Qardaş harayı

Qardaş harayıDərələyəz deyəndə qoyun-quzu saxlayan, mal-qara bəsləyən, dağdan arana köç edən böyük bir elat gəlir gözlərimin qabağına. Göyçə, Dərələyəz deyəndə, köynəyi qotazlı saz gəlir ağlıma, başını daşdan-daşa vuran sellər,sular gəlir ağlıma, bir də kötüyün üstündə oturmuş, əli qəliyanlı, buxara papaqlı dağdan ağır kişilər gəlir gözlərimin önünə. Bu elatın söz-söhbəti, dastanları gecələrdən uzun olub, yerin-göyün qaranlığına boy verməyib, ağır-ağır yığınaqlarda el-oba havaları, sözün-sazın işığına asıblar.

Mən aşıq Xuda səni,
Saxlasın Xuda səni
Ümidim ona qaldı
Görəydim yuxuda səni.


Fikirlərimi cilovlaya bilmirəm, xəyal məni ötən əsrin ortalarına aparır. Bildiyimə görə, dərələyəzlilər haqqa tapınan camaat olublar. Onlar heç vaxtı dostu düşmənə dəyişməyiblər, haqqı nahaqqa verməyiblər, halala haram qatmayıblar. Ona görə də azları-yalavazları olmayıb, qapıları kilidsiz, həyət-bacaları itsiz olub. Gözləri-könülləri toxdur deyə özgənin malına tamah salmayıblar, az tapanda az yeyiblər, çox tapanda çox. Elatın əsas məşğuliyyəti heyvandarlıq idi. Ovqatları həmişə ovxarlı olub. Qanları qaynar olarmış, qızanda üzlərini görmə-göylə, soyuyanda yerlə əlləşərdilər. Kişilərin hayqırtısından, qız-gəlinlərin qəh-qəhəsindən, atların kişnərtisindən qulaq tutularmış.

Sovet hökuməti qurulandan bir az sonra Dərələyəz camaatını da kolxoza yazdılar. Köçüb başqa ölkəyə gedənlər də oldu. Güzəran dəyişmişdi, vəziyyət getdikcə pisləşirdi, erməni quldurlarla ruslar əlbir olub vaxtlı-vaxtsız basqınlar təşkil edir, yerli sakinlərin rahatlığını pozurdular.

İllər keçəcək, Dərələyəz camaatının yuxusuna gəlməyənlər başına gələcək. İllərin uzaq üfüqlərindən bəri yol gələn bəşəriyyət üçün həyat-uzun mübarizə, qısa istirahət, ömür beşikdən-məzara sınaq meydanı olmuşdur.ermənilər tərəfindən incidilmiş, haqqı tapdalanmış, yurd-yuvasından didərgin salınmış böyük bir elatın tarixi faciəsini göz önünə gətirməyin dəhşətini yaşayıram. Düşünürəm ki, dövlət, hökumət və siyasi təsisatların da mahiyyət etibarilə hüquqi dövlət astanasından hələ çox-çox uzaqdadır.

Ey böyük Yaradan, biz hansı günahın sahibiyik, biz ruslara, ermənilərə neyləmişik ki başımıza belə bəlalar, müsibətlər gəlir?

Axarlı-baxarlı, buz bulaqlı, gözəl ab-havalı yerlərdən-tarixi dədə-baba torpaqlarından bir sərsəm sərəncamla didərgin salınan, lazımsız əşya kimi yük vaqonlarında Azərbaycana deportasiya edilən bir xalqın günahı Türk olması idimi? Tarixin utandırıcı ironiyası. Dərələyəz camaatını Salyanda "yeni Muğan" kolxozunda yerləşdirmişdilər. Yerləşdirmişdilər deyəndə bir az yekə çıxır, evlərə paylamışdılar, mal tövləsində, çatırlarda antisanitar vəziyyətdə məskunlaşma həyata keçirilmişdi. İqlim dəyişikliyi, yurd-yuva nisgili, aran yerinin bürküsü, Kür çayının bulanıq suyu az vaxtda öz acı nəticələrini göstərdi, ard-arda insanlar qarın-yatalaq xəstəliyinə tutuldular, hələ azmış kimi didərgin qız-gəlinləri briqadalara bölüb manqalar yaratdılar, pambıq becərilməsinə cəlb etdilər. Heç vaxt pambığı becərməyən qız-gəlinlər alaq otu əvəzinə yenicə cücərən pambıq kollarını kəsdiyi üçün danlaq mükafatı aldılar.

Bu üzücü, dəhşətli səhnəni ürək ağrısıyla seyr edən o vaxtı Briqadir işləmiş Sabir Əhmədov hazırda Turan carçısı, təpədən-dırnağa həqiqət aşiqi, əslən Göyçə mahalından, Dərələyəzdən olan Türk Dünyası Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılova nəql edirmiş ki,manqa üzvləri aranda bürküdən yanan quş timsalında idilər, sifətləri istidən pörtmüş, dodaqları susuzluqdan bar bağlamış qızlar bizdən içməli su istədilər. Su qablarında bulanıq suyu nisbətən durultmuşduq. Biz qız-gəlinə suyumuz budur, buyurun için- dedik. Manqa üzvləri susundan yansalar belə, o sudan içmədilər, içənlər isə öyüyüb qusmağa başladılar. Aradan bir az keçmiş daha dəhşətli səhnənin şahidi olduq. Qız-gəlinlər dövrə vurub oturmuş, əzizi ölmüşlər kimi zülüm-zülüm ağlayırdılar:

Əzizim qara, qardaş
Ürəyim yara qardaş
Bizi aranda qoyub
Getmisən hara qardaş?


Aranın istisinə, bürküsünə dözməyib dünyasını dəyişənlərin sayı gündən günə artırdı.

Hacı Cəfər Cəfərli
Yazıçı-publisist

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər