“Heydər Əliyev və humanizm prinsipləri” adlı elmi-praktiki konfrans keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyası və Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və humanizm prinsipləri” adlı elmi-praktiki konfrans keçirilib.
“Heydər Əliyev İli” çərçivəsində Ümummilli liderin zəngin irsinin tədqiqi və bu sahədə keçirilən elmi-praktiki tədbirlərin davamı olaraq martın 6-da Dövlət Gömrük Komitəsinin Akademiyasında Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və humanizm prinsipləri” adlı elmi-praktiki konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov Ulu öndər Heydər Əliyevin müstəqil dövlətimizin formalaşmasında tarixi rolu barədə məlumat verərək, dövlətçilik təsisatlarının təşəkkülü və möhkəmləndirilməsində Ümumilli liderin əvəzsiz xidmətləri barədə çıxış edib.
Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədov çıxışında qayəsində humanizm və insanpərvərlik prinsiplərinin dayandığı Ulu öndər Heydər Əliyevin hüquq siyasəti barədə məlumat verib.
Daha sonra Dövlət Gömrük Komitəsinin Akademiyasının və Elm-Tədris Mərkəzinin əməkdaşları, habelə prokurorluğun veteranı Zahid Vəliyev “Azərbaycan Respublikasında demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda Heydər Əliyevin irsi”, “Heydər Əliyev və Azərbaycan Respublikası Konstitusiyası - İnsan hüquqları”, “Heydər Əliyev və Azərbaycan hüququnda humanizm - ölüm hökmü”, “Azərbaycan Respublikasında qadın hüquqlarının müdafiəsi və gender bərabərliyinin təmin edilməsi sahəsində Heydər Əliyevin rolu”, “Heydər Əliyev və vətəndaş məmnunluğunun hüquqi dövlət quruculuğunda xüsusi rolu”, “Heydər Əliyev beynəlxalq hüquq normalarının Azərbaycan Respublikasının qanunvericiliyinə implementasiyasının əsas müəllifidir”, “Şərqdə ilk dəfə Azərbaycanda ölüm cəzasının ləğvi Ümummilli lider Heydər Əliyev humanizminin təntənəsidir” mövzularında məruzə və təqdimatlarla çıxış edib.
Tədbirin davamı olaraq konfrans iştirakçıları Azərbaycan Gömrük Tarixi Muzeyi ilə yaxından tanış olub.


