Yaşanmış faciə
Tarixin ən dəhşətli faciəsi olan Xocalı soyqırımının törədilməsindən 32 il ötür. Azərbaycanın Xocalı şəhəri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçıları tərəfindən yerlə-yeksan edilib. Erməni şovinistlərinin qəddarlıqla həyata keçirdiyi bu amansız və qanlı cinayətdə Xocalı şəhərinin sakinləri son anadək özlərini qəhrəman kimi aparıb, axır nəfəslərinədək vuruşaraq düşmən qarşısında əyilməyiblər. Ümummilli liderimiz Heydər Əliyev bu faciəni bəşəriyyətə qarşı yönəlmiş ən qəddar soyqırımı kimi dəyərləndirərək deyirdi: “Xocalı faciəsi bir tərəfdən hər bir Xocalı sakininin öz torpağına, millətinə, Vətəninə sədaqətliliyinin nümunəsidir. İkinci tərəfdən də Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımdır – vəhşiliyin görünməmiş bir təzahürüdür”.
Xocalı mühüm geostrateji mövqeyi ilə seçilir. Qarabağdakı yeganə hava limanı da məhz burada yerləşirdi. Ermənilərin diqqətini Xocalıya yönəltməsinin əsas səbəbi də bu şəhərin işğal edilməsi ilə Dağlıq Qarabağa nəzarətin tam ələ keçirilməsi, eyni zamanda hava limanı vasitəsilə Ermənistanla daha rahat əlaqə yaradılmasına nail olmaq idi. Strateji mövqeyi ilə yanaşı, Xocalı həm də ölkəmizin zəngin tarixə malik ərazilərindən biridir.
Faciə günü Xocalı şəhərini tərk edən əhali pusquya salındı və Naxçıvanlı, habelə Pircamal kəndləri yaxınlığında erməni hərbi postları tərəfindən ya atəşə tutularaq qətlə yetirildi, ya da əsir götürüldü. Hücum başladıqdan sonra şəhərdə qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd etdilər. Əsasən qadın və uşaqlardan ibarət əhalinin qalan hissəsi dağlarda hərəkət edən zaman donvurma nəticəsində həlak oldular.
Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan edildi. Həmin faciəvi gecə zamanı 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edildi və onlardan 76 nəfəri uşaqlardan ibarət idi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi.
1992-ci ilin fevralın 28-də tərkibində yerli jurnalistlər də olan qrup 2 vertolyotla azərbaycanlıların həlak olduqları yerə çata bildilər. Gördükləri mənzərə hamını dəhşətə gətirdi – düzənlik cəsədlərlə dolu idi. İkinci vertolyotun havadan mühafizəsinə baxmayaraq, ermənilərin güclü atəşi altında ancaq 4 meyiti götürmək mümkün oldu. Həmin ilin martın 1-də yerli və xarici jurnalistlərin iştirakı ilə hadisə yerində daha da dəhşətli vəziyyət müşahidə olunmuşdur. Meyitlərin skalplarının götürülməsi, qulaqlarının və digər orqanlarının kəsilməsi, gözlərinin çıxardılması, ətrafların kəsilməsi, çoxsaylı bıçaq və güllə yaraları, ağır texnika ilə əzilmələr, yandırılma halları aşkar edilmişdir.
Ulu öndərin 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra isə Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilmişdir. Bu soyqırımı haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görülmüşdür. 1994-cü ilin fevralında ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi Xocalıda baş vermiş hadisələri geniş təhlil edərək “Xocalı Soyqırımı Günü haqqında” Qərar qəbul etmiş, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq dünya ictimaiyyətini erməni terrorizminə qarşı qəti tədbirlər görməyə çağırmışdır. Qəbul edilmiş qərara əsasən bəşər tarixinin qanlı səhifələrindən olan Xocalı hadisələri ilə əlaqədar hər il fevralın 26-sı “Xocalı Soyqırımı Günü” elan olunmuşdur.
Ulu Öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir.
“Soyqırımı” anlayışının hüquqi mənası BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli 260 A (III) saylı qətnaməsi ilə qəbul etdiyi “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında” Konvensiya ilə müəyyən edilmişdir və hər hansı milli, etnik, irqi və ya dini qrupların tam və ya qismən məhv edilməsi niyyəti ilə növbəti hərəkətləri bildirir: belə bir qrupun üzvlərinin qətlə yetirilməsi; belə bir qrupun üzvlərinə ciddi bədən xəsarətləri və əqli pozğunluq yetirilməsi; hər hansı belə bir qrup üçün qəsdən onun tam və ya qismən məhvinə hesablanmış həyat şəraitinin yaradılması; belə bir qrup arasında uşaq doğumunun qarşısının alınmasına hesablanmış tədbirlər; uşaqların zorakılıqla bir insan qrupundan digərinə verilməsi kimi təzahür olunur.
Azərbaycan dövlətinin apardığı uğurlu xarici siyasət nəticəsində dünya dövlətləri də artıq ermənilərin törətdikləri bu soyqırımına öz münasibətlərini bildirir və Xocalıda törədilmiş qətliamı kəskin pisləyirlər. Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmışdır. Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul edilmişdir.
Xocalı soyqırımı ABŞ-ın 30-dan çox ştatının qanunvericilik qurumları və qubernator proklamasiyaları səviyyəsində tanınıb. 2013-cü ilin fevral ayında Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransının 12-ci sessiyasında qəbul olunan Yekun Kommünikedə üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çağırılırlar. Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən etmişdir.
“Xocalıya Ədalət” kampaniyasının təşəbbüskarı və müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır. “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilmişdir. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir. 100 minlərlə şəxs və 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələrdə təşviqat, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan səmərəli vasitələri təşkil edir.
Ermənistanın daim mülki əhalini hədəf seçən təxribatlarına və hərbi təcavüzünə cavab olaraq, Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı. 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı əzəli torpaqlarının işğaldan qurtarılması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilməsi və tarixi ədalətin bərpa edilməsi uğrunda Vətən müharibəsinə qalxdı.
Vətən müharibəsinin gedişatında Ermənistanın Gəncəni, Bərdəni, digər şəhər və kəndlərimizi kütləvi məhvetmə imkanlarına malik ballistik və reaktiv raketlərlə, kasetli bombalarla hədəfə alması bir daha sübut etdi ki, zamanla metodlar dəyişsə də, mülki əhaliyə qarşı qanlı cinayətlər törətmək Ermənistan tərəfinin daim həyata keçirdiyi dövlət siyasətidir. 44 gün sürən döyüşlər nəticəsində rəşadətli Azərbaycan Ordusu parlaq qələbə qazanaraq doğma torpaqlarımızı işğaldan azad etdi.
Hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar minlərlə insanın iştirakı ilə “Ana harayı” abidəsi önündə anım mərasimi keçirilir. Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Bakıda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə ümumxalq yürüşü keçirilmişdir.
Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir ki, Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir. Elə məhz Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbəliyi ilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir. Erməni işğalına, zülmünə son verilmişdir. Xocalı şəhidlərinin qanı yerdə qalmamışdır.
Mehriban İsrafilova
Xətai rayon İcra Hakimiyyəti-baş məsləhətçi