Sizin Reklam Burada

Ümummili liderimizin adını daşıyan prospekti zibilliyə çevirib vətəndaşları dövlətdən narazı salanlar - FOTOLAR

Şabran şəhəri ancaq zibilliklərlə abadlaşdırılır

Ümummili liderimizin adını daşıyan prospekti zibilliyə çevirib vətəndaşları dövlətdən narazı salanlar - FOTOLAR
Azərbaycan Prezidenti cənab İlham Əliyev məmur-vətəndaş münasibətlərində, vətəndaşlarla ünsiyyətdə öz şəxsi keyfiyyətləri və nümunəvi davranışı ilə ən mükəmməl örnək olmaqla yanaşı, haqlı olaraq dövlət idarəçiliyindəki hər kəsdən də bunu tələb edir. Prezident vətəndaşlarla münasibətdə şəffaflığın artırılmasını, etik qaydalara əməl edilməsini, onlara daha keyfiyyətli, rahat, müasir şəkildə xidmət göstərilməsini və vətəndaş məmnunluğunun təminini məmurlar qarşısında ən zəruri vəzifələr kimi müəyyənləşdirib.

Prezident öz şəxsi nümunəsi ilə bütün məmurlara xalqla bir yerdə olmalarının, vətəndaşların müraciətlərinə, problemlərinin həllinə qayğı ilə yanaşmalı olduqlarının vacibliyini örnək göstərir. Daim öz xalqının yanında olmaq, onun çətinliklərinə, problemlərinə həssaslıqla yanaşıb onların operativ həlli istiqamətində əsas tədbirlər görmək Prezident İlham Əliyevin iş üslubuna çevrilib.

Amma təəssüflər olsun ki, bəzi məmurlar bunu nəinki özlərinə nümunə kimi götürmürlər, sığışdırmırlar. Onlardan biri də Şabran rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov və şəhər üzrə nümayəndəsi Orxan Kərimovdur.

Şabran rayonun problemləri çoxdur, sadalamqla bitməz. Bu günün deyil, çoxdandan yığılıb qalıb. Rayonun sabiq başçısı Novruz Novruzov hərdən şəhəri gəzərdi, müəyyən problemlərin həllinə göstərişlər verərdi. Amma Asif Hüseynovu rayonda ancaq ətrafı tanıyır. Elə Siyəzəndə icra başçısı işləyəndə də onu tanımırdılar. Kabinetindən çıxmır, yayda tər basar, qışda soyuq dəyər. Şəhər üzrə nümayəndəsi də onun kimi.
Əgər şəhəri gəzsəydilər, vətəndaşlarla mütəmadi ünsiyyətdə olsaydılar o zaman problemlərdən agah olardılar, azından şəhərin zibilliklər məkanına çevrildiyini, yolların bərbadlığını görərdilər. Görməyiblərsə, görüb göz yumublarsa, hər iki halda yenə məsuliyyət daşıyırlar...

Bu dəfə çox sadə dillə şəhərin mərkəzi - ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan prospektin zibilliyə çevrilməsindən bəhs edəcəyik. On illərdir prospektin Ordubadi adına küçə ilə kəsişən nöqtəsində iki yararsız zibil qutusu qoyulub. M.Ə.Sabir, Ordubadi, Z.Əliyeva adına küçələrin və sözügedən prospektin sakinləri, ətrafda fəaliyyət göstərən mağaza və iaşə obyektlərinin bütün məişət tuallantıları, hətta prospekti iki yerə bölən parkın tullantıları da bura tökülür.

Yayın istisində zibilin üfunəti, iylənməsi, milçəklər, sür-sümük üstündə pişiklərin dalaşması, gecələr itlərin boğuşması... küləkli havada zibil tullantılarının havada “rəqs etməsi”, ətrafa yayılması, daşınmayan zibillərin yağış suyunda yuyunması... özgə bir aləmdir. Mən hələ bura atılan qoyun başı, mal içalatı, ölü pişik və toyuqları demirəm... Hələ səhər saat 6-7 radələrində zibil yığanların yararsız, təkərsiz qutuları asfalt üzərində zibil maşınına sürükləməklə "həyacan siqnalı"nı vermələrini demirəm. Ətrafda yaşayanlar yuxudan hövlanak dururlar... Bütün bu səs-küydən, üfunətdən, cəhənnəmdən uzaq olanlar arasında başçı və onun şəhər üzrə nümayəndəsi də var. Hansılar ki, bu problemin həllində birbaşa məsuliyyət daşıyırlar. Vətəndaşlar burada üfunətdən, çirkabdan, milçək əlindən həyətlərində otura bilməyəndə, onlar rahat şəkildə kondisionerli kabinetlərdə əyləşirlər, sübh tezdən "həyacan siqnalı"na yuxudan oyananda, onlar mışıl-mışıl yatırlar...

Dövlət idarə və strukturlarının əksər hissəsi bu prospektdə yerləşir. Hər gün bu yolla başçı, müavinləri, şöbə rəisləri, idarə müdirləri işə gedib, gəlirlər. Elə rayonumuza qonaq gələnlər də bu yoldan keçirlər. Bu mənzərəni görməmək mümkün deyil. Bunun üçün gərək kor olasan, amma bu işə məsuliyyətli oradan keçən məmurların heç biri fiziki qüsurlu deyil. Xüsusən də İcra Hakimiyyətinin rəsmiləri. Əgər görürlərsə bəs niyə ölçü götürülmür? Cavab çox sadə və aydındır – yolüstüdür. Nə borclarına, bu cəhənnəm əzabını çəkənlər onlardan deyillər.

...O.Kərimovun qəbulunda olub məsələni ona anlatdıq. Çəkilən fotoları ona göstərdik. Təklif etdik ki, M.Ə.Sabir, Z.Əliyeva adına küçələrə də zibil qutuları qoyulsun, zibil qutularının yeri dəyişdirilsin. Nə Sabir adına küçəni tanıdı, nə də hansı prospektdən, hansı zibil qutularından söhbət getdiyini bildi. Qınamadım onu, çünki şəhərə bələd olmayan birini kənddən gətirib nəyinsə müqabilində orada oturdanda belə olar. Amma O.Kərimov problemin tez bir zamanda həll olunacağına söz verdi, hələ bizim yanımızda kiminləsə də danışdı... Rəhbərə xas olan bir xüsusda tapşırıqlar verdi, düşündüm ki, həll olunar. Sən saydığını say, gör Orxan müəllim nə sayır...

Heç nə dəyişmədiyini görüb, İcra Hakimiyyətinin bir neçə məsulunu məlumatlandırdıq. Heç kimdən səs çıxmadı. Sosial şəbəkədə problemi foto-faktlarla ictimailəşdirdiyimiz dəqiqə hörmətli millət vəkilimiz Sadiq Qurbanovun köməkçisi Elnur Rəhimovun müdaxiləsindən sonra qutular təmizləndi. Hətta fotolarını çəkib bizə də göndərdilər ki, baxın, problem yerindəcə həll olundu. İcra Hakimiyyətindən mənə yazdılar ki, bəs Orxan müəllimə bu barədə tapşırıq da verildi ki, o yer nəzarətə götürülsün. Acınacaqlı və utanverici bir durum idi ki, zibil problemi İcra Hakimiyyəti rəsmiləri, şəhər üzrə nümayəndə yox, deputat köməkçisinin müdaxiləsindən sonra həll olundu. Sözün düzü, özüm onların yerinə utandım. Görünür, onların başı başqa işlərə qarışıb...

Bununla problemin həll olunmadığını desək də, yenə vədlər verdilər. Nəhayət, gec də olsa rayonun "başbilənləri" iki yararsız zibil qutusunun 3-4 küçə üçün az olduğunu başa düşdülər. Çıxış yolu kimi bura daha iki zibil qutusunu gətirib qoydular. Hələ də bu "başbilənlərə" başa sala bilmədik ki, prospekt ümummilli liderimizin adını daşıyır, mərkəzi küçədir. Belə xoşagəlməz halların yaranmasına rəvac verməyin, şərait yaratmayın. Zibil qutularının sayını artırmaqla zibilliyin masştabının böyüməsinə şərait yaradırsız. Zibil qutularının yerini dəyişin, ətrafda münasib, qapalı yerlər çoxdur. Bura əlavə iki qutu qoymaqdansa, o qutuları paylaşdırın zibil qutusu olmayan küçələrə. Nə fayda... 4 qutu da dolub, daşdı... Vətəndaş məsuliyyətsizliyi də məmur məsuliyyətsizliyinə qovuşdu. Zibillər zibil dolu bağlamalarını yerə atırlar, bu azmış kimi, yararsız təsərrüfat malları, şifer, metallar, polietilen qablar, maşın təkərləri, ağac budaqları.... bir sözlə kimin əlinə nə keçir gətirir atır bura. İş o yerə çatıb ki, aşağı gedən, yuxarı gələnlər maşınını saxlayıb elə pəncərədən zibil bağlamalarını bura tullayırlar. Bu yeri gündə beş dəfə də təmizləsələr belə bir saatdan sonra əvvəlki acınacaqlı vəziyyətinə düşür.

Suallar çoxdur, amma cavabları verən yoxdur, hamı yayınır, qaçır, gizlənir.

İcra başçısı, onun şəhər üzrə nümayəndəsinin qapısı ağzında belə bir mənzərə yaransaydı nə edərdilər?

İcra başçısı, onun şəhər üzrə nümayəndəsi ümummilli liderimizin abidəsini ziyarət edib, ruhu qarşısında baş əyirlər, bəs niyə onun adını daşıyan prospektlə işə gedəndə başlarını qaldırıb ətrafa göz gəzdirmirlər ki, burada nələr yaşanır...

Nədən imkanlı şəxslərin villalarının darvazaları qarşısında xüsusi olaraq zibil qutuları yerləşdirilir (əlimizdə foto-faktlar var, etik cəhətdən ictimailəşdirmək istəmirik), zibil maşını bir şəxsin zibilini daşımaq üçün həmin ünvana sürülür. Amma 100-ə yaxın sakinin yaşadığı küçəyə bir zibil qutusu belə qoyulmur?

Niyə və nədən prospekt və mərkəzi küçələrdə harada bir dalan tapırlarsa dərhal zibil qutuları ora yerləşdirilir?

Niyə bu yerdən iki ev, yəni 20 metr aralı, H.Əliyev prospekti 27 ünvanda daha iki qutu qoyulub? Zibil qutularını prospektin görünən yerlərdə qoyulması nə məqsəd daşıyır?

Niyə rayonda ancaq bir zibil daşıyan maşın var ki, o da rahatlığı üçün ancaq mərkəzi küçələrdə görünür, dalanlara girmir?

Niyə məmurlar bu qədər amansız, insafsız olub vətəndaşların adi sosial problemini həll etmək istəmirlər?

İki zibil qutusunun yaratdığı fəsadları, narazılığı aradan qaldıra bilməyən icra başçısı və onun şəhər üzrə nümayəndəsi rayonu, şəhəri necə idarə edə bilər?

Onlar o kabinetlərdə niyə və nəyə görə əyləşiblər, vəzifə borcları kimə xidmət etməkdir?...



Yeri gəlmişkən, iki gün öncə axşam çağlarında bir şəxsin arabada qoyun dərilərinin bura gətirib atdığının şahidi olduq. Soruşdum ki, bu dəriləri haradan gətirmisən, bir adamındır? Cavab verdi ki, yox, yollardan yığıram. Dedim bəs niyə bura? Cavabı maraqlı oldu: “Başqa hara atım ki, bu ətrafda bircə zibil qutuları buradadır. Mənə dedilər ki, apar ora at”. Yolun o tayında çayxanada əyləşənlərin etirazına baxmayaraq, həmin adam tapşırığa əsasən qoyun dərilərini bura atdı...

Yayın istisi, iylənmiş qoyun dəriləri.. Üfunət "dörd yol" adlanan bütün ərazini bürüdü. İcra başçısı, şəhər üzrə nümayəndəsi təsəvvür edə bilməzdi ki, həmin vaxt burada hansı iyrənc anlar yaşandı. Çünki, bu cəhənnəmdən çox-çox uzaqdaydılar. Onlar üçün insan amili arxa plandadır.

Azərbaycan Respublikası Konstitusiyasının 39-cu maddəsində yazılıb:

- Hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır.
- Hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq və ekoloji hüquqpozma ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ vardır.
- Heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz.

Hörmətli, Şabran rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov və şəhər üzrə nümayəndəsi Orxan Kərimov, vətəndaşların hüquqlarını pozmayın. Konstitusiyada yazılmayıb ki, icra başçısı və ya onun nümayəndəsi ancaq kabinetdə oturmalıdır. Çıxın kabinetlərinizdən, vətəndaşlarla görüşün, problemlərini dinləyin, onların həllinə çalışın. Bilirəm, heç yeri tanımırsız, bilmirsiz ki, hansı küçədə nə problem var. Gəlin, sizə bələdçilik edək. Vətəndaş-məmur münasibəti ilə bağlı cənab Prezidentimizin tapşırıq və tövsiyələrini qulaqardına vurmayın. “Şabranda mən, Bağdadda kor xəlifə” prinsipi ilə yaşamayın. Bu ölkənin sahibi olduğunu yaddan çıxarmayın, qanunların işlədiyini də göz önünə gətirin, qanun aliliyinə hörmətlə yanaşın.
Cənab Prezident İlham Əliyevin mesajını da yaddan çıxarmayın: "Heç kim toxunulmaz deyil".

Hər gecə Sabir küçəsindən uzun bir yol qət edib bura zibil atmağa gələn yaşlı qadınlarımızı, xanımlarımızı fikirləşin. Vətəndaşlar narazıdırlar. Özünüzü ətrafdakı sakinlərin yerinə qoyun. Necə əziyyət çəkdiklərini bir düşünün. İnsafınız olsun, məmur özbaşnalığına son qoyun, çirkin əməllərinizlə əhalini bu dövlətdən, bu hökumətdən narazı, incik salmayın. Tutduğunuz vəzifədən sui-istifadə edərək insanların haqqını tapdamayın. Elə bir fəaliyyət göstərin ki, sabah ictimaiyyət arasına çıxmağa üzünüz gəlsin. Vətəndaşa xidmət etmək, onun hüquqlarını qorumaq, problemləri ilə maraqlanmaq borcunuzdur, bunu sizdən heç kim xahiş etməməlidir.

Yalnız prospektin kiçik bir hissəsinin böyük bir problemindən yazdım. Belə iyrənciklər prospekt boyunca, bütün mərkəzi küçələrdə, hətta şəhər bazarının üst tərəfində yaşanır. Şəhər ancaq zibilliklərlə abadlaşdırılır, heç bir quruculuq işləri aparılmır...



P.S. Cənab Prezidentimiz İlham Əliyevdən bir daha xatırlama: "İnsanların yaxşı yaşaması təkcə maddi tərəflə ölçülmür. Burada, əlbəttə ki, məmur-vətəndaş münasibətləri xüsusi yer tutur. Mən dəfələrlə bu məsələ ilə bağlı öz fikirlərimi demişəm, bu gün də deyirəm. Hər kəs bilsin, eşitsin və nəticə çıxarsın: məmurlar xalq üçün yaşayırlar, əksinə deyil. Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət göstərməlidir, köməklik göstərməlidir, yekəxanalıq etməməlidir, hansısa qanunsuz tələb irəli sürməməlidir, özünü təvazökar aparmalıdır - özü də, ailə üzvləri də, nümunə olmalıdır, rüşvətxorluqla məşğul olmamalıdır, soyğunçuluqla məşğul olmamalıdır. Məmur bax belə, dediyim kimi olmalıdır. Mən hər bir dövlət məmurunu təyin edəndə və ya icra başçısını başqa vəzifəyə qəbul edəndə də göstərişlər verirəm ki, get, insanlara qulluq elə, xidmət elə, dövlətə xidmət elə, təmiz işlə. Amma əfsuslar olsun ki, bəziləri nəticə çıxarmırlar və onların da cəzası verilir və veriləcəkdir... ...Biz "ASAN xidmət"i yaratdıq, hələ bir şikayət eşitməmişəm. ...Bu, həm bizim iradəmizi göstərir, həm də bunu etməyin mümkünlüyünü göstərir. Hər şey məmurlardan asılıdır. Məmurlar işlərində nöqsana yol verərlərsə, cəzalandırılacaqlar".

(2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransdan)

Cavid Şahverdiyev
Avrasiya İnformasiya Agentliyinin baş redaktoru,
Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər