Sizin Reklam Burada

Allah üçün çalışan adam…

Allah üçün çalışan adam…Zadəganlara xas olan davranış, aristokratlara məxsus kübarlıq ona İlahidən verilən paydır. Ruhən azad olduğundan müstəqil qərarlar verməyə qadirdir. Necə deyərlər, ədəb-ərkan sahibidir, qaydalara riayət etməyi xoşlayır. Dostluqda sədaqətli və təəssübkeşdir. Mehriban, gülərüz, istiqanlıdır. İncə yumor hissinə malikdir, həmsöhbətində şən ovqat yarada bilir. Yersiz danışmır, sözü zamanında, yerində söyləyir. Heç vaxt heç nədən gileylənmir, şükür etməyi bacarır. Qeybətdən, dedi-qodudan çox uzaqdır, harada başladısa, oranı tərk edir. Xeyir-şərdən qalmır, xeyriyyə işlərində öndə olmağa səy göstərir. İti zəkası, dərin təfəkkürü, ağayanə hərəkətləri onu el-oba içində ağsaqqal səviyyəsinə yüksəldə bilib. İçi həyat eşqi ilə dolu adamdır...

Deyir ki,- "Dünya fani dünyadır, insanlar isə gəldi-gedər. Gərək elə yaşayasan ki, adın çəkiləndə heç kim ağız büzməsin. Allahdan çox razıyam. Həyatım rəvan keçib, rahat yaşamışam. Doğrudur, çətinliklərim çox olub, amma sıxıntıya çevrilməyib…”

Taleyinə gözəl bir ömür düşüb. Allah ondan heç nəyi əsirgəməyib. Həmişə başı uca, alnıaçıq olub. Yaşadiği şəhərdə sayılıb seçilən kişilərdəndir. Əl tutmağı, ona pənah gətirənləri sevindirməyi, xeyirxahlığı bacarır. Ata yurdunda körpü saldırıb, kənd məscidinin tikintisinə maddi dəstək olub. Yaşadiği Sumqayıt şəhərində isə abadlıq işlərinə dəfələrlə maddi yardımlar edib, neçə-neçə imkansız tələbənin təhsil haqqını ödəyib, xəstələrin müalicəsinə vəsait ayırıb, kasıblara əl tutub. Bir sözlə, səxavətli adamdır...

Haqqında söhbət açdığım Bəylər Əzizov 1960-cı ildə dünyaya gəlib. 1977-ci ildə orta məktəbi bitirib. 1978-1980-ci illərdə hərbi xidmətdə olub. Sonra Moskva Yeyinti Sənayesi İnstitutunda çörək sənayesi üzrə ali təhsilə yiyələnib. Əmək fəaliyyətinə Sumqayıtda başlayıb. Əvvəlcə təmir-tikinti idarələrindən birində çilingər, sonra "Azərkimyatəmir" trestinin komsomol təşkilatının katibi işləyib. Daha sonra isə Sumqayıt Çörək Zavodunda sıravi işçidən müəssisənin sədr müavini vəzifəsinədək yüksələ bilib. Bir müddət Sumqayıt Bələdiyyəsində komissiya sədri kimi fəaliyyət göstərib...

"Mənim ən böyük arzum Qarabağın düşməndən azad olunması idi. Şükür Allaha ki, bunun da şahidi olduq. Deməli, köçkünlərimiz tezliklə öz dədə-baba yurdlarına qayıdacaqlar. Buna görə şəhid qardaşlarımızın ruhlarına, o cümlədən, Ali Baş Komandana minnətdar olmağı bacarmalıyıq..."- söyləyir...

Doğma Xəzərin vurğunudur. Hər gün sübh tezdən onu ziyarətə gedir. Dənizin sahilində gəzməkdən zövq alır. Hələ də şuxluğunu itirməyib. Bu yaşında futbol, valeybol oynamaqdan çəkinmir...

Bir gün Allah peyğəmbərlərdən birinə sual verir:

- Ey peyğəmbər, de görüm mənim üçün nə etmisən?

- İbadət etmişəm, İlahi.

- Onu özün üçün etmisən ki, cəhənnəm odundan uzaq olasan. Soruşuram ki, mənim üçün nə etmisən?

- Oruc tutmuşam, Qibleyi aləm!

- Onu da özün üçün etmisən ki, cənnətin qapıları üzünə açıq olsun.

- Bütün ömrüm boyu Səni zikr edib, dualar etmişəm, İlahi.

- Bunu da ona görə etmisən ki, yanımda hörmətin olsun. De görüm, mənim üçün nə etmisən?!

Həzrəti peyğmbər bir qədər susub, yenidən dillənir:

- Ya Rəbbim, başqa nə etməliydim, anlaya bilmirəm.

- De görüm, bir yetimin başını sığallamısanmı, bir imkansıza əl tutmusanmı, bir kimsəsizin ehtiyacını ödəmisənmi? Bax, bütün bunlar mənim üçün görülən işlərdir...
Bəylər Əzizov Hacda, Kərbalada, Məşhəddə olmasa da, bütün ömrü boyu təkcə özünə görə deyil, həm də Allah üçün çalışıb, Tanrının sevdiyi əməllərə sahib olub...
Bəli, illər bir-birini əvəz etdikcə yaş üstünə yaş gəlir. Amma qəm etməyinə dəyməz, hər yaşın öz gözəlliyi, öz təravəti var. Dünən oğul, ata olan gənc Bəylər Əzizov, bu gün bir neçə nəvənin babası, böyük bir elin ağsaqqalıdır.

Fevralın 16-da el ağsaqqalının 64 yaşı tamam olur. Bu münasibətlə onu təbrik edir, möhkəm can sağlığı, firəvan həyat arzulayıram...

Çox yaşa, AĞSAQQAL!

Elman Eldaroğlu

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər