Akademik Tofiq Hacıyevin dilçilik məktəbi
Dünyaya göz açan hər kəs ona verilən bir ömür payına sahibdir. Dünyaya göz açır, böyüyür, Tanrının ona böldüyü ömür payını yaşayır və əbədiyyətə qovuşur, yəni həyatdan köçür. Lakin elə insanlar vardır ki, Tanrının ona verdiyi ömür payından elə yararlanır ki, o, ölmür, özünə əbədilik qazanır. Xalqının tarixinə elə bir səhifə əlavə edir ki, o səhifə min illər boyu tarixdən silinmir.
Bu səhifəni oxuyanlar xalqının tarixində öz ömrünü şama çevirən bir ədəbiyaşarla tanış olacaq və onun yaratdıqlarından bəhrələnəcəklər. Mənsub olduğu xalqın tarixinin neçənci minillikdən başlandığından, dilinin yayıldığı ərazinin genişliyindən, ədəbiyyatının zənginliyindən xəbərdar olacaqlar.
Belə dahi, əvəzolunmaz, tarixçilərin, ədəbiyyatşünasların, eləcə də ilk növbədə dilçilərin üz tutacağı şəxsiyyətlərdən biri də akademik Tofiq İsmayıl oğlu Hacıyevdir. Bu ad, soyadla dünyaya çoxları gəlsə də, imzası dörd divar arasında qalanlardan fərqli olaraq, onun imzası türk dünyasının sərhədlərini aşaraq, dünyanın bir çox elm mərkəzlərinə yol açdı. Məxsus olduğu xalqın elmi potensialının hansı səviyyədə olduğunu dünya dilçilik məktəbinin öncüllərinin adları qeyd olunan, tarix kitabının ilk səhifələrindən birinə yazdırdı – həkk etdirdi.
Uşaqlığı bütün atasız böyüyən uşaqların uşaqlığına bənzəsə də, dünyaya baxışı, dünyagörüşü ilə digərlərindən tamamilə fərqləndi. Ömrünü, eyni zamanda, bütün elmi yaradıcılığını mənsub olduğu xalqın dilinin tədqiqinə, ədəbiyyatının araşdırılmasına, tarixinin açılmayan qatlarını xalqına dünya xalqlarına təqdim etməyə sərf etdi.
Görkəmli şəxsiyyətin həyatı digər insanların həyatına bənzəsə də, onun yaradıcılığı öz ideya məzmunu, tədqiqat sahəsinin genişliyi ilə digərlərindən fərqləndi. Sorağı gah Türkiyədən, gah Krımdan, gah Özbəkistandan, gah da digər türkdilli ölkələrdə keçirilən konfrans, konqres və yığıncaqlardan gəldi. Harada oldusa, əlli milyonluq vətəndaşı olan Azərbaycanı qürurla təmsil etdi.
Onun haqqında danışan oğlu, elmlər namizədi Azər Tofiq oğlu Hacıyev yazır: “Tofiq İsmayıl oğlu Hacıyev 1 may 1936-cı ildə Qarabağ mahalının Cəbrayıl qəzasındakı Soltanlı kəndində anadan olub. Atası İsmayıl kişini üç yaşında olarkən itirib” (“Tofiq Hacıyev” kitabı, səh.15).
Ailənin sonbeşiyi olduğu üçün özündən yaşca çox böyük olan bacı-qardaşlarının qayğısı ilə əhatə olunub. Böyük bacısı, Soltanlı kəndinin ilk ali təhsilli müəlliməsi olan Şəmayıl xanımın zəhməti və təşviqi sayəsində elmə xüsusi maraq göstərib.
1953-cü ildə Soltanlı kənd onillik orta məktəbini müvəffəq qiymətlərlə başa vurub və həmin il Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsinə daxil olub. Orada dövrünün görkəmli alimlərindən olan Mir Cəlal, Muxtar Hüseynzadə, Həmid Araslı, Abbas Zamanov və digərləri ilə tanış olaraq onların mühazirələrinə qulaq asıb. Elmi rəhbəri Məmmədağa Şirəliyevlə bərabər, dövrümüzün ən nüfuzlu elm adamları olan Səlim Cəfərov, Hadi Mirzəzadə, Əbdüləzəl Dəmirçizadə və başqalarının yaradıcılığının izləyicisinə çevrilib.
1958-ci ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirərək aspiranturaya daxil olur. 1962-ci ildə “Azərbaycan dilinin Cəbrayıl şivəsi” adlı namizədlik, 1969-cu ildə isə “XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili” adlı doktorluq dissertasiyalarını müdafiə edir. 1962-1967-ci illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunda müəllim işləyir.
1968-ci ildən ömrünü Bakı Dövlət Universitetinə bağlayır. 1984-cü ildən ömrünün sonuna qədər universitetin Türkologiya kafedrasının müdiri vəzifəsində çalışır. Bununla yanaşı, 1993-cü ildə Azərbaycanın maarif naziri, 2013-2015-ci illərdə Nəsimi adına Dilçilik İnstitutunun direktoru vəzifəsində çalışır.
Bu illər ərzində göstərdiyi elmi fəaliyyətə və Azərbaycan dilçiliyinin inkişafındakı əməyinə görə çoxlu orden, medal, fəxri adlarla mükafatlandırılmışdır. Biz bu məqalədə bütün bu təltifləri ümumi şəkildə qeyd edib, dünyadan akademik kimi köç edən Tofiq İsmayıl oğlu Hacıyevin yaratdığı dilçilik məktəbindən, onun yetişdirmələrindən yığcam şəkildə danışacağıq.
Akademikin yetişdirib elm aləminə təqdim etdiyi elmi dərəcəlilərin tərcümeyi-halı ilə tanış olduqda bilirsən ki, bu məktəbin yetişdirməsi olan alimlərin əksəriyyəti ya Tofiq müəllimin özünün dərs dediyi, kənddən gəlib öz bilik və istedadları ilə fərqlənən tələbələri, ya da hər hansı bir təsadüf nəticəsində “kəşf etdiyi” insanlardır. Mənə elə gəlir ki, o, təkcə öz əsərləri və elmi fəaliyyəti ilə bir xalqı digər xalqların içərisində sayılıb-seçilən xalqa çevirməkdə istədiyinə nail olmağın çətin olduğunu düşünüb, bunun üçün özü kimi hərtərəfli elmi dünyagörüşə sahib savadlı, xalqını və vətənini sevən, öz zəhmətini bu yolda əsirgəməyən kadrların sıralarının genişlənməsinə çalışırmış.
Tofiq müəllimin yetişdirdiyi kadrların fəaliyyəti bu gün də qabarıq şəkildə görünməkdədir. Onun qayğısı və təşəbbüsü ilə dilçilik sahəsində öz qələmini sınayan və bu yolda saysız uğurlar qazanan akademik Nizami Cəfərovun adını qeyd etmək, məncə, kifayətdir. Onun dünya türkoloqları sırasında ən öndə gedənlərdən biri olmasında Tofiq müəllimin zəhmət və qayğısını danmaq çətindir.
Tofiq müəllimin rəhbərliyi ilə müdafiə edib alimlik dərəcəsi alan dilçilərdən birincisi 1971-ci ildə təsdiqini alıb alim kimi elmi fəaliyyətə başlayan “Ekspressiv təsdiqlik və ekspessiv inkarlıq” mövzusunda tədqiqat əsəri yazan Abdullayev Sərxan Əvəz oğludur. Namizədlik işinin təsdiqinin alındığı ili əsas götürüb bu işin mövzu kimi verilməsi tarixini nəzərə alsaq, məlum olar ki, Tofiq müəllim iddiaçıya mövzu verilən zaman 30-31 yaşın içində imiş.
Tofiq müəllim yetişdirdiyi ilk elmi kadr haqqında söhbətlərinin birində deyirdi ki, mən elmi rəhbər kimi fəaliyyət göstərməyə ilk dəfə elmi rəhbərim Məmmədağa Şirəliyevin təkidi ilə başlamışam.
1971 - 2006-cı illəri əhatə edən otuz beş ildə 15 nəfər elmlər namizədi və 4 elmlər doktoru (mən doktorluq dissertasiyamı 2015-ci ildə müdafiə edib təsdiqimi elmi rəhbərimin sağlığında almışam) yetişdirən akademikin 2006-cı ildən ömrünün sonuna qədərki dövrdə rəhbərlik etdiyi namizədlik və doktorluq işləri haqqında məlumatım yoxdur. 15 nəfər elmlər namizədi, 4 elmlər doktorunu 44 ildə yetişdirsəydi belə, onun bu nailiyyəti dilçilik tarixində tək-tək alimlərin tərcümeyi-halına yazıla bilən uğur sayılmalıdır.
Belə ki, onun rəhbərliyi ilə 1974-cü ildə Əzizov Elbrus İslam oğlu “Azərbaycan dili dialekt və şivələrində saitlər ahəngi” mövzusunda, 1981-ci ildə Mirzəzadə Çimnaz Hadi qızı “Orta əsr ərəb coğrafi mənbələrində Azərbaycan toponimləri” mövzusunda, 1984-cü ildə Vəliyeva Gülxanım Qüdrət qızı “Azərbaycan dili Şərqi Abşeron şivələrinin leksikası” mövzusunda, 1985-ci ildə Cəfərov Nizami Qulu oğlu “Azərbaycan dilində sadə cümlənin struktur-semantik inkişafı” mövzusunda, 1986-cı ildə Vəliyeva Məftunə Vaqif qızı “Azərbaycan xalq şeirinin poetik fonetikası” mövzusunda, 1987-ci ildə Abdullayeva Qızılgül Ağəli qızı “50-ci illər Azərbaycan şeir dili” mövzusunda, 1989-cu ildə Piriyev Eldar Rizvan oğlu “Kitabi – Dədə Qorqud”un dilində fars sözləri” mövzusunda, 1990-cı ildə Həsənzadə Nazim Nəriman oğlu “Kitabi – Dədə Qorqud”un dilində terminoloji leksika” mövzusunda, 1998-ci ildə Sadiqova Sevda Muradxan qızı “Dəbistan” uşaq jurnalının dili” mövzusunda, yenə də 1998-ci ildə Rəhimova Dürdanə Mirzə qızı “Müasir fars dilində Azərbaycan – türk sözləri” mövzusunda, 1999-cu ildə Zeynalov Sərdar Səyyad oğlu “Orta məktəbin “Azərbaycan dili” dərsliklərində dilçilik məsələləri” mövzusunda, 2001-ci ildə Bəyimxanım Böyükağa qızı “Rus aksentologiyası: normaları və qeyri-filoloji ixtisaslı türk tələbələrin nitqində yayınmalar” mövzusunda, 2002-ci ildə Məmmədova Natəvan Havar qızı “Rəsul Rzanın dili və sərbəst şeirin dili məsələsi” mövzusunda, 2006-cı ildə Rüstəmova Cəmilə Rüfət qızı “Müasir türk və Azərbaycan dillərində diplomatik terminlərin struktur-semantik təhlili” mövzusunda namizədlik, 1989-cu ildə Abdullayev Sərxan Əvəz oğlu “Müxtəlif sistemli dillərdə təsdiq və inkarın variantivliyi (alman və Azərbaycan dillərinin materialları əsasında)” mövzusunda, 1990-cı ildə Əzizov Elbrus İslam oğlu “Azərbaycan dilinin tarixi dialektologiyası” mövzusunda, 2005-ci ildə Özyürək Rasim Vəli oğlu “Azərbaycanda təhsil alan türkiyəli tələbələrin dil problemləri” mövzusunda, 2015-ci ildə Zeynalov Sərdar Səyyad oğlu “Azərbaycan dili dərsliklərində elmi dilçilik fikrinin inkişafı” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişlər. Tofiq Hacıyevin rəhbərliyi ilə dissertasiya müdafiə edib elmi dərəcə alan dissetantların siyahısına nəzər salanda görkəmli dilçi-türkoloqun başqa bir müsbət insani xüsusiyyəti ortaya çıxır. Hər kəs bilir ki, mövzu götürüb elm iş müdafiə etməyə can atan dissertantların bəziləri işin gedişində bəzən öz elmi rəhbərindən imtina edib, özlərinə yeni elmi rəhbər seçməyə məcbur olur. Yaxud namizədlik dissertasiyasını müdafiə etdikdən sonra doktorluq işini tamamilə başqa bir alimin rəhbərliyi altında hazırlayıb başa çatdırır.
Ancaq biz Tofiq müəllimin rəhbərliyi altında elm müdafiə edib namizədlik və doktorluq işini yerinə yetirənlərin siyahısına diqqət etsək, görərik ki, görkəmli dilçinin rəhbərliyi altında namizədlik işini yerinə yetirənlərin əksəriyyəti onu doktorluq işində özünə rəhbər – məsləhətçi seçmiş və hər iki işini onun rəhbərliyi altında yerinə yetirmişdir.
Məsələn, Tofiq müəllimin 1971-ci ildə namizədlik dissertasiyası müdafiə edən Sərxan Abdullayev 1989-cu ildə yenidən onun rəhbərliyi ilə doktorluq, 1974-cü ildə namizədlik dissertasiyası müdafiə edən Elbrus Əzizov 1990-cı ildə, 1985-ci ildə namizədlik dissertasiyası müdafiə edən Nizami Cəfərov 1991-ci ildə, 1999-cu ildə namizədlik işini yerinə yetirən Sərdar Zeynalov 2015-ci ildə onun rəhbərliyi ilə doktorluq işini yazıb müdafiə etmişlər. Yuxarıda qeyd etdiyimiz kimi, 2006-2015-ci illər ərzində Tofiq müəllimin rəhbərliyi altında namizədlik və ya doktorluq işi yazıb müdafiə edənlərin tam siyahısı əlimizdə yoxdur. Elə başa düşürəm ki, Tofiq müəllimin rəhbərliyi altında bu 10 il müddətində dissertasiya müdafiə edənlərin sayı da az deyil. Onları da siyahıya əlavə etsək, biz hər alimə qismət olmayan bir göstəricinin şahidi olacağıq.
Mən bu fikirdəyəm ki, Tofiq müəllim Azərbaycan dilçilik elminin qarşısında duran həll olunası məsələlərin yerinə yetirilməsində təkbaşına qələm çalmağın yetərsiz olduğunu düşünüb bu sahəni inkişaf etdirmək üçün bilə-bilə öz rəhbərliyi altında bir dilçilər ordusu yaratmış və dayanmadan bu ordunun sıralarının genişlənməsinə can atmışdır.
Bu gün Azərbaycan dilçilərinin arasında filologiya elmləri doktoru, akademik Tofiq İsmayıl oğlu Hacıyevin yetirmələrinin adı həmişə ön sıralarda çəkilməkdədir. O, təkbaşına olaraq saysız qiymətli elmi əsərlər yazıb çap etdirməklə yanaşı, həm də öz adına layiq bir dilçilik məktəbi yaratdı – Tofiq Hacıyev dilçilik məktəbi. Noyabrın 27-də görkəmli alimin öz yetirmələri ilə əbədi olaraq ayrıldığı tarixdən 8 il ötür. Biz onu həmişə olduğu kimi, bu gün də fəxarətlə anır və ona daima rəhmət oxuyuruq. Nur içində yatasan, unudulmaz ustad!
Sərdar Zeynal,
Filologiya elmləri doktoru, ADPU-nun Müasir Azərbaycan dili kafedrasının professoru