Kürdəmirin kəndi zülmətə qərq olub
Kürdəmirin Garıs Əyribənd kəndi zülmətə qərq olub.
Minə yaxın əhalisi olan kənd illərdir işıq problemi ilə üzləşib, əhali hələ də əziyyət çəkir.
Kənd əhlindən Avrasiya.net-ə daxil olan məlumatda deyilir ki, gün ərzində kəndə verilən elektrik enerjisi hər saatdan bir kəsilir, özü də 4-5 saat fasilələrlə. Gün ərzində 2-3 saat elektrik enerjisi verilir. İşıq dirəkləri sıradan çıxıb, naqillər tez-tez qırılır. Kəndə qoyulan transformatorlar isə yararsız vəziyyətdədir.
Camaat deyir ki, Internet, telefon xətti olmayan bu kənd sanki Afrika cəngəlliklərini xatırladır. İnsanlar bir-biri lə əlaqə yarada bilmir, elektrik enerjisinin tez-tez kəsilməsi nəticəsində bir çox evdə olan texniki avadanlıqlar sıradan çıxıb. Hava qaralanda sonra göz-gözü görmür, kənddə həyat sönür, hamı evinə çəkilib lampa, şamın ətrafına toplaşır, məktəblilər dərslərini belə lampa işığında hazırlamaq məcburiyyətində qalırlar.
Edilən şikayətlərə isə baxılan yoxdur, yeni kabelləşmənin aparılacağı vədi ilə kənd camaatı illərdi aldadılır.

