Xəlil Rza Ulutürk istiqlalçılıq və türkçülük timsalıdır - Komitə sədri
Biz Türkləriz...Vətənimiz başdan-başa yer kürəsi
Bayrağımız al günəşdir, çadırımız göy qübbəsi.
söyləyən azadlıq carçısı Xəlil Rza Ulutürkün doğum günüdür. Xəlil Rza Ulutürk poeziyada şəxsiyyətini, şəxsiyyətində isə poeziyasındakı amallarını gerçəkləşdirmiş şairdir.
Yaxşı yadımdadır, 1992-ci ildə xəstəxanada yatmağına baxmayayaq, Ümummilli Liderin hakimiyyətə gəlməsinin qarşısını kəsən konstitusiyanın 121-ci maddəsinin 2-ci bəndinə etiraz etmək, Heydər Əliyev şəxsiyyətinə hormətini bildirmək üçün Ali Sovetin(Milli Məclisin) qarşısında toplaşan insanlar qarşısında çıxış etdi və öz mövqeyini dəqiq ifadə etdi. Çıxışından sonra onu yenidən xəstəxanaya apardıq.
Xəlil Rza Ulutürk dramatik poeziya ustasıdır. Xəlil Rza Ulutürkün bütün şeirlərinin mərkəzində xalqımızın faciəli taleyi, tarix boyunca əzablardan keçən iztirablı həyat yolu dayanır. Təkcə Azərbaycanın deyil, bütün türk dünyasının qüdrətli sənətkarı olan Xəlil Rza Ulutürk istiqlalçılıq və türkçülük timsalıdır. Xəlil Rza Azərbaycan dilinin saflığı, əcnəbi dilin təsirinə məruz qalmaması üçün özünəməxsus mübarizə yolu seçmişdi. O, harada olursa-olsun, doğma dilində təmiz danışmayan müsahibindən eşitdiyi hər yabançı kəlmə üçün 5 qərik cərimə tələb edər, danışdığından məmnun qaldığı soydaşlarını bir manat məbləğində mükafatlandırardı. Beləcə o, müasirlərin diqqətini ana dilinin saflığını qorumağa cəlb etməyə, digər tərəfdən də ruslaşdırma siyasətinə qarşı mübarizə aparmağa çalışardı. Həmkarım şair Sabir Rüstəmxanlı yazır: “Xəlil Rzanı başa düşməyənlər çox idi. Onun cəsarəti vətəndaşlıq şeirlərini dinləməkdən belə qorxanların sayı min-min idi. O, kürsüyə qalxanda durub salonu tərk edirdilər. Xəlilin antisovet, antiimperiya çıxışlarına dəlilik kimi baxanlar, onun səsini kəsməyə çalışan, yüksək kürsülərə yolunu bağlayan, onu kiçiltmək istəyənlər Xəlil Rza istedadının Allah vergisi olduğunu, şairin Allah hökmü ilə danışdığını dərk edə bilmirdilər”.
1990-cı il yanvar ayının 26-da vətənpərvər şair Xəlil Rza SSRİ Dövlət Təhlükəsislik Komitəsinin əməkdaşları tərəfindən həbs edilib Moskvaya – Lefortovo həbsxanasına göndərilir. Aramsız sorğu-sual, ağır ittiham şairin iradəsini qıra bilmir. 8 ay 13 gün öz mühitindən təcrid olunmuş şair odlu-alovlu qəlbinin işığında Lefortovo gündəliyini, 200-dən çox şeir, poema və məktubunu qələmə alır. Bu əsərlər mübariz şairin ictimai-siyasi dünyagörüşünü əks etdirməklə yanaşı, öz bədii dəyəri, məzmunu cəhətdən milli poetik fikri zənginləşdirən misilsiz abidədir. “Lefortovo gündəliyi” şairin qəbul etdiyi Ulutürk təxəllüsünün vəsiqəsidir. Şairin həyat yoldaşı Firəngiz xanım Xəlil Rza ilə mərhum prezident Heydər Əliyev arasında keçən telefon danışığını belə xatırlayır: "O vaxt Xəlil Rzaya millətçi damğası vurmaq istəyənlər, dissertasiyasının müdafiəsinə mane olanlar var idi. Bir dəfə telefon söhbətində Xəlil Rza Heydər Əliyevə bu barədə danışdı. Cavabında Heydər Əliyev ona dedi ki, sən millətçi şair deyilsən, sən xalqın şairisən. Heç kəs sənə mane ola bilməz. Xəlil bu söhbətdən sonra "elə bildim, arxamda bir dağ var", – dedi".
Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin Fransaya rəsmi səfəri zamanı Xəlil Rza və həyat yoldaşı Firəngiz xanım da nümayəndə heyətinin tərkibinə daxil edilir. Bu tarixi səfər Xəlil Rzanın son səfəri olur.
Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram;
Qolumdakı zəncirləri qıram gərək! Qıram! Qıram!
Azadlığı istəmirəm bir həb kimi, dərman kimi;
İstəyirəm GÜNƏŞ kimi! SƏMA kimi!! CAHAN kimi!!!
Çəkil! Çəkil, ey qəsbkar! Mən bu əsrin gur səsiyəm!
Gərək deyil sısqa bulaq! Mən ümmanlar təşnəsiyəm!!
Xəlil Rza öz haqqını müdafiə etmək, azadlıq arzularını gerçəkləşdirməkdən ötrü xalqı mübarizəyə səsləyir, üzünü bütün Azərbaycana tutub var səsiylə hayqırırdı:
Sürünmüsən iki əsr,
Övladların əsir-yesir,
Nə qəm, adın çəkiləndə
Yad hələ də zağ-zağ əsir.
... Sən can dedin, çor dedilər,
Haqqını basıb yedilər.
Pak, müqəddəs torpağını
Parçalayıb çeynədilər.
O qurdlara sən vermə can,
Qalx ayağa, Azərbaycan!
... Dəmir-beton qapıları
Tay-tay açan, şölə saçan
Yer titrədən, göy gurladan,
Ulduzları öpüb-qucan,
Nə yaralı, nə yarımcan,
Bizə nəfəs, bəşərə can -
Qalx ayağa, Azərbaycan!
Ruhun şad olsun Böyük Şair!
Azərbaycan xalqı Müzəffər Ali Baş Komandanın əmri ilə ayağa qaxdı və öz torpaqlarını işğaldan azad etdi. Bu gün oğlun Azərbaycanın Milli Qəhrəmanı Təbrizin də ruhu şaddır. İllər ötsə də Təbrizin şəhid olması xəbərini həyat yoldaşına, "Gözün aydın, oğlun şəhid oldu", sözləri ilə deyən istiqlal şairi Xəlil Rza Ulutürk daim qəlbimizdə yaşayacaq!
Dərin hörmətlə anırıq.
Sadiq Qurbanov
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri
Son xəbərlər
