Füzulinin yeni siması göz oxşayır
Füzuli rayonunun azad olunması Vətən müharibəsinin gedişində əldə olunmuş strateji əhəmiyyətli mühüm qələbələrdən biri idi. İşğal dövründə bəziləri, xüsusilə xaricdəki bəzi dairələr hesab edirdilər ki, illər keçdikcə Azərbaycan xalqı öz torpaqlarını unudacaq, gənc nəsil, ümumiyyətlə, tam başqa bir tərzdə tərbiyə alacaq. Ancaq o təhlilçilər və eyni zamanda, siyasi müstəvidə olanlar bir şeyi anlaya bilməmişlər ki, Azərbaycan xalqının öz doğma diyarına nə qədər böyük sevgisi var.
Ölkə Prezidenti cənab İlham Əliyev oktyabrın 17-də, “Füzuli Şəhəri Günü”ndə bu şəhərə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı etdiyi çıxışında bu vacib məsələyə xüsusi olaraq toxundu. Dövlət başçısı qeyd etdi ki, füzulililərin gənc nəslinin də öz doğma torpağına gəlməyə qərar verməsi son dərəcə qürurverici haldır və həqiqətən də böyük hadisədir. Çünki bu uşaqlar, yeniyetmələr və gənclər bu torpaqlar barədə yalnız yaşlı nəslin onlara danışdıqlarınızı ürəklərində saxlamışdılar. Bu, xalqımızın böyüklüyünü, bizim öz doğma diyarımıza bağlılığımızı göstərir. Möhtərəm Prezidentimiz hələ işğal dövründə bütün rayonlardan olan keçmiş köçkünlərlə keçirdiyi çoxsaylı görüşlərində, xüsusilə yeni şəhərciklərin açılışı tədbirlərində deyirdi ki, bu, müvəqqəti yaşayış yeridir. Torpaqlar azad olunandan sonra Füzulidə, Ağdamda, Zəngilanda, Qubadlıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Şuşada daha gözəl evlər tikiləcək, daha gözəl şərait yaradılacaq. Bu gün dövlət başçısının dediyi həmin sözlər reallaşır və azad edilmiş ərazilərimizdə yenidən salınan şəhər və kəndlərin, yaşayış məskənlərinin gözəlliyi insanları valeh edir.
Qeyd edək ki, Füzuli rayonuna gedən yolun ətrafında bir vaxtlar həyat qaynayıb, bu kəndlərdə insanlar firavan və sülh içində yaşayıblar. Ancaq ermənilər tərəfindən torpaqlarımızın işğala məruz qalmasından sonra azərbaycanlılar öz dədə-baba torpaqlarından qovulublar, erməni vandalları tərəfindən evlər yerlə-yeksan edilib. Onlar daşı daş üstündə qoymayıblar, azərbaycanlıların tikdiyi evləri vəhşicəsinə dağıdıblar. Bunlar ermənilərin əməllərinin nəticəsidir. Hazırda bu yoldan yenə də əvvəlki kimi sıx-sıx istifadə olunur.
Həmin səfər zamanı Prezident İlham Əliyev Füzuli şəhərində şanlı Azərbaycan bayrağını qaldırmışdır. Bu görüntülər Azərbaycanın müasir tarixinin ən şanlı səhifələrindəndir. Müzəffər Ali Baş Komandan qəhrəman Azərbaycan Ordusunun işğaldan azad etdiyi tarixi torpağımızda üçrəngli bayrağımızı qaldırmışdır. Cənab Prezident demişdir ki, dağıdılmış Füzuli şəhəri erməni faşizminin canlı şahididir: “Bizim bütün hərbçilərimiz, Füzuli və işğaldan azad edilmiş başqa torpaqlarda yaşamış sakinlər bilməlidirlər ki, biz bütün bu yerləri bərpa edəcəyik. Mən demişdim, Füzulidə bir dənə də bina tapılmadı ki, orada Azərbaycan bayrağı ucaldılsın. Amma biz bərpa edəcəyik. İndi müvafiq göstərişlər verildi, planlı şəkildə bunu edəcəyik, beynəlxalq ekspertləri dəvət etmişik, onlar da gələcəklər. Bütün dəymiş ziyanı birlikdə hesablayacağıq. Ondan sonra şəhərsalma üzrə mütəxəssisləri – həm Azərbaycan mütəxəssislərini, həm xarici mütəxəssisləri dəvət edəcəyik. Onlar da gələcəklər, yeni bir şəhərsalma planı qurulacaqdır. Kəndlərin, şəhərlərin, infrastrukturun, ekologiyanın bərpası – bütün bu planlar var”.
Dövlət Başçımız öz çıxışında xüsusi olaraq qeyd etdi ki, Azərbaycan xalqı və dövləti, biz hamımız bu möhtəşəm Zəfərimizə görə ilk növbədə şəhidlərimizə, qazilərimizə və müharibədə şücaətlə döyüşən əsgər və zabitlərimizə borcluyuq. Cənab prezident İlham Əliyevin dediyi kimi, dövlətin nə qədər gücü olsa, nə qədər silahı olsa, nə qədər düzgün hərbi əməliyyatlar planlaşdırılsa da, Qələbəni əldə edən əsgərdir, zabitdir. Çünki ölümə də gedən, Bayrağı da qaldıran odur. Buna görə də əsgər və zabitlərimizin qəhrəmanlığı bizim yaddaşımızdan heç vaxt silinməməlidir və silinməyəcək.
Mürvət Əsgərov
Xətai rayon, Ağsaqqallar Şurasının sədr müavini
Son xəbərlər
