Sizin Reklam Burada

“İki qış olacaq ki, ocağımız isinmir”

“İki qış olacaq ki, ocağımız isinmir”Şəhid anası:”Çünki ocağımızı Rüfətimin nəfəsi isidərdi...”

Həyat yoldaşım Akif Bayramovun baba yurdunda-Qubadlı rayonunun Zor kəndində cəmi üç dəfə qonaq olmuşam. Hər dəfə də, sanki cənnətə getmişəm. Balaca bir kəndi Ağa çayı ikiyə bölürdü. Kəndin baş tərəfindən meşə başlayırdı. O meşə ki, bütün meyvələri can dərmanıydı. Ağa çayındakı farel balıqların dadından doymaq olmurdu. Bu kəndin xanımlarının bişirdikləri doşabın (bəhməzin A.Ş.) əvəzi yoxuydu. Hələ mən balı demirəm. Balaca bir kəndin özünəməxsus yer adları vardı. Məsələn, Yumru Qaya, Xirmənlər, Düz yol, Qarakötük, Böyük Güney, Qəcir Qayası, Qənd Daş, Tısbağa Daş, Keçi Bərəsi, Sayadın Yolu, Xatun Bağı, Xatun Bulağı, Taxın Bulağı, Pələngi və Qaranın Bağı. Kənd camaatı toy-düyünü Qaranın Bağı deyilən məkanda qurardılar.
Zorun Qaraçıqaplan deyilən hündür yerindən durub baxanda Yuxarı və Aşağı Xocamsahlı kəndləri ovcunun içi kimi görünürdü...

Hər iki kəndin şəhid oğlu

...Düz 27 il bu cənnətməkan yerlər erməni qəsbkarlarının tapdağı altında qaldı. İşğal altında olan bütün yurdlarımız kimi bu yerlər də viran qoyuldu, tanınmaz hala salındı. Nəhayət, 2020-ci il sentyabrın 27-də Ali Baş Komandan İlham Əliyevin əmri ilə ordumuz hücuma keçdi və torpaqlarımızdan erməni separatçılarını, silahlılarını təmizləməyə başladılar. Qubadlı rayonu da oktayabrın 25-də erməni silahlılarından azad edildi. Bu və digər işğal altında olan yurd yerlərimizin azad olunmasında üç minə yaxın oğullarımız qəhrəmancasına şəhid oldu. Həmin şəhidlərdən biri də Rüfət Zöhrab oğlu Mustafayevdir...

...Rüfət Zorun, Yuxarı və Aşağı Xocamsahlı kəndlərinin qəhrəman və fəxr olunası oğullarındandır. Atası Zöhrab bəyin ana tərəfi Zor, ata tərəfi Aşağı Xocamsahlı, anası Afət xanım isə həm Yuxarı, həm də Aşağı Xocamsahlı qızıydı. 1993-cü ilin avqustun 31-də Qubadlı royonu Ermənistan silahlı qüvvələri tərəfindən işğala məruz qalanda Afət xanım ailəlikcə Sumqayıta pənah gətiriblər. Ailədə dörd bacı və bir qardaş olublar. Afət xanım 1995-ci ildə atasının dayısı oğlu Zöhrab bəylə ailə qurub. 1996-cı il mart ayının 12-də Rüfət dünyaya gəlib. Atanın, ananın yeganə övladı olub. Sumqayıtda 18 saylı orta məktəbi bitirib və Azərbaycan Texniki Universitetinə qəbul olub...

“Gözümdən belə qoruyurdum”

Afət xanım: “Yeganə övladımız olduğu üçün gözümdən belə qoruyurdum. Hara getdin, hardan gəldin, kimlə getdn, kimlə gəldin- suallarımla bəzən bezdiridim. Ancaq özümdən asılı deyildi. Yəqin ki, ailədən gəlmişdi, Rüfət çox mərhəmətliydi. Tikəsini bölməyi bacarırdı. Bizə yaxın kasıb ailələr var. Onların uşaqların çağırıb yedirib-doyuzdurar, evdə olan şirniyyatları yığıb verərdi. Əslində ər-arvad özümüz də beləydik. Mən kiməsə yaxşılıq edəndə rahat olurdum. Elə bilirdim Allah yaxşılıqlarımı görüb balamı qoruyacaq. Ona heç bir zaval gəlməyəcək. Ürəyim çox rahat idi. Ancaq sən saydığını say, gör fələk nə sayır...”

...Rüfətin ən böyük arzusu ali məktəbi qurtarandan sonra polis olmaq, insanların asayişini qorumaq olub. İlk öncə hərbii xidmətini keçmək, Vətənə olan borcunu yerinə yetirməliydi. Ona görə də 2019-cu il oktyabrın 23-də hərbi xidmətə gedib.

Afət xanım:”Göranboyda hərbi xidmətdə qulluq edirdi. Komandiri, polkovnik-leytenant Zaur Cəfərovun sürücüsü idi. Komandiri hara gedirdisə, onu müşayət edirdi. 2020-ci il Tovuz hadisələrindən sonra tez-tez Tərtər rayonuna gedib-gəlirdilər. Komandirindən o qədər razılıq edirdi ki... Deyirdi əsgərlər yemək yemədən özü yeməzdi. Bir sözlə, insan kimi insan idi. O da balamla bir yerdə şəhid oldu ...”

...Rüfət cəmi bir aydan sonra tərxis olunmalıydı. Ata və ana artıq hazırlıqlara başlamışdllar. Necə qarşılayacaqlar, harda qurban kəsəcəklər, qonaqları necə yola salacaqlar və s. Hətta hərbidən qayıdan kimi evləndirməyi belə fikirləşirdilər. “Tək övladdı. Vaxtında evlənib, oğul-uşaq sahibi olsun” deyib, planlar qurardılar...

“Bayrağımızı verdim ki...”

Afət xanım: “Bir il ərzində 3-4 dəfə hərbi hissəyə, Rüfətə baş çəkməyə gedib-gəlmişdik. Sonuncu dəfə də sentyabrın 6-da onunla görüşə getdik. Hər dəfə də gedəndə ürəyi istədiyi yeməklərdən bişirib aparardım ki, həm özü, həm də əsgər yoldaşları yesinlər. Bu dəfə gedəndə bayrağımızı da apardım ki, maşınından assın. Atasıyla sonuncu dəfə görüşəndə (müharibə ərəfəsində olub A.Ş.) bayrağı qaytarıb ki, Qubadlı işğaldan azad olunanda aparıb o yerlərdə ucaldarsınız. Deməyib ha apararıq... Deyib ki, apararsınız.. Sanki əvvəldən bilib ki, Qubadlı azad olunandan sonra atası yurdumuza gedəcək və onun əmanət elədiyi bayrağı aparıb Aşağı Xocamsahlı kəndində ağaca sancacaq. Çünki bayrağımızın sancılası nə bir ev, nə də məktəb var. Erməni yansın, daşı daş üstündə qoymayıblar..”

Sonuncu zəng

Sentaybrın 27-dən sonra bütün ana, ata kimi onlar da səksəkədə idilər. Bir ona inanırdılar ki, komandirin yanında oğullarına heş nə olmaz. Rüfət gündə iki dəfə valideynlərinə zəng vgurar, hal-əhval tutar, onlara toxtaqlıq verər, ondan nigaran qalmamağı dönə-dönə tapşırardı. Heç vaxt yerini aşkar etməzdi. Halbuki, Suqovuşanın alınmasında qəhrəmancasına iştirak edib. Rüfət sonuncu zəngini oktyabrın 9-da atasına edib. Həmin gecə polkovnik-leytenant Zaur Cəfərov, kapitan Samir İslamov və Rüfət döyüş tapşırığını yerinə yetirmək üçün yola çıxıblar. Oktayabrın 10-da Ömər Aşırımı deyilən ərazidə minaya düşərək qəhrəmancasına şəhid olublar. Şəhidlərimiz 3 gün neytral zonada qalıblar. Və sonradan hər üç şəhidin nəşinin çıxarılmasına nail olunub...

Afət xanım: “Hər gün zəng edən uşaqdan xəbər yoxuydu. Məlumatsızlıq bizi dəli edirdi. Heç bir işə əlimiz yatmırdı. Gözüm televizorda xəbərləri, alınan yerləri izləyir və sevinir, qulağım da həsrətində olduğumun telefon zəngindəydi. Atasına zəng vurublar ki, oğlun itkin düşüb. Mənə bildirmədən Tərtərə gedib. Şəhidlərin nəşini alandan sonra yoldaşıma deyiblər ki, oğlun şəhid olub”.

“Evimizə gələndə divarlarımız da gülərdi”

...Bayaqdan bəri Rüfətin divar boyu düzülən şəkillərinə baxıb səssizcə ağlayan Afət xanımın anası Raya nənə:”Can bala, mən ölərdim təki, sənə heç nə olmazdı. Axı sən tək idin. Bu həyatda nə görmüşüdün. Rüfət mənim ürəyim, gözümün nuruydu. Bütün övladlarımın başıydı. Hara ayağın qoyardısa, orda toy-bayram olardı. Evimizə gələndə divarlarımız da gülərdi. İndi divarlarımız qan ağlayır. Mələk üzlü Rüfətim gedəndən bəri dünyam qaralıb”.
Xalası Nəhayət:”Rüfət mənim hər şeyim idi. O, mənə övladsızlığı hiss etdirməyib. Biz bu həyatda yaşamırıq ki, canlı meyidik”.
...Anaya, nənəyə, xalaya baxıram. Sözün bitdiyi yerdi. Yeganə övladını itirən anaya hansı sözü deyib təskinlik verəsən. Tək bir söz var-başını dik tut, oğlun bu Vətən torpaqlarını azad edərək şəhid olub. Şəhidlik zirvəsində bərqərardır. O zirvə ki, Ulu Tanrının ən uca məkanıdı...Şəhidlik bir insanın arzuladığı ən yüksək mərtəbədir ki, hər kəsin də nəsibi olmur...

“İstədiyin varsa get yaxşı bir hədiyyə al”

Afət xanım: “Deyirdi hərbi xidmətimi başa vurub gəlim işləyəcəm, səni saraylarda yaşadacam. Ali məktəbdə oxuyanda fikirləşirdim ki, bəlkə bir istədiyi, könül verdiyi var. Ona görə də 8 mart yaxınlaşanda pul verirdim ki, istədiyin varsa get yaxşı bir hədiyyə al, təbrik elə. Gülürdü və deyirdi: “Hələ vaxtı deyil. Hərbi xidməti başa vurum, gəlib arzuladığım işdə işləyim, sonra sən deyən olar”. Ancaq mən yenə də beynimdə planlarımı qurardım. O gün gələndə gedib qızın anasına necə söz açaram. Böyük elçiliyində qız evinə kimləri apararıq. Mütləq nişan eləməliyəm. Çünki aman-zaman bir balam var. Eh, nələr fikirləşirdim, nələr. Hamısı puç oldu. Oktyabrın 13-də Sumqayıt Şəhidlər Xiyabanında balamı torpağa tapşırandan bəri hər gün məzarı başında ağlayıb, onunla dərdləşirəm. Hərdən elə bilirəm ki, məni eşidir. Sonra qayıdıb evə gəlirəm. İşıqları yanmayan ocağıma. İki qış olacaq ki, ocağımız isinmir. Çünki ocağımızı Rüfətimin nəfəsi isidərdi...”

...Şəhidliyindən 15 gün sonra Qubadlı rayonu erməni işğalçılarından azad edildi. Qubadlı haqqında nənələrdən, ata və anadan eşidib xəyallar qurmuşdu. O yerlərə qayıdacaq günlərin xəyallarını...

...Prezident İlham Əliyevin sərəncamı ilə Rüfət Mustafayev “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə, “Cəsur döyüşçü” medalları ilə təltif olunub. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Arzu Şirinova

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər