Amnistiya təşəbbüsü: Humanizm, hüquq dövləti və cəmiyyətin yenidənqurulması modeli
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülən amnistiya təşəbbüsünün təxminən 20 min vətəndaşa şamil ediləcəyi gözlənilir. Bu addım təkcə humanizm prinsiplərinin təzahürü deyil, eyni zamanda cəmiyyətdə tərbiyəvi və sosial reinteqrasiya baxımından mühüm əhəmiyyət daşıyan dövlət siyasətinin davamıdır.
Humanizm Prezident İlham Əliyevin yürütdüyü siyasətin ana xəttini təşkil edir. Bu yanaşmanın mahiyyəti ondan ibarətdir ki, cəza özü-özlüyündə cinayətkarlığın qarşısını alan yeganə mexanizm deyil. Əsas məqsəd insanlara etdikləri səhvləri dərk etmək, peşmanlıq hissi keçirmək və yenidən cəmiyyətə faydalı fərd kimi qayıtmaq imkanı yaratmaqdır. Dövlət məhz bu məqamda tərbiyəedici və islah yönümlü rol oynayır.
Amnistiya – cəzadan daha çox islah mexanizmi
Təcrübə göstərir ki, törətdiyi əmələ görə peşmançılıq çəkən və həyatını yenidən qurmaq istəyən insanlar üçün ikinci şans mexanizmi olduqca vacibdir. Amnistiya məhz bu baxımdan cəmiyyət üçün təhlükə yaratmayan, lakin sosial ədalət və mərhəmət prinsiplərinə söykənən bir hüquqi alətdir. Prezident İlham Əliyevin siyasətinin əsas qayəsi də insan amilini, vətəndaşın sosial adaptasiyasını və hüquq dövləti prinsiplərini ön plana çəkməkdir.
Son 30 il ərzində imzalanmış 71 əfv fərmanı nəticəsində 10 mindən artıq məhkum azadlığa buraxılıb. Bununla yanaşı, qəbul edilmiş 12 amnistiya qərarı ümumilikdə 130 mindən çox şəxsə şamil olunub. Bu statistika Azərbaycanın humanizmə əsaslanan hüquqi dövlət modelini ardıcıl şəkildə həyata keçirdiyini göstərir.
Müstəqillik dövrünün ən genişmiqyaslı amnistiyası
Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə Milli Məclisə təqdim etdiyi Amnistiya Qərarının layihəsi əhatə dairəsinə görə Azərbaycanın müstəqillik dövründə ən genişmiqyaslı amnistiya sənədi kimi qiymətləndirilir. Qərarın ümumilikdə 20 minə yaxın şəxsə şamil ediləcəyi, onlardan 5 mindən çoxunun isə azadlıqdan məhrumetmə cəzasından azad olunacağı bildirilir.
Amnistiya aktının 3 və 4-cü hissələrində onun hüquqi qüvvəsi və tətbiq mexanizmləri aydın şəkildə müəyyən edilib. Qərar qəbul olunduğu gündən qüvvəyə minəcək və icra müddəti 4 ay nəzərdə tutulur. Lakin mövcud praktika göstərir ki, bu cür qərarların icrası daha qısa müddətdə təmin edilir.
Kimlər amnistiyadan yararlana bilər?
Amnistiya aktı qəbul edilərsə, aşağıdakı kateqoriyalara aid şəxslər cəzadan və ya cinayət məsuliyyətindən azad edilə bilərlər:
• dövlətin ərazi bütövlüyünün müdafiəsində iştirak etmiş şəxslər, o cümlədən Vətən müharibəsinin iştirakçıları;
• 2023-cü ilin 19–20 sentyabr tarixlərində keçirilən antiterror əməliyyatlarında iştirak edənlər;
• həmin əməliyyatlar zamanı həlak olmuş və ya xəsarət almış şəxslərin yaxın qohumları;
• Ermənistanın hərbi təxribatları nəticəsində zərər çəkmiş şəxslər;
• mülki əhaliyə qarşı hərbi təxribatlar zamanı zərər görmüş vətəndaşlar.
Bununla yanaşı, sosial baxımdan həssas qrupların da amnistiya aktının əhatə dairəsinə daxil edilməsi nəzərdə tutulur. Buraya qadınlar, 60 yaşına çatmış və ya ondan yuxarı şəxslər, azyaşlı uşaqları olan valideynlər və digər humanitar əsaslı kateqoriyalar daxildir.
Zəfərdən sonra hüquqi və sosial mərhələ
Bu amnistiya aktı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından sonra, ölkə ərazisində Konstitusiyanın bütövlükdə tətbiqi fonunda qəbul edilir. Məhz bu faktor onun miqyasını və siyasi-hüquqi əhəmiyyətini daha da artırır.
Xatırladaq ki, 2021-ci ildə qəbul edilən Zəfər amnistiyası 17 mindən artıq şəxsə şamil olunmuşdu. Növbəti amnistiya aktının isə 20 mindən çox insanı əhatə edəcəyi gözlənilir. Bu təşəbbüs hüquq dövləti prinsipləri, humanizm və mərhəmət dəyərləri, postmüharibə dövründə sosial reinteqrasiya və Konstitusiyanın ölkənin bütün ərazisində tam tətbiqi kontekstində qiymətləndirilməlidir.
Prezident İlham Əliyevin amnistiya təşəbbüsü bir daha sübut edir ki, Azərbaycan yalnız güclü dövlət deyil, eyni zamanda insan mərkəzli, mərhəmətə və sosial ədalətə əsaslanan hüquqi sistem qurur. Bu qərar cəmiyyətin sağlamlaşmasına, insanların yenidən həyata bağlanmasına və sosial harmoniyanın möhkəmləndirilməsinə xidmət edən strateji addımdır.
Arzu Nağıyev
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri
