Səhiyyə naziri əhaliyə ÇAĞIRIŞ etdi
Səhiyyə naziri yaşlı vətəndaşları vaksinasiya olunmağa çağırıb.
Avrasiya.net xəbər verir ki, bu barədə nazir Teymur Musayev jurnalistlərə açıqlamasında bildirib.
"Səhiyyə Nazirliyi vasitəsilə ölkəyə mövsümi qrip əleyhinə vaksin gətirilib, ilkin səhiyyə xidməti göstərən bütün müəssisələrə, TƏBİB-in tabeliyindəki Ailə Sağlamlıq mərkəzlərinə, şəhər və rayon poliklinikalarına paylanılıb. Saxlanılma qaydalarına ciddi nəzarət olunur. Fürsətdən istifadə edərək bütün yaşlı əhalini və ciddi xəstəliyi olan şəxsləri vaksinasiya olunmağa çağırıram", - deyə nazir bildirib.
O, həmçinin vurğulayıb ki, koronavirusa qarşı vurulan peyvəndlər mövsümi qriplərə qarşı effektiv deyil. Belə ki, COVID-19 əleyhinə olan vaksinlər məhz həmin virus üçün nəzərdə tutulub.
"Əminliklə deyə bilərik ki, 3 doza vaksin alanlar koronavirusun yeni yaranan ştamlarına qarşı qoruyuculuğa malikdirlər. Onlar yoluxsa belə, xəstəliyi yüngül keçirirlər", - T.Musayev əlavə edib.