"Bu gün müasir Azərbaycan dünya miqyasında güclü ölkədir"

"Bu gün müasir Azərbaycan dünya miqyasında güclü ölkədir"Azərbaycan elə bir Zəfər çaldı ki, bu beynəlxalq münasibətlər sisteminə böyük təsir göstərərək Ədalət və Gücün vəhdətinin müasir dövrün əsas komponenti olmaqla əsas dəyər olduğunu sübut etdi

Yanvarın 17-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin 2024-cü ilin yaz sessiyasında ilk iclası keçirilib.

Avrasiya.net komitənin sədri Sadiq Qurbanovun hesabatını təqdim edir.

Dəyərli komitə üzvləri, Milli Məclisin Aparatının işçiləri, qonaqlar və media nümayəndələri!

Sizin hər birinizi daxil olduğumuz 2024-cu təqvim ilinin gəlişi münasibəti ilə səmimi qəlbdən təbrik edir, hər birinizə sevinc dolu günlər arzulayıram.

Cəmiyyəti, xalqı ağıllı, düzgün idarə etmək əsl siyasi məharətdir. Dövləti müdrikliklə idarə edənlərin siyasi mənəviyyatı mənsub olduğu xalqın milli sərvəti kimi qiymətləndirilməlidir. Cənab İlham Əliyev Heydər Əliyev kimi siyasətə kompleks yanaşmanın, daxili və xarici siyasəti vəhdətdə götürməyin, siyasi, iqtisadi, mənəvi, mədəni aspektləri vəhdətdə təqdim etmənin canlı nümunəsidir. Prezident İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi. O, öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi təqdim etdi, eyni zamanda demokratik prinsiplərin və milli dəyərlərin sintezini yarada bildi.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən bəhs edərkən demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əldə olunan nailiyyətlər xüsusi vurğulanmalıdır. Tərəddüdsüz qeyd etmək olar ki, demokratik inkişaf yolunda həyata keçirilən sistematik tədbirlərin qanunauyğun nəticəsi kimi Azərbaycanda təkmil siyasi sistem bərqərar olunub. Qanunvericilik bazasının təkmilləşdirilməsi, hüquq və azadlıqların təmin olunması istiqamətində görülən tədbirlər, siyasi plüralizmin dəstəklənməsi, çoxpartiyalı sistemin inkişafı və digər istiqamətlər üzrə prioritet hesab olunan prinsiplər ölkədə davamlı demokratik cəmiyyətin inkişafından xəbər verir.

Bu gün müasir Azərbaycan sözün əsl mənasında dünya miqyasında güclü ölkədir. Hesab edirəm ki, güclü olmağın əsas parametri güclü Liderimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, regionda və beynəlxalq aləmdə gedən siyasət paradiqmalarını gözəl bilməsi, eyni zamanda mövcud prioritetlərinin doğru qiymətləndirməsi və düzgün seçilməsindədir.

44 günlük İkinci Qarabağ müharibəsindəki qələbə Azərbaycan tarixinin döyüş meydanında yazılan şanlı səhifəsi olmaqla dövlətimizi, xalqımızı böyütdü, dünyaya daha yaxından tanıtdı. İşğal olunmuş torpaqlarımızın azad edilməsi uğrunda müharibə 44 gün davam etdi, ermənipərəst dövlətlərin və bəzi beynəlxalq təşkilatların Azərbaycana göstərdikləri çox ciddi təzyiqlərə və təhdidlərə baxmayaraq, Ali Baş Komandan İlham Əliyevin və müzəffər ordumuzun cəsarəti, qətiyyəti və əzmkarlığı sayəsində ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Xankəndidə Bayrağın qaldırılması ədalətin tam bərpası və Zəfərimizin son nöqtəsi oldu.

Azərbaycan elə bir Zəfər çaldı ki, bu beynəlxalq münasibətlər sisteminə böyük təsir göstərərək Ədalət və Gücün vəhdətinin müasir dövrün əsas komponenti olmaqla əsas dəyər olduğunu sübut etdi.

Cənab Prezidentimizin də dediyi kimi biz yalnız keçmişlə yaşaya bilmərik. Bu gün ölkəmizin qarşısında duran yeni tələblərə uyğun vəzifələr durur.

Təbii ki, yeni dövrün yeni hədəfləri olmalıdır. Biz yeni dövrə köhnə hədəflərlə gedə bilmərik, çünki o hədəflər artıq əldə edildi və yeni dövr başlayır.

İcra olunmuş hədəflərin neft-qaz sahəsindəki uğurlu statistikası haqqında sizə məlumat vermək istəyirəm.

Neft və qaz

Hazırda Azərbaycanın ümumi neft hasilatının böyük hissəsi “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun payına düşür. Ümumilikdə, AÇG blokunun işlənməsinə başlanmasından keçən dövr ərzində ümumi neft hasilatı 4,3 milyard bareli ötmüşdür. 2001-ci ildən başlayaraq blokun işlənməsi layihəsinin həyata keçirilməsindən Azərbaycanın xalis mənfəəti 171 milyard ABŞ dolları təşkil edib.

Layihənin daimi operatoru olan Britaniyanın bp şirkəti və onun tərəfdaşları Azərbaycan, Gürcüstan və Türkiyədəki layihələrə ümumilikdə 108 milyard ABŞ dolları sərmayə qoyublar ki, bunun da 30%-i bp-nin payına düşür.

Əsası 1994-cü ildə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyası son 20 ildə təkcə neft hasilatının və ixracının rekord artımı ilə deyil, həm də tarixi əhəmiyyət kəsb edən çox mühüm hadisələrlə əlamətdar olaraq öz inkişafının zirvəsinə çatmışdır.
25 may 2005-ci ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılış mərasimi keçirilmiş, 2006-cı ildə Türkiyənin Ceyhan limanından Azərbaycan neftinin nəqlinə başlanılmışdır. Bu gün BTC vasitəsilə Qazaxıstan və Türkmənistan nefti dünya bazarlarına çıxarılır;

2017-ci il sentyabrın 14-də Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənilməsi və hasilatın pay bölgüsü haqqında yeni Saziş imzalanmışdır. 2049-cu ilə qədər uzadılan müqaviləyə əsasən, bp layihənin operatoru kimi fəaliyyətini davam etdirir, SOCAR-ın payı 11%-dən 25%-ə yüksəlir və mənfəət neftinin 75%-i Azərbaycanda qalır;

2020-ci ildə təxmin edilən ehtiyatları 60 milyon tondan çox neft olan Qarabağ yatağı müstəqilliyimiz dövründə kəşf edilmiş ilk neft yatağı kimi tarixə düşdü;

2021-ci il yanvarın 21-də Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu imzalanıb.

Azərbaycan 2016-cı ildən etibarən neft bazarının tənzimləməsinin çevik və səmərəli əməkdaşlıq formatı olan “OPEC plus”da təmsil olunur. Azərbaycan Prezidentinin irəli sürdüyü OPEC və qeyri-OPEC ölkələrinin bu əməkdaşlıq modeli vasitəsilə ölkəmiz neft bazarında tarazlığa, qiymət sabitliyinə və neft sənayesinin inkişafına davamlı töhfələr verir.
Müqayisə olunan dövr ərzində neft (kondensatla birlikdə) hasilatı 96,1 faiz artaraq 15,4 milyon tondan 30,2 milyon tona, təbii qaz hasilatı 9,3 dəfə artaraq 5,2 milyard kub mertdən 48,3 milyard kub metrə (2003-2023-cü illər), təbii qazın ixraca nəqli 14,1 dəfə artaraq 1,7 milyard kub metrdən 23,9 milyard kub metrə (2007-2023-ci illər), təbii qazdan istifadə edən əhali abonentlərinin sayı 2,3 dəfə artaraq 1,1 milyon abonentdən 2,5 milyon abonentə (2008-2023-cü illər) çatmışdır;

Əgər 2003-cü ildə Azərbaycan 4 milyard kub metr qaz idxal edirdisə, bu gün Avropaya iri və etibarlı qaz ixracatçısı kimi çıxış edir, bir-birinin ardınca “mavi yanacağın” tədarükü üzrə uzunmüddətli müqavilələr imzalayır.

Bütün bu uğurlarla bərabər Azərbaycan Bərpa olunan enerji məsələlərinə ciddi önəm verir, biz bu gün dünyada, xüsusilə dünyanın enerji məkanında gedən proseslərdə yaxından iştirak edirik. Cənab Prezidentimizin də qeyd etdiyi kimi Neft-qaz sahəsində fəaliyyət göstərən şirkətlərin investisiya portfelində əgər yaşıl enerji layihələri olmasa, onlar böyük çətinliklərlə üzləşəcəklər. Ona görə biz bu ümumi trendin içində olmalıyıq. Xüsusilə nəzərə alsaq ki, bizim misilsiz potensialımız var. Beynəlxalq Maliyyə Korporasiyası Xəzərdəki bizim potensialımızı 157 min meqavat həcmində təsdiqləyib. Ona görə indi enerji sahəsində bu istiqamət prioritetdir. Artıq keçən ilin oktyabr ayında birinci böyük Günəş Elektrik Stansiyası istismara verildi və qrafik üzrə biz yaxın üç-dörd ilə bərpaedilən enerji növlərinin həcmini təqribən 3-4 min meqavat səviyyəsinə çatdıracağıq.

Müqayisə üçün deyə bilərəm ki, bizim ümumi elektrik stansiyalarımızın potensialı hazırda təqribən 7-8 min meqavatdır və yeni stansiya da inşa edilir - 1200 meqavatlıq, yaxın zamanlarda istifadəyə veriləcək. Hazırda bizim elektrik stansiyalarımızda il ərzində təqribən 5 milyard kubmetr təbii qaz elektrik enerjisinin istehsalına sərf edilir. İndi bərpaolunan enerji növləri bizə, o cümlədən imkan verəcək ki, həmin o 5 milyard kubmetr qazı yox, bəlkə 1-2 milyard kubmetr qazı elektrik enerjisinin istehsalına xərcləyək, qalan qazı ixrac edək. Onsuz da Avropada bizim qazımıza tələbat gündən-günə artır və biz bunu ancaq bərpaolunan enerji hesabına edə bilərik.

İndi imzalanmış kontraktlar və anlaşma memorandumları 10 min meqavat istehsalı nəzərdə tutur. Bizim imzaladığımız kontraktlar və memorandumlar dünyanın aparıcı yaşıl enerji şirkətləri ilədir. Ona görə fərz etmək olar ki, onların hamısı icra ediləcək və bu, bizim bütün daxili tələbatımızı ödəyəcək.

Təbii ki, bunun iqlim dəyişikliyi məsələlərinə də müsbət töhfəsi olacaq və eyni zamanda, bizə imkan verəcək ki, təbii qazı daha böyük həcmdə ixrac edək. Hətta əgər 10 min meqavatın yarısı həll olunsa, bu, bizə kifayət edəcək. Ancaq mən hesab edirəm ki, bu 10 min meqavatla bizim işimiz kifayətlənməyəcək, çünki potensial həddindən artıq böyükdür. Həm quruda, həm dənizdə yerlər təsdiq edildi və növbəti böyük günəş və külək stansiyalarının gələn il istifadəyə verilməsi nəzərdə tutulur. Bax, əsas məsələ bundan ibarətdir və hesab edirəm ki, bunun potensialı həm iş yerlərinin yaradılmasına, yeni texnologiyaların Azərbaycana gətirilməsinə, həm də bölgələrin inkişafına böyük təsiri olacaq. Çünki Xəzər dənizindən kənarda bizim bütün qalan potensial stansiyalarımız bölgələrdə yerləşir, o cümlədən Qarabağ bölgəsində.Azərbaycan Respublikasının Prezidenti ölkəmizin işğaldan azad edilmiş torpaqlarını “Yaşıl enerji” zonası elan edib.

Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur. Qeyd edək ki, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub. Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarını 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarını 40 faiz azaldılmasından ibarətdir.

2024-cü il COP29-a ev sahibliyi etmək üçün Azərbaycan da namizədliyini irəli sürmüşdü. Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliklərini vermişdilər. Dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqların nəticəsi olaraq verilmiş birgə bəyanatda Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri çəkib. Bundan sonra Bolqarıstan da öz namizədliyini geri götürüb.

Beləliklə, dekabrın 9-da Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP-a ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirib.

Bildiyimiz kimi COP28-də ənənəvi enerji resurslarının dünyada tədricən azalması ilə, eyni zamanda, iqlim dəyişiklikləri ilə bağlı ciddi məsələlər gündəmə gətirildi. Təəssüf ki, Birləşmiş Ərəb Əmirliklərində keçirilən tədbirdə hər hansı ortaq məxrəcə gəlinmədi və birgə bəyanat imzalanmadı. Ona görə də 2024-cü ildə Bakıda keçiriləcək COP29-da iqlim dəyişikliyi, ənənəvi və alternativ enerji resurslarının gələcək istehsalı, istehlakı ilə bağlı bəyanatın imzalanması üçün böyük şans var. Həm də böyük inam var.

Xüsusi ilə qeyd etmək istərdim ki, Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti uğuru və təntənəli qələbəsidir. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan Fransa kimi dövlətlərə və bəzi dairələrə tutarlı cavabdır.
Neft-qaz ölkəsi olan Azərbaycan yaşıl enerji növlərinin yaradılmasını və yaşıl enerjinin dünya bazarlarına nəqlini hazırda enerji siyasətinin yeni prioritet istiqaməti kimi müəyyən edib.

COP29-un Bakıda keçirilməsi qərarı həm də Azərbaycanın yaşıl enerji siyasətinə qlobal dəstəyi kimi başa düşülməlidir. Azərbaycan mühüm qlobal konfransa ev sahibliyi onun beynəlxalq nüfuzunun və ekoloji gündəliyə sadiqliyinin nümayişi, eyni zamanda beynəlxalq aləmdə Azərbaycana olan dərin etimadın və hörmətin sübutudur. Şübhə etmirik ki, Azərbaycan COP29-u da ən yüksək səviyyədə keçirəcək. Bunu deməyə çox sayda əsasımız var. Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü zamanı 155 ölkənin, Qoşulmama Hərəkatına sədrliyi zamanı 120 ölkənin dəstəyini qazanmağı bacarıb və etimadı tam doğruldub, Prezident İlham Əliyevin irəli sürdüyü qlobal təşəbbüslər beynəlxalq ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb.

Bütün bunlar onu deməyə əsas verir ki, dünyanı təhdid edən ekoloji problemlərin həlli üçün Bakı platforması mühüm rol oynayacaq. Biz də Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi olaraq üzərimizə düşən məsuliyyəti dərk edir, var gücümüzlə çalışaraq bu işlərə töhfə verəcəyimizə inanıriq.
Bildiyimiz kimi qarşıdan prezident seçkiləri gəlir, inanıram ki, Azərbaycan xalqı Heydər Əliyev ideya və prinsiplərinə sadiq qalacaq, ona yalnız inkişaf və qələbələr bəxş edən Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verəcəkdir!

Hər kəsə uğurlar diləyirəm və seçkilərdə fəal iştirak etməyə dəvət edirəm.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər