Eldar Həsənovun səhhəti pisləşdi

Eldar Həsənovun səhhəti pisləşdiAzərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənovun cinayət işi üzrə məhkəmə prosesi təxirə salınıb.

Avrasiya.net-in məlumatına görə, bu barədə Teleqraf.com-a Eldar Həsənovun vəkili Valeh Mehraliyev bildirib.

Vəkil qeyd edib ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə ittiham elan olunub: “Eldar müəllim açıq şəkildə ifadə verəcəyini elan etdi. Qısa izahat verdi ki, humanitar layihələr dövlətin təyin etdiyi iki şəxs vasitəsi həyata keçirilib. Sonra Eldar Həsənovun səhhəti pisləşdiyinə görə hakim məhkəməni yarımçıq saxladı.

Hazırda Eldar müəllimi təcridxanaya apardılar. O, nə çox otura, nə də çox ayaq üstə dura bilir. Saat 10-da başlayan məhkəmə prosesi 16-da bitdi. Otaqdakı havasızlıq da onun səhhətinə pis təsir etdi”.

Valeh Mehraliyev qeyd edib ki, növbəti məhkəmə prosesi sentyabrın 13-ü saat 13:00-a təyin olunub: “Hakimin dediyinə görə, məhkəmə həftədə iki dəfə - bazar ertəsi və cümə günləri keçiriləcək”.

Rəsmi ittihama görə, Eldar Həsənov Azərbaycan Respublikasının Rumıniya, Serbiya Respublikası, Bosniya və Herseqovina və Monteneqroda fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 17.931.316 manat (16.893.868 avro) pul vəsaitini səfirliklər üçün yeni inzibati binaların alınması, habelə təmir-tikinti işləri ilə əlaqədar israf etmə və mənimsəməsinə, cinayət yolu ilə əldə edildiyini bilə-bilə 11.804.661 manat (11.156.716 avro) məbləğində pul vəsaitini leqallaşdırmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətməsinə, vəzifəli şəxs kimi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan 327.373 manat (180.728 avro) məbləğində mühüm zərər vurmasına və dövlət büdcəsinin xeyli miqdar təşkil edən 192.387 manat (101.761 avro) pul vəsaitindən təyinatı üzrə istifadə etməməsinə əsaslı şübhələr müəyyən edilib.

İstintaq orqanı tərəfindən Eldar Həsənovun barəsində Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

Qeyd edək ki, Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın baş prokuroru olub.