Vətənə sədaqətlə xidmət nümunəsi - Həyatının mənası və məqsədi Azərbaycan olan Lider

Vətənə sədaqətlə xidmət nümunəsi - Həyatının mənası və məqsədi Azərbaycan olan LiderUlu Öndər Heydər Əliyev hakimiyyətinin hər iki dövründə bütün ömrünü xalqının və dövlətinin rifahına həsr edərək ölkəmizi böyük bəlalardan xilas etdi. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Ümummilli Lider xalqımızın, dövlətimizin maraqlarını qoruyacaq və ölkəmizin inkişafı ilə bağlı ən düzgün qərarları verəcəkdir. Ulu Öndər titanik fəaliyyəti ilə Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı. Ümummilli Lider bildirirdi: “Azərbaycanın müstəqil dövlət olması, xalqımızın azadlığa çıxması tarixi hadisələrdir və biz bunları qiymətləndirməli, əldə edilmiş nailiyyətləri əbədiləşdirməliyik. Bu, istər bizim, istərsə də gələcək nəsillərin qarşısında duran strateji vəzifədir.”

Prezident İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi, 28 noyabr 2022-ci il tarixli Sərəncamı ilə 18 müddəadan ibarət Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər planının təsdiqlənməsi dahi şəxsiyyətin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin daha geniş təhlilinə, fəaliyyətinin ayrı-ayrı istiqamətləri üzrə yeni elmi araşdırmaların aparılması ilə nəticələndi. Dahi şəxsiyyət bütün ömrünü Azərbaycanın bu gününə və gələcəyinə həsr etmişdi. “Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır. Əgər mən buna nail ola bilsəm, ən xoşbəxt adam kimi həyatımı başa çatdıracağam. Buna nail olmağa çalışıram və çalışacağam.”- deyən Ümummilli Lider üçün hər şeydən əziz doğma xalqı, Vətəni, torpağı idi.
Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, müasir müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin şah əsəridir.

Ulu Öndər Heydər Əliyevin ideyaları Azərbaycan dövlətinin siyasi-ideoloji sütunu, xalqımızın isə tükənməz mənəvi-siyasi sərvətidir. Azərbaycanın yeni və müasir dövlətçilik tarixinin müxtəlif mərhələlərini - həm SSRİ, həm də müstəqillik dövrünü əhatə edən dönəmləri Ulu Öndər Heydər Əliyev siyasətinin xalqımızın və dövlətimizin taleyində hansı tarixi əhəmiyyətə malik olduğunu, Ulu Öndərin xidmətlərinin misilsizliyini əks etdirir. Müdrik dövlət xadimi keçmiş Sovet ittifaqı dönəmində Azərbaycan SSR-in rəhbəri kimi respublikamızın intibahına müvəffəq olmaqla gələcək müstəqilliyin əsaslarını formalaşdırmışdır. Olduqca mürəkkəb şəraitdə Azərbaycan dilinin respublika konstitusiyasında dövlət dili kimi təsbit edilməsi, milli-mənəvi dəyərlərin qorunması, azərbaycançılıq ideologiyasının təşviqi isə bu baxımdan xüsusi qeyd edilməlidir. Heydər Əliyev keçmiş SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi fəaliyyət göstərdiyi dövrdə də respublikamızın mənafelərini qətiyyətlə qoruyaraq xalqın firavanlığı naminə məqsədyönlü işlər görmüşdür.

Dönüş nöqtəsi: Sabitlik və tərəqqi yolu

Müstəqillik illərində isə Ulu Öndərin zamanın çağırışlarına, milli-mənəvi dəyərlərə və dövlətçilik maraqlarına əsaslanan fəaliyyətini iki fərqli tarixi mərhələdə ayrıca dəyərləndirmək lazımdır. O, əvvəlcə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Sədri olaraq blokada vəziyyətindəki muxtar respublikanı ağır sosial-iqtisadi şəraitdən və tənəzzüldən qurtararaq dirçəlişinə nail olmuşdur. Bu mərhələdə Onun liderliyi və xalqın dəstəyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması isə yeni və müstəqil Azərbaycan quruculuğunun əsaslarını formalaşdırmışdır. Heydər Əliyevin respublikamıza ikinci rəhbərlik dönəmini – 1993-2003-cü illəri əhatə edən dövr real dövlət müstəqilliyinin təmin olunması, Azərbaycanın sabitlik və tərəqqi yoluna qədəm qoyması, böyük Zəfərin əldə edilməsi üçün möhkəm təməllərin yaradılması ilə əlamətdardır. Bu mərhələyə nəzər yetirən Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qeyd etmişdir: “1993-cü il müasir tariximizdə həlledici dönüş nöqtəsidir. Tam qətiyyətlə deyə bilərəm ki, əgər 1993-cü ildə Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəlməsəydi, bugünkü Azərbaycanın mövcudluğu hətta şübhə altına düşə bilərdi”. Əlbəttə, Heydər Əliyevin həmin dövrdə Azərbaycanı iqtisadi böhrandan, siyasi xaosdan qurtarması, Ermənistanın işğalçılıq müharibəsinin qarşısını alması, səmərəli xarici siyasət həyata keçirməklə ölkəmizin beynəlxalq münasibətlər sistemində fəal iştirakını təmin etməsi müasir dövlətçilik tariximizin dönüş nöqtəsi olmuşdur. Bütün bu faktlar təsdiqləyir ki, Heydər Əliyev öz zəngin dövlətçilik təcrübəsi ilə Azərbaycanı müstəqillik yolunda inkişaf etdirməyə, müstəqilliyi daimi, dönməz və əbədi etməyə nail olmuş, xalqımıza çoxsaylı tarixi nailiyyətlər qazandırmaqla yeni, müasir və müstəqil Azərbaycan reallığını yaratmışdır.

Hər şeydən öncə milli mənafe və dövlət mənafeyi
Ulu Öndərin hüquqi, demokratik dövlət idarəçiliyinin yaradılması istiqamətində gördüyü işlər misilsizdir: “Biz müstəqil Azərbaycan dövləti yaradırıq və onu elə yaratmalıyıq ki, daim yaşasın, heç bir qüvvə onu heç vaxt heç yana əyə bilməsin, heç bir dövlət gəlib bizim, Azərbaycan xalqının milli azadlığını, müstəqilliyini əlindən ala bilməsin. Bunun üçün də hər kəs bu müstəqilliyi qorumaqdan ötrü sadiq olmalı və öz şəxsi mənafeyini milli mənafedən aşağı tutmalıdır. Milli mənafe, dövlət mənafeyi hər şeydən üstün olmalıdır.”
Yenicə müstəqillik əldə etmiş bir dövlətin inkişafında mükəmməl qanunvericlik bazasının yaradılması mühüm şərt idi. Ulu Öndər qısa müddətdə ölkədə baş alıb gedən hərc-mərclik və anarxiyanı aradan qaldırdı. Azərbaycanda qanunun aliliyi təmin olundu, hüquqi-demokratik prinsiplərə əsaslanan Konstitusiyamız qəbul edildi, müasir idarəçilik sistemi yaradıldı, vətəndaş həmrəyliyi bərpa olundu.

Ulu Öndər yeni Konstitusiya layihəsinin hazırlanmasını öz üzərinə götürdü və bununla bağlı xüsusi yaradılmış Komissiyaya rəhbərlik etdi. Konstitusiyamız 1995-ci ilin noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edildi. Bu tarixi günlərdə ulu öndər Heydər Əliyev deyirdi: “Komissiyanın sədri kimi mən bu böyük tarixi sənədin hazırlanmasında öz şəxsi məsuliyyətimi daim dərk etmişəm, bu gün də dərk edirəm. Ona görə də bu sənədin hazırlanmasına xeyli vaxt sərf etmişəm. Haqqım var deyəm ki, çox zəhmət çəkmişəm. Hər bir kəlmənin, hər bir sözün mənasını dəfələrlə araşdırmışam, onun bu gün üçün, gələcək üçün nə qədər əsaslı olmasını dəfələrlə təhlil etmişəm. Mən çox rahatlıq hissi ilə bu layihənin altından imza atıram və bu layihəyə görə tam cavabdeh olduğumu bu gün bəyan edirəm. Hesab edirəm ki, biz Azərbaycanın bu günü, gələcəyi üçün çox böyük bir sənəd - siyasi, hüquqi sənəd yaratmışıq”.

Əsrə damğa vuran müqavilə

Ulu Öndər hər bir ölkənin inkişafında sabitliyin rolunu önə çəkərək bildirirdi ki, sabitlik olmadan hansısa sosial-iqtisadi layihənin həyata keçirilməsi mümkünsüzdür. Məhz Ulu Öndərin uğurlu siyasəti nəticəsində yenidən qurulan Azərbaycan qısa zamanda sabitlik diyarına çevrildi, ölkəmizə investisiya axını sürətləndi. 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” bir daha Azərbaycanın nüfuzunun, beynəlxalq aləmdə möhkəmlənən yerinin və artan rolunun göstəricisidir. Bu sazişin imzalanması ilə həm Azərbaycanın iqtisadi qüdrəti artdı, həm də etibarlı tərəfdaş kimi mövqeyi möhkəmləndi. Tarixən neft ölkəsi kimi tanınan Azərbaycan sonrakı illərdə qaz ixracatçısı kimi beynəlxalq aləmdə nüfuz qazandı. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft və 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin istifadəyə verilməsi Azərbaycanı regional inkişafın aparıcı qüvvəsinə çevirdi.

“Əsrin müqaviləsi”nin imzalanmasından ötən zamana diqqət yetirsək ölkə iqtitsadiyyatının böyük inkişaf yolu keçdiyini qürur hissi ilə qeyd edə bilərik. Ölkəmizin enerji sektorunda qazanılan uğurların miqyası ölçüyəgəlməzdir. Hər il keçirilən Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi bu sahədə görülən işlərin hesabatı kimi dəyərləndirilir.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətindən əvvəlki illərdə respublikamızın təhsil sferasında vəziyyət ürəkaçan səviyyədə deyildi və keçmiş ittifaq ölkələri arasında sonuncu yerlərdən birini tuturdu. 1969-cu ilə qədər ittifaq respublikalarının ali təhsil müəssisələrinə göndərilənlərin sayı cəmi 47 nəfər təşkil edirdi. Ulu öndər hakimiyyətə gələndən sonra təhsilə xüsusi diqqət göstərməyə başladı və bu sahədə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə start verildi. 1970-ci illərdə bütün ixtisaslar üzrə respublikamızdan kənarda təhsil alanların sayı 100 dəfəyə qədər artdı. Həmin illərdə 3600-dan çox şəxs keçmiş ittifaqın ən nüfuzlu ali təhsil müəssisələrində təhsil almışdı. Bu kadrlar peşəkar mütəxəssislər kimi yetişdikdən sonra respublikamızın dövlət strukturlarında müxtəlif vəzifələrdə işləməyə cəlb olundu.

Həmin kadr potensialının bir hissəsi keçmiş ittifaqın iri sənaye, elmi-tədqiqat müəssisələrində fəaliyyətə başladı və bu, Azərbaycanın ziyalı təbəqəsinin, peşəkar kadrlarının respublikamızdan kənarda tanınmasında, şöhrət tapmasında mühüm rol oynadı. Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən bu siyasət bu gün də uğurla davam etdirilir. Ölkədə yeni ziyalı ordusu formalaşdırılır. Bu gün azərbaycanlı tələbələr dünyanın ən məşhur təhsil ocaqlarında ən peşəkar kadr kimi yetişdirilir. Dünyanın nüfuzlu ali təhsil ocaqlarında təhsil alan tələbələrin xərclərini dövlət öz üzərinə götürüb.

Həmin kadrlar bu gün qloballaşan və inkişaf edən dünyanın yeni idarəetmə texnologiyalarını mənimsəyərək müasir idarəçilik institutunun formalaşmasında əsas bazadır.
Milli ordu quruculuğu sahəsində də Ulu Öndərin misli görünməmiş xidmətləri olub. Dahi şəxsiyyətin rəhbərliyi ilə hələ sovet dönənimdə ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlanıb. 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi məktəb yaradılıb. Müstəqilliyin ilk illərində milli ordunun formalaşdırılması, silahlı qüvvələrin yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlər görülüb, orduda kütləvi fərarilik hallarına son qoyulub, hərbi intizam möhkəmləndirilib. 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra ordunun formalaşdırılması daha da sürətləndi. Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.

Heydər Əliyev siyasətinin təntənəsi

Ulu Öndər özünün başladığı nəhəng işlərin uğurlu icrasını kimin təmin edə biləcəyini də müəyynləşdirdi. Fiziki imkanlarının tükəndiyi bir vaxtda həmişə inandığı və etibar etdiyi xalqına müraciət ünvanladı: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

Tarix dahi şəxsiyyətin uzaqgörənliyini bir daha təsdiqlədi. Vətən müharibəsində Yeni Azərbaycan Partiyasının Sədri, ölkəmizin Prezidenti və Ali Baş Komandanı İlham Əliyev cənablarının möhtəşəm rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun 30 il ərzində mənfur qonşumuz Ermənistanın işğalında olan ərazilərimizi azad etməsi, respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi bunun sübutudur. Vətən müharibəsində Zəfər qazanmağımız sübut etdi ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu siyasəti uğurla həyata keçirilib. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində torpaqlarımızı düşmən tapdağından azad etdi, Ermənistanın 30 illik işğalına son qoydu.

Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, dönməz iradəsi, liderliyi və sərkərdəliyi sayəsində 200 illik “Böyük Ermənistan” planı darmadağın edildi. Azərbaycan xalqı 200 illik tarixini bərqərar etdi. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm qalibiyyətin ardınca “Heydər Əliyev İli”ndə Prezident İlham Əliyevin komandanlığı ilə qazanılan növbəti hərbi-strateji və diplomatik Qələbə nəticəsində üçrəngli bayrağımızın işğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə dalğalanması, Azərbaycanın konstitusiya quruluşunun bərpası böyük mənəvi-siyasi əhəmiyyətə malik tarixi hadisədir.
Bu, Heydər Əliyev siyasətinin təntənəsi, Ümummilli Liderin vəsiyyətinin Prezident, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən yerinə yetirilməsidir. Prezident İlham Əliyevin Heydər Əliyev ideyalarına əsaslanan uzaqgörən siyasətinin real nəticəsi olan Böyük Qayıdış prosesi də çoxəsrlik dövlətçilik tariximizin ən parlaq səhifələrindən birinə çevrilməklə daha güclü Azərbaycanın etibarlı bünövrəsini formalaşdırmaqdadır. Bu gün işğaldan azad edilmiş, üçrəngli bayrağımızın qürurla və əzəmətlə dalğalandığı ərazilərdə nəhəng bərpa-quruculuq işləri görülür, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həmin torpaqlara hər bir səfəri qalib Azərbaycanın Böyük Qayıdışını, dayanıqlı və layiqli məskunlaşmanı bütün dünyaya nümayiş etdirir.

Bu gün Prezident İlham Əliyev Ulu Öndərin siyasətini ölkənin, xalqın mənafeyi naminə uğurla davam etdirir. Azərbaycan dövlətinin öz torpaqlarını işğaldan azad etməsi, ərazi bütövlüyümüzün və bütün ərazilərimizdə suverenliyimizin tam bərpa olunması Heydər Əliyev siyasətinin və Prezident İlham Əliyevin iradəsinin təntənəsidir”.

Çərkəz Əliyeva
Qaradağ rayon Heydər Əliyev Mərkəzinin direktoru

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər