər. Məhz buna görə də, kənd maneəli yol, yəni Rahmane adlandrılıb. Bu söz, yuxarıda qeyd etdiyim kimi fars mənşəli sözdür və III-VII əsrlərə aid edilir.

Ramana – Rahnuma deyilir, farsca راه - Rah “yol”, نما - numa “göstərən, yol göstərən, bələdçi” mənasını bildirir. Ramana kəndi Abşeron yarımadasının mərkəzində hündür ərazi olduğu üçün ehtimal olunur ki, Bakının müxtəlif yerlərindən hər hansı bir yerə getmək istəyənlər bu mərkəzdə yerləşən hündür yeri istiqamət tutaraq gedərmişlər. Ona görə də, bu hündür yer Rahnuma - yol göstərən adlandırılıb.

Bildiyimiz kimi, Ramana kəndi hündür qayalıq olduğu üçün karvanların buradan keçməsi məqsədəuyğun deyildi. Bakı amfiteatra bənzədiyinə görə, karvanların yol istiqamətini düzgün tutması üçün bu hündür qayalığa ehtiyac qalmırdı.
Ramana - Rəmanı رم - Rəm (ram) – hürkmə, qorxub qaçma. رمه - Rəmə (rama) – sürü, ümumi məna heyvandarlığa bağlı yer.
Rahnuma və Rəmanı fars mənşəli sözlərdir, III – VII əsrlərə aid edilir.

Bəzi tədqiqatlara görə, oykonim qədim fars dilində rama (xalq qoşunu, qeyri – nizami qoşun) sözündən və -na sözdüzəldici şəkilçisindən ibarət olub, “qoşun yeri, qoşun qalan yer” mənasındadır. Oykonimin toponimik termin olan rəmə (kələ - kötür yer, çala – çuxur) sözündən olması da mümkündür.

III

Ramana – Romana. Azərbaycanın görkəmli tarixçisi Sara Aşurbəyli və əslən ramanalı olan yazıçı Seyran Vəliyev Ramana adını romalıların məskəni kimi təqdim edirlər. Hətta XIII əsrdə Bar Ebreyin Kiçik Asiyada Ramana adlı yerin olduğunu qeyd etməsi, görünür həm də Roma istilası ilə bağlıdır. Bildiyimiz kimi, eramızın əvvəlləri 84-96-cı illərdə Roma imperiyasının Fulminata (ildırım sürətli) XII legionu Qobustan ərazisində olmuşdur. Bu gün də Qobustan qoruğunda yerləşən Böyükdaş dağının ətəyində, qaya üzərində latın əlifbası ilə yazılmış romalılara aid yazı qalmaqdadır. Sara Aşurbəylinin fərziyyəsinə görə, XII legionun bir qisim əsgərləri Ramanaya gəlmiş və orada düşərgə salmışlar. Ramana kəndi Abşeron yarımadasının mərkəzi və hündür qayalıq olduğu üçün strateji baxımdan əhəmiyyətli idi, məhz bu səbəbdən də ildırım sürətli XII legionun əsgərləri burada yerləşmişdir. Romalılar hansı ərazilərdə olurdularsa orada öz izlərini qoyurdular, Qobustanda olduğu kimi -“IMP DOMITIANO CAESARE AVG GERMANICO LVCIVS IVLIVS MAXIMVS LEGIONIS XII FVL”.

Mətnin tərcüməsi: “MÜQƏDDƏS QEYSƏR İMP DOMİTİANO GERMANİKO LUSİUS YULİUS MAKSİMUS XII FUL (fulminata – ildırım sürətli) LEGİON”.
Hal-hazırda Ramana kəndinin şimalında qaya üzərində romalıların işlətdiyi latın əlifbasından 6 hərfli söz mövcuddur. Bu söz tərcümə olunsa və həqiqətən də romalıların yazısı olsa, Sara Aşurbəylinin fərziyyəsi möhkəmlənəcək.

IV
(Qulamhüseyn Qurbanov Xəlfəli)
Ramana – Ramana. Qədim inanclarda Tanrı deməkdir, çəmənlik (otlaq, böyüyən çəmənlik, əkin yerinə işarə olunur) tanrısı mənasındadır. “Ramana” sözü heç bir zaman dəyişilməyib, qədim inanclara görə Ramana kəndinin adı relyefinə görə qoyulub. Bildiyimiz kimi, Ramana Abşeron yarımadasının mərkəzində hündür qayalıq üzərində yerləşir. Kəndin şimalından başlayaraq indiki Zabrat, Maştağa, Bilgəh, Buzovna, Şağan, Mərdəkan, Qala, Suraxanı və Ramana kəndlərini birləşdirən bir ərazi var. Bu ərazi Bakıda yeganə geniş düz ərazi olduğu üçün, hal-hazırda mərkəzində hava limanı yerləşir. Bu kəndləri birləşdirən ərazinin adı isə “Təmənis”dir. “Təmənis” sözünün mənası “müqqəddəs yer”, əkin yeri deməkdir, Ramana isə Təmənisin baş tərəfində yerləşən hündür qayalıqdır. Bu qayalığa isə “Ramana çəmənlik tanrısı” deyilib. Bu uzunsov, hündür qayalığın “çəmənlik tanrısı” adlandırılması yalnız əzəmətli qayalıq olduğu üçün deyildi. Bu qayalıqlarda Qobustanda olduğu kimi tunc dövrünə aid qayaüstü təsvirlər mövcuddur. Erkən tunc dövrü e.ə. III minillik, yəni 5 min il bundan əvvələ təsadüf edir. Təsvirlərdə keçi, öküz, böyük buynuzlu maral və keçi qarşısında ilan müşahidə olunur. Böyük buynuzlu maral günəş rəmzi, müqqəddəs bir simvol sayılır. Keçi qarşısında ilan dini etiqadları özündə əks etdirir. Bundan savayı, qayalar üzərində müxtəlif fikirləri ifadə edən işarələr ovulmuşdur. Qayalığın bəzi yerlərində isə türk tayfalarına aid damğalar vardır, hətta 1924-cü ildə ərazidən qədim insan qalıqları da aşkar olunmuşdur. İnsan qalıqlarının uzunluğu təqribən 3.80 m ölçüdə müşahidə olunurdu.

Başqa qayalıq ərazilərdən fərqli olaraq, bu qayalıqda kifayət qədər su ehtiyatı olub. Ərazidən çıxan su içməli su olduğu üçün istifadəyə yararlı idi. Hündür, uzunsov qayalığın dörd bir yanından (təmənis) istiqamətinə bir neçə bulaq axardı, hətta təmənisə axan bulaqlardan biri XIX əsrin sonlarına kimi axıb. El arasında ona Fərman bulağı deyilib. Kəndin içərisində neft quyuları qazıldıqdan sonra bulaqlar öz səmtini dəyişib neft quyularına və qayalar arasına axmağa başlayıb. Buna bariz nümunə olaraq, Ramana kəndinin mərkəzində Vəli Vəliyev küçəsindəki Novruzqulu hamamının qarşısında yerləşən iaşə obyektinin altından, Baba Babazadə küçəsindəki iki mərtəbəli evin tinindən və Mirəsədulla Qafarov küçəsindəki yaşayış evinin altından kiçik həcmli bulaqların çıxmasını və 2020-ci ildə Cəfər Cabbarlı küçəsində yerin altında qaya arasında böyük həcmdə sürətlə su axıntısının müşahidə olunduğunu göstərmək olar. Bildiyimiz kimi su həyat mənbəyidir, su olan yerdə bitkilər, heyvanlar və insanlar yaşayar. Ramana qayalıqlarının şərq hissədə bitdiyi yerdən Təmənis başlayır.

Təmənisin ərazisi münbit olduğundan, bu sahə əkin üçün əlverişli olub. Bu səbəbdən də həmin yeri Təmənis – “müqəddəs yer” adlandırıblar. Qədim insanlar Ramana qayalıqlarında məskunlaşıb, Təmənisdə isə əkinçiliklə məşğul olublar. Bu qayalıqlar su mənbəyi olduğu üçün, əhali bu yeri Ramana – “çəmənlik tanrısı” adlanddırmışlar. Bu adın tarixi isə e.ə. I minilliyə, yəni 3000 il bundan öncəyə təsadüf edir. Bəlli olur ki, Ramana kəndinin qədimliyi beş min ilə qədər uzanır.

“Ramana” sözünün etimologiyasına dair apardığım kiçik araşdırmamın gələcək tədqiqatçılar üçün ipucu olacağına ümid edirəm.

İSTİNADLAR:
1. Azərbaycan coğrafi adları, coğ. e. n. Yüzbaşov Rəmzi Mövsüm oğlu, səh. 58, Bakı: Azərnəşr, 1969.
2. AMEA, Azərbaycan toponimlərinin ensiklopedik lüğəti, iki cilddə
ikinci cild səh. 164, ŞƏRQ-QƏRB, Bakı 2007
3. Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili
4. Ahura Mazda himni (Yəşt 1. «Hörmuzd – yəşt») səh. 34
Mitra himni (Yəşt 10. «Mihr-yəşt») səh. 76, səh. 128
Avesta seçilmiş himnlər, «APOSTROFF» BAKI – 2017
5. Bakı kəndləri, Nazilə Tahirova, səh. 30-31, Bakı-2018
6. История города Баку: период средневековья, Ашурбейли Сара, стр. 31, Баку, Азернешр, 1992;
7. Təmənis, Tarix elmləri üzrə fəlsəfə doktoru Ələkbər Ələkbərov
8. АВЕСТА (1861-1996) – Видевдат 3 Земля, стр. 86, Перевод В. Ю. Крюковой
9. Тайны Баку, Сейран Велиев, стр. 117, Баку – 2019
10. Köhnə Bakı, Hüseynqulu Sarabski, səh. 125, Bakı – 1982
11. Древний, древний Азербайджан, Сейран Велиев, стр. 76– 84, Баку – 1987
12. Toponimlərin açılmayan sirləri, Şakir Qabıssanli, səh. 90, Bakı-«Təknur»-2013
13. ТОПОНИМИЯ АЗЕРБАЙДЖАНА (историко-этнографическое исследование)
Г. А. ГЕЙБУЛЛАЕВ, стр. 99-100, Баку — Элм — 1986
14. AMEA, AVESTA AZƏRBAYCAN XALQININ MƏNƏVİ MƏDƏNİYYƏT TARİXİDİR, Elməddin Əlibəyzadə, səh. 103, BAKI - 2005

Qulamhüseyn Qurbanov Xəlfəli
Ramana tədqiqatçısı

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər