Komitədə ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib
Yanvarın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Kollegiyasının 2023-cü ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
Kollegiya iclasını Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı giriş sözü ilə açaraq 2023-cü ildə Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda sosial-iqtisadi, siyasi, diplomatik sahələrdə bir çox ciddi uğurlara imza atıldığını, bu uğurların təməlində ölkəmizdə hökm sürən demokratik şərait, vətəndaş cəmiyyəti, xalq-hakimiyyət vəhdətinin böyük əhəmiyyətinin olduğunu qeyd edib.
Qazanılmış zəfərlər sırasında ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası, erməni separatizminə son qoyulması vurğulanıb. 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsinin əhəmiyyətinə də diqqət çəkən Komitə sədri Bakı və regionlarda Ulu Öndərin zəngin irsinin əhatəli təbliğinə həsr olunan yüzlərlə tədbirin keçirildiyini, sənədli filmlərin çəkildiyini, o cümlədən kitabların nəşr edildiyini bildirib. Ümummilli Liderin müəyyən etdiyi yolun Azərbaycanı böyük uğurlara apardığını qeyd edən M. Qurbanlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə sistemli və ardıcıl xarakterli uğurlu layihələrin həyata keçirildiyini, vətəndaşların dini etiqad azadlığının təminatı sahəsində də atılan addımların müsbət nəticələr verdiyini, həmçinin dini sahəyə diqqət və qayğı ənənəsinin davam etdirildiyini söyləyib.
Ötən il Prezident cənab İlham Əliyev, birinci xanım Mehriban Əliyevanın Şuşada Yuxarı Gövhər Ağa və Saatlı, Bakı şəhəri Nərimanov rayonu, “Cümə” məscidlərinin açılışında iştirak etmələrini, ölkədəki dini konfessiyaların fəaliyyətini dəstəkləmək məqsədilə dini qurumlara maliyyə yardımının göstərilməsini, Azərbaycan İlahiyyat İnstitutunun nəzdində Bakı İlahiyyat Kollecinin yaradılmasını dövlətin milli-mənəvi və tolerant dəyərlərin, o cümlədən İslam ənənələrinin qorunması ilə bağlı ardıcıl siyasətin təzahürü kimi qiymətləndirib.
Komitə, tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu, Azərbaycan İlahiyyat İnstitutunun ötənilki fəaliyyətinə toxunan M.Qurbanlı dini icmaların fəaliyyətinə dəstəyin göstərilməsi, dini təhsilin gücləndirilməsi, milli-mənəvi dəyərlərimizə yad ideoloji təlimlərin yayılmasına qarşısının alınması istiqamətində reallaşdırılan layihələr barədə söz açıb. Komitə ilə Səudiyyə Ərəbistanı Krallığının İslam Məsələləri, Çağırış və İrşad Nazirliyi, Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyi, Qırğız Respublikasının Dini İşlər üzrə Dövlət Komissiyası arasında imzalanan memorandumların önəmini xatırladıb.
Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev Agentliyin 2023-cü ildə fəaliyyəti barədə məlumatı diqqətə çatdırıb. Bildirib ki, dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi məqsədilə hər ay dini icma sədrlərinin iştirakı ilə iclaslar təşkil olunur.
Agentlik, həmçinin vaxtaşırı bölgələrdəki ibadət yerlərində dini durumu yaxından öyrənib, məzhəb ayrı-seçkiliyi zəmnində baş verə biləcək halların vaxtında qarşısının alınması istiqamətində profilaktik tədbirlər həyata keçirib. Qurumun rəhbəri onu da bildirib ki, din xadimlərinin biliklərinin artırılması məqsədilə Sarvanlar, Şərur və Babək rayon məscidlərində qadın və kişilərdən ibarət təkmilləşdirmə kursları təşkil edilib, ötən il kurslarda ümumilikdə 175 nəfər iştirak edib. Hazırda təkmilləşdirmə kurslarında 45 nəfərin təlimi davam etdirilir.
Dövlət Komitəsinin 2023-cü ildə fəaliyyəti barədə hesabatla çıxış edən sədr müavini Gündüz İsmayılov bildirib ki, ötən il Komitədə 2 dini icma dövlət qeydiyyatından keçib. Fəaliyyət göstərən 995 dini qurumdan 958-i İslam, 37-si (xristian – 26; yəhudi – 8; krişna – 1; bəhai – 2 ) qeyri-islam təmayüllü dini qurumlardır. Nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarda), audio və video materialların, mal və məmulatların, dini məzmunlu başqa məlumat materiallarının satışı üzrə ixtisaslaşdırılmış satış məntəqələrinin yaradılması ilə əlaqədar 2 müraciətə müsbət cavab verilib. Hazırda ölkədə 45 ixtisaslaşdırılmış satış məntəqəsi fəaliyyət göstərir. 2023-cü il ərzində idxalla bağlı Komitənin dinşünaslıq ekspertizasına daxil olan müraciətlərə diqqət çəkən Gündüz İsmayılov qeyd edib ki, 4,875 adda dini məzmunlu ədəbiyyat ekspertizadan keçirilib. 938 adda (730,339 ədəd) dini təyinatlı ədəbiyyata isə nəzarət markaları verilib.
“İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən görülmüş işlər barədə də məlumat verən sədr müavini ötən ildə Komitə tərəfindən müsahibələrdən uğurla keçən 137 nəfərin (35 qadın və 102 kişi) məscid və ziyarətgahlara imam, imam müavini, dini ayinlərin icraçısı-müəzzin və qadın dini ayinlərin icraçısı vəzifələrinə təyin olunduğunu, 179 nəfərin fəaliyyətinə xitam verildiyini, habelə 29 nəfər din xadiminin rotasiya qaydasında vəzifəsi və iş yerlərinin dəyişdirildiyini deyib.
O, eyni zamanda Dövlət Komitəsinin milli-mənəvi dəyərlərimizin təbliği, tolerant və multikultural ənənələrimizin təşviqi, ölkədəki dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, vətəndaşlarımızın, xüsusilə gənclərin zərərli dini cərəyanların təsiri altına düşməsinin, o cümlədən din adı altında milli və dövlət maraqlarımıza zidd ideoloji təlimlərin yayılmasının qarşısının alınması məqsədilə müvafiq dövlət qurumları ilə birgə hazırlanan Tədbirlər Planının həyata keçirilməsi, dini maarifləndirmə sahəsində tədbirlərin təşkil edilməsi istiqamətində fəaliyyətini davam etdirdiyini, aidiyyəti qurumlarla birlikdə çoxsaylı tədbirlərin həyata keçirildiyini deyib.
Komitənin 2023-cü il üçün Tədbirlər Planında “Heydər Əliyev İli” ilə bağlı tədbirlərə geniş yer ayrıldığını, “Heydər Əliyev irsi: tolerantlıq və multikultural dəyərlər”, “Heydər Əliyev 100: azərbaycançılıq ideologiyası və milli-mənəvi dəyərlərimiz” və “Heydər Əliyev siyasəti: tolerantlıq” mövzularında konfransların, habelə dini icmalar arasında “Heydər Əliyev siyasəti: tolerantlıq” mövzusunda ənənəvi yazı müsabiqəsinin təşkil olunduğunu nəzərə çatdırıb. Eyni zamanda “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda 14 regional konfransın, Komitənin Elm və Təhsil Nazirliyi ilə birgə layihəsi çərçivəsində “Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda isə 6 regional seminar-treninqin keçirilməsinin əhəmiyyətindən danışıb.
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Aqil Şirinov öz növbəsində rəhbərlik etdiyi təhsil ocağının 2023-cü ildəki fəaliyyəti barədə hesabatla çıxış edib. Bildirib ki, ötən ilin ən yaddaqalan hadisəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən, Azərbaycan İlahiyyat İnstitutu yanında “Bakı İlahiyyat Kolleci” publik hüquqi şəxsin yaradılması oldu. Rektor onu da diqqətə çatdırıb ki, 2023-2024-cü il tədris ilində Dövlət İmtahan Mərkəzinin təşkil edəcəyi imtahan vasitəsilə Bakı İlahiyyat Kollecinə “Dini-mənəvi xidmət” ixtisası üzrə tələbə qəbulunun həyata keçrilməsi nəzərdə tutulub.
Ötən il bakalavriat pilləsi üzrə 49, magisrtura pilləsi üzrə 3 nəfər olmaqla, 52 tələbənin məzun olduğunu deyən A.Şirinov bildirib ki, 2023-2024-cü tədris ili üzrə İnstitutun doktoranturasına (Dinşünaslıq, Dinin tarixi və fəlsəfəsi) 2, bakalavriat pilləsinə 81 (51 - İslamşünaslıq, 30 - Dinşünaslıq), magistraturasına isə 8 nəfər qəbul edilib. Mübadilə proqramı çərçivəsində İnstitutun “İslamşünaslıq” ixtisasında oxuyan 2 tələbəsi təhsillərini 1 semestr Qazaxıstanın "Nur-Mübarək" Misir İslam Mədəniyyəti Universitetində davam etdiriblər.
Daha sonra Mənəvi Dəyərlərin Təbliği Fondunun 2023-cü ildə fəaliyyəti və cari ildə görüləcək işlər barədə məlumatla Fondun icraçı direktoru Mehman İsmayılov çıxış edib. Bildirib ki, ötən ildə dini qurumların vətəndaşların dini etiqad azadlığının təmin olunması sahəsindəki fəaliyyətinin dəstəklənməsi məqsədilə Fond tərəfindən din xadimlərinə maddi dəstək verilib. Eyni zamanda Fond tərəfindən ötən tədris ilində Aİİ-nin biri Heydər Əliyev təqaüdü olmaqla, 61 tələbəsinə aylıq təqaüdlər verilib.
Hesabat dövründə Fond şəhidlərimizin ailələri və qazilərlə iş istiqamətində faəliyyətini davam etdirib. Şəhidlərin əziz xatirəsinə həsr olunan müxtəlif səpkili layihələr icra olunub, sənədli filmlər, videoçarxlar hazırlanıb, kitablar çap edilib, o cümlədən şəhid ailələrinin üzvlərinin Şuşaya səfərləri təşkil olunub.
Dövlət Komitəsinin 2024-cü ildə həyata keçirəcəyi tədbirlər barədə DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdiri Sadiq Mirzəyev çıxış edərək qurumun milli-mənəvi dəyərlərimizin qorunması, dini fanatizm, radikalizm və ekstremizmə qarşı ideoloji müstəvidə mübarizə, xalqımızın tolerantlıq ənənələrinin və dövlətimizin multikulturalizm siyasətinin təbliği, xurafat və mövhumata qarşı mübarizə, dinlərarası və məzhəblərarası yaxınlaşmanın, dialoq və əməkdaşlığın təşviqi və s. istiqamətlərdə planlaşdırdığı layihələrin önəminə toxunub.
Yekunda Dini təhsil şöbəsinin müdiri Elnarə Kərimova Kollegiyanın qərar layihəsini səsləndirib və layihə müzakirələrdən sonra qəbul edilib.
Son xəbərlər
