İcra başçısı 20 Yanvar abidə kompleksinin yerini satıb?
Biz 1990-cı il, 20 Yanvar gecəsi azadlıq uğrunda 147 qəhrəman şəhid verdik, bu il faciənin 32 illiyi anıldı, Bakıdakı Şəhidlər Xiyabanı başda olmaqla ölkənin bütün bölgələrində şəhid abidələri ziyarət edildi, onların ruhuna dualar oxundu, qərənfillər qoyulub ehtiram göstərildi. Bəs, Bərdədə nə oldu?
Məlum oldu ki, Bərdənin icra başçısı Vidadi şəhərdəki 20 Yanvar şəhidləri üçün olan abidə-kompleksi dağıdaraq yerini satıb.
Anaxeber.info-ya verilən məlumata görə, ən dəhşətlisi 20 Yanvar şəhidləri üçün olan abidə-kompleksinin ərazisini heç kəsə yox, öz qaynı və sürücüsü olan Binyətov Çingiz Kəmaləddin oğlunun adına rəsmiləşdirib. Bərdə kimi böyük şəhərdə yer qəhət olub ki, icra başçısı şəhidlərə aid kompleksi sökdürüb yerini zəbt edib.
Bu haqda əldə etdiyimiz bilgilərə görə, Bərdə rayon İcra Hakimiyyəti tərəfindən möhürlü-ştamplı imza atılıb, ərazi İsayevin qaynına bağışlanıb. Görünür, şəhidlərə ehtiram üçün nəzərdə tutulan abidənin yerində çayxana, ya da ticarət obyekti tikmək planı olub.
Redaksiyamızı məlumatlandıran yerli sakinlərin bildirdiyinə görə, V.İsayev həmin yerin qaynına verilməsi haqda hərracın nəticələrini də, sərəncamı da etibarsız edib, ləğv olunub. Həmin sərəncam necə it-bata salınıbsa, necə qəhətə çıxıbsa, İH-nin dəhlizlərində var-gəl edənlərdən “gördüm” deyən olmayıb.
İcra başçısının qaynı isə həmin yerdən istifadə edə bilmir. Sadəcə, Bərdənin başçısı aranın sakitləşməsini gözləyir, toz-duman yatdıqdan sonra xəlvətcə sərəncamı qüvvəyə mindirəcək.
Prezident yerli telekanallara müsahibəsində demişdi ki, məmurlara ictimai nəzarət güclənməlidir. O, həmçinin bir çox hallarda neqativ məsələləri mətbuatdan öyrəndiyini təsdiqləmişdi. Bərdəlilər də bu çağırışa qoşularaq ictimai nəzarəti artırmaqla 20 Yanvar şəhidlərinə aid sökülmüş abidənin yerində hər hansı obyekt tikintisinə imkan verməməli, daim gündəmdə saxlamalıdırlar.
Lakin Bərdənin icra başçısı çıxış yolunu sərəncamı ləğv etdirib işi ört-basdır etməkdə görüb. Di gəl, bu gün də məsələ rayonda danışılır. Hətta bəzi məlumatlara görə, V.İsayev möhkəm narahatdır və yaxın çevrəsində qeyri-rəsmi söhbət zamanı vəziyyətin ciddi olduğunu bildirib. İddialara görə, icra başçısı ölkə rəhərliyi tərəfindən cəzalanacağından bərk qorxur.