Sizin Reklam Burada

“Gənclər evi” yaxın gələcəkdə çox asanlıqla “Qocalar evi”nə çevrilə bilər - Fazil Mustafanın vəkili

“Gənclər evi” yaxın gələcəkdə çox asanlıqla “Qocalar evi”nə çevrilə bilər - Fazil Mustafanın vəkili2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar İTV-nin radiosunda prezidentliyə namizədlərin ödənişsiz efir vaxtında Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafanın vəkili Könül Quliyevanın çıxışını təqdim edirik:

Hörmətli dinləyicilər, sizi qarşıdan gələn Prezident seçkilərində vəkili olduğum Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafanın adından salamlayır və bugünkü görüşümüzdə də onun bir sıra məsələlərə münasibətini əks etdirən fikirlərini sizinlə bölüşürəm.

Hər bir dövlətin öz gələcəyinə münasibəti ölkə gəncliyinə münasibəti ilə ölçülür. Azərbaycanın da dövlət siyasətinin ayrılmaz tərkib hissələrindən biri gənclər siyasətidir. Bəs “dövlət gənclər siyasəti” anlayışı nə cür izah olunur? Bu – gənclərin öz bilik və bacarıqlarının, təbii potensialının effektli reallaşdırılmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir. Gənclərin hərtərəfli inkişafının, dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsi məqsədilə hazırlanan gənclər siyasəti müvafiq hüquqi sənədlərdə öz əksini taparaq, hökumət qurumları tərəfindən həyata keçirilir. Azərbaycanda dövlət gənclər siyasətinin əsas istiqamətləri “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilib.

Dövlətimiz gənclər siyasətinin hazırlanması və reallaşdırılması üçün kifayət qədər ciddi tədbirlər həyata keçirmişdir. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”, “Xaricdə təhsil üzrə Dövlət Proqramı”, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” kimi olduqca mühüm sənədlər qəbul edilmişdir. Bəs proqram xarakterli bu dövlət sənədlərində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi ilə bağlı vəziyyət nə cürdür? Və bu vəziyyət müasir cəmiyyəti qane edə bilərmi?
Əziz seçicilər, hər bir istiqamət üzrə mövcud problemlərə diqqət yetirmək, bu problemlərin həlli yönümündə təkliflər vermək istərdik.

Birinci istiqamət gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı ilə bağlıdır. Təəssüf ki, bu gün mənəvi-əxlaqi tərbiyə haqqında danışmaq dəbdə deyil – televiziya efiri əksər hallarda yüngül həyat tərzini yorulmadan təbliğ edən, intellektual səviyyəsi və əxlaqi keyfiyyətləri şübhə doğuran şou-biznes nümayəndələri tərəfindən zəbt olunub. İnternet məkanında müəyyən məhdudiyyətlərin tətbiqi barədə heç kəs düşünmür, gündəlik həyatda gənclər milli-mənəvi dəyərlərdən daha çox “dəyərsizliyi təcəssüm etdirən” qərb dəyərlərinə üstünlük verirlər. Gənclərin mədəni həyatda iştirakı yalnız onların ifaçılıq müsabiqələrinə cəlb edilmələri ilə məhdudlaşır. Yalnız ifaçılıq sənəti ilə məşğul olmaq gənclərin mədəni həyatda iştirakı kimi anlaşılır. Niyə gənc aktyorlar və rejissorlar, rəssamlar və heykəltəraşlar, yazıçılar və şairlər üçün yaradıcılıq müsabiqələri keçirilmir və keçirilirsə, niyə ifaçılıq müsabiqələri kimi geniş təbliğ edilmir? Gənclər milli ruhda tərbiyə almalı, xalqımızın əxlaqi və mənəvi dəyərlərini yaşatmağı bacarmalıdırlar. Onların mədəni həyatda inkişafı birtərəfli olmamalıdır.

İkinci istiqamət istedadlı gənclərə dövlət qayğısı ilə bağlıdır. Bu qayğının nədən ibarət olduğu müəyyən dərəcədə müəmmalı görünür. Azərbaycanda istedadlı gənclər az deyil. Elm, təhsil, idman və mədəniyyətin müxtəlif sahələrində fitri istedadları, xüsusi bacarıq və qabiliyyətləri ilə seçilən gənclərə göstərilən qayğı yalnız müsabiqə və sərgilərin təşkili ilə məhdudlaşır. İstedadlı gənclər üçün təhsil və məşğulluqları sahəsində müvafiq şərait yarada bilirikmi? Ali məktəblərə qəbul prosesində və ya işə qəbul zamanı gənclərin istedadları ilə fərqləndikləri nəzərə alınırmı? Niyə istedadlı gənc ali məktəbə qəbul zamanı seçdiyi ixtisas üzrə xüsusi bilik və bacarıqlara malikdirsə, bu cür istedada sahib olmayanlarla eyni şərtlər əsasında imtahan verir? Bir çox xarici ölkələrdə yeniyetmə və gənclərin kəşfləri və ixtiralarına xüsusi diqqətlə yanaşılır, onlar geniş ictimaiyyətə təqdim olunurlar, barələrində kitablar nəşr olunur, verilişlər hazırlanır. Niyə ölkəmizin istedadlı gənclərini tanımırıq? Niyə onları tanıtmırıq?

Respublikanın bütün bölgələrində inşa olunmuş “Gənclər evi” adlı məkanlar niyə bu funksiyanı yerinə yetirməkdə maraqlı deyil? Ümumiyyətlə, etiraf etməliyik ki, Gənclər evləri şəhər və rayonlarda idmanın inkişafına xidmət göstərməli olan Olimpiya idman kompleksləri kimi durğunluq dövrünü yaşayırlar. Bu cür gedişlə hər hansı bir “Gənclər evi” yaxın gələcəkdə çox asanlıqla “Qocalar evi”nə çevrilə bilər. Məhz bu məqsədlə dövlət tərəfindən “Azərbaycan Gəncliyi: 2025-2050” Strateji Dövlət Proqramının hazırlanması və təsdiq edilməsi məqsədəuyğun hesab edilə bilər.

Hörmətli radio dinləyiciləri, əziz seçicilər, gənclər siyasətinin digər mühüm istiqaməti gənclərin sağlamlığının qorunması və fiziki inkişafı ilə bağlıdır. Bu gün ölkə prezidentinin xüsusi diqqət və qayğısı sayəsində respublikamızda bədən tərbiyəsi və idmanın inkişafı üçün münbit şərait yaranmışdır. Təəssüf ki, aidiyyəti dövlət qurumları bu şəraitdən yetərincə istifadə edə bilmir. Bölgələrdə inşa edilmiş çoxsaylı idman qurğuları – stadionlar, idman və trenajor zalları, şahmat məktəbləri və idman meydançaları nadir hallarda oyun və yarışlara ev sahibliyi edirlər.

Yeniyetmə və gənclərin təkcə sağlam həyat tərzinə cəlb edilməsində, fiziki inkişafına nail olunmasında deyil, həm də onların vətənpərvərlik ruhunun yüksəldilməsində, hərbin sirlərinə yiyələnməsində və çağırışaqədərki gənclərin hərbi xidmətə hazırlanmasında xüsusi əhəmiyyət kəsb edən müxtəlif növ idman tədbirlərinin bu məkanlarda təşkili və keçirilməsi hər zaman diqqət mərkəzində olmalıdır. Bölgələrdə gənclərlə iş, bədən tərbiyəsi və idman sahələrində dövlət siyasətini həyata keçirməli olan Gənclər və İdman idarələri fəaliyyət göstərdikləri ərazidə hər növ idman qurğularının təkcə idmançılar üçün deyil, məktəblilər və tələbələr, ümumiyyətlə bölgənin bütün yeniyetmə və gəncləri üçün əlçatanlığının təmin edilməsində maraqlı olmalıdır.

Gənclərin sağlamlığının qorunmasına yalnız bədən tərbiyəsi və idmanın təbliğ edilməsi ilə deyil, həm də maarifləndirmə işinin təkmilləşdirilməsi ilə nail olmaq olar. Bu gün narkomaniya gənclərimiz üçün bir bəlaya çevrilmişdir. Rəsmi statistikaya görə, bu gün ölkədə 40 minə yaxın narkotik istifadəçisi var ki, onların da əksəriyyəti gənclərdir. Qeyri-rəsmi statistika isə fərqli rəqəmlər səsləndirir.

Əlbəttə kütləvi hal almış bu bəlanın qarşısını almaq çox çətindir. Amma mümkündür. Bu sahədə maarifləndirmə işini genişləndirməli və təkmilləşdirməliyik. Təhsil müəssisələrində mütəmadi olaraq həkim və mütəxəssislərlə məsləhət saatları təşkil olunmalıdır. Narkomaniyaya qarşı mübarizə yalnız xəbər formatlı televiziya proqramlarında bu mövzuda kriminal xəbərlər təqdim etməklə məhdudlaşmamalıdır. Dövlət qurumları, vətəndaş cəmiyyəti təmsilçiləri daha təsirli üsullardan istifadə etməli, maarifləndirmə işini daha məzmunlu və mənalı təşkil etməlidirlər.

Əziz seçicilər, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafanın “1Həyati+50 Vacib MƏSƏLƏ” adlı seçki platformasında xüsusi yer alan Gənclər siyasətinin əsas istiqamətlərindən biri də gənc ailələrə dövlət yardımının göstərilməsidir. Dünyanın inkişaf etmiş bir çox ölkələrində ailə institutunun böhranla üzləşdiyi, onun mövcudluğunun təhlükə altına düşdüyü hər birimizə məlumdur. Xalqımızın milli-mənəvi dəyərlərinin mənbəyi, dövlətimizin sarsılmaz dirəyi olan ailəyə daim diqqət və qayğı ilə yanaşmalı, xüsusilə də gənc ailələrin problemlərinin həllində yardımçı olmalıyıq.

Hesab edirik ki, gənc ailələrə ilkin mərhələdə mütləq qaydada dövlət tərəfindən maddi yardım göstərilməli, onlara bir müddət güzəştli vergi sistemi tətbiq edilməli, işləyən gənc anaların əmək haqqına övladları 6 yaşına çatanadək sosial yardım əlavə edilməli, onların gündəlik iş saatı 6 saat, həftəlik iş günü 4 gün olmalıdır. Gənc analar övladlarını müşayiət edərkən nəqliyyatdan pulsuz istifadə etmək hüququna malik olmalıdırlar. Özəl tibb müəssisələrində 3 yaşına kimi körpələrə pulsuz tibbi xidmət təşkil olunmalıdır. Yalnız bu halda gənc ailə öz üzərində dövlətin sosial yardımını hiss etmiş olar.

Gənclər siyasətinin digər bir istiqaməti də gənclərin məşğulluğunun təmin edilməsi, biznes fəaliyyətinin təşkilinə, kiçik və orta sahibkarlığa cəlb edilməsinə, karyera quruculuğuna dəstək göstərilməsidir. Təhsil müəssisələrini bitirmiş gənclər bir çox hallarda işsiz qalır və ya ixtisaslarına uyğun olmayan işlə məşğul olmaq məcburiyyətində olurlar. Məsələyə köklü şəkildə yanaşmanı vacib hesab edirik və düşünürük ki, gənclərin işlə təmin olunmasında proqnozlaşdırma və planlaşdırma kimi amillərə mütləq qaydada üstünlük verilməlidir.

Hörmətli dinləyicilər, sizi fevralın 7-də keçiriləcək prezident seçkilərində Fazil Mustafaya səs verməyə dəvət edirəm.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər