Qələmi ilə vətənin keşiyində dayanan əsgər
Bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var: Şəhidlik zirvəsi. Bu zirvəyə qalxmaq hər kəsə nəsib olmur. Yalnız müqəddəs amallar uğrunda çarpışan, qorxu nə olduğunu bilməyən, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli insanlar yüksələ bilərlər bu uca zirvəyə.
Bu gün ölkənin hər yerində şəhidlərin əziz xatirəsinə dərin ehtiram bəslənildiyinin şahidi olmaq mümkündür. Bakının ən uca yerində qərar tutan Şəhidlər xiyabanı dövlət tərəfindən yüksək səviyyədə abadlaşdınlıb və bütün azərbaycanlıların, Vətənimizi, xalqımızı sevən hər kəsin and, ziyarət yerinə çevrilib. Burada yaradılan möhtəşəm kompleksdə şəhidlərin xatirəsinə əbədi məşəl alovlanır. Bundan başqa, respublikanın digər iri şəhərlərində, rayonlarında, kənd və qəsəbələrində də Şəhidlər xiyabanı vardır.
Bir çoxu fəaliyyətini şəhidlərin əziz xatirəsinə istiqamətləndirir. Onlardan biri də Manya Səxavətqızıdır. O, hər zaman şəhid ailələrinin yanında olan, onların yaşayış şəraitinin, sosial rifahının yaxşılaşmasına, vətənpərvər ziyalı xanım kimi çox mühüm layihələrin müəllifidir. “Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyən edir. Odur ki, nə böyük, nə də kiçik rollar olmur” söyləyən Manya xanımın həyat amalı başqalarına əl tutmaq, xeyirxahlıq göstərməkdir.
Milli mənəvi irsimizi bəşəri dəyərlərlə vəhdətdə inkişaf etdirən, Azərbaycan qadınının simvolu olan Manya xanımın fəaliyyətinə verilən qiymət onun xeyirxah-humanistlik, insanlıq missiyasının göstəricisi olmaqla ölkəmizdə şəhid ailələrinin, Vətən müharibəsi əlillərinə, kimsəsiz və soial baxımdan həssas olan ailələrinə qayğısı təcəssümü kimi diqqəti cəlb edir.
Manya xanım şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən, səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır. İstər pandemiyanın sərt dövründə, istərsə də Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında “Dəmir Yumruq” əks-hücum əməliyyatı zamanı ölkə vətəndaşlarına əlindən gələn köməkliyini göstərmiş, və onların qayğısına qalmışdır.
Manya Səxavətqızı gənc olmasına baxmayaraq, şərəfli ömür yolu, dövlətə-dövlətçiliyə bağlılığı, vətənpərvər ictimai-siyasi fəaliyyəti ilə müasirlərinin dərin rəğbətini qazanmış belə dəyərli insanlardan biridir. Hər bir insanın təkcə gələcək həyat yolunun deyil, həm də peşə seçiminin düzgün müəyyənləşməsində havasını udduğu, suyunu-çörəyini daddığı torpağın, doğulub boya-başa çatdığı ailənin, əhatə olunduğu cəmiyyətin rolu birmənalıdır. Bu amillər istənilən fərdin istedadının parlamasında, üzə çıxmasında və püxtələşməsində mühüm rol oynayır.
Ən çox şəhid ailələrinin doğma insanı kimi tanıdım bu xanımı. O şəhid dərdli insanların "Şəhidlər bacısı" , "Qızım" , "Bacım" kimi adlarla müraciət etdiyini duydum. Bəs bu qədər doğmalıq hardan yaranıb?
Şəhidləşərək yazılan kitablar, şeirlər bu sualın cavabıdır. Şəhidlərimizə həsr olunan 10 kitabın müəllifi olan Manya Səxavətqızının təqdim etdiyi sonuncu layihəsi "VƏTƏN FƏDAİLƏRİ" layihəsidir. Layihənin iki cildi "VƏTƏN FƏDAİLƏRİ: NAXÇIVAN ŞƏHİDLƏRİ " və "VƏTƏN FƏDAİLƏRİ: İMİŞLİ ŞƏHİDLƏRİ " kitablarının təqdimatı Müdafiə Nazirliyinin dəstəyi ilə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində keçirilib. Eyni zamanda "VƏTƏN FƏDAİLƏRİ" layihəsi çərçivəsində "ŞAHMARIN EŞQ ƏSƏRİ" və "QEYRƏT TƏCƏSSÜMÜ" adlı kitablar da ərsəyə gətirərək şəhid ömürlərini tarixə yazıb.
Müəllifin şeir və məqalələrinə kitablarla yanaşı bir çox qəzet, jurnal və saytlarda da tez-tez oxuyuruq.
Manya xanım Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Bununla yanaşı "SİMURQ 2021", "DÜNYA QADIN", "QIZIL QƏLƏM"," ALTIN PALMİYE-YILIN ŞAİRESİ" və. s mükafatlara layiq görülüb.
Sentyabrın 1-i M.Səxavətqızının 35 yaşı tamam olur. Doğum günü tarixində Şəkidə Şəki teatrında müəllifin "Vətən fədailəri: Şəki şəhidləri" kitabının təqdimat mərasimi keçiriləcək.
Manya xanımın yaradıcılığında ona böyük dəstək olanlardan biri də həyat yoldaşı Elgün, qızı Aysun, oğlu Coşqundur. Onlar da bu təbrikə qoşulurlar.
Manya xanım bundan sonra da yaradıcılığını bu sahədə davam etdirməklə daha yeni-yeni uğurlara imza atmaqla şəhid ailələri, müharibə iştirakçıları, veteranları qəlbində silinməz iz qoyacaq.
Hasil Tağıyev
"Qayıdış" İctimai Birliyinin sədri