Bu, regional sabitliyə, iqtisadi inkişafa geniş imkanlar yaradır - Şərh
“Slovakiya və Azərbaycan arasında əlaqələr, sözün əsl mənasında qarşılıqlı etimad və dostluq prinsiplərinə əsaslanır. İki ölkə arasında imzalanan Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə bu münasibətləri yüksək səviyyəyə çatdırıb”.
Bunu Avrasiya.net-ə açıqlamasında Milli Məclisin deputatı Asif Əsgərov deyib.
Deputat bildirib ki, Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki tərəfli əlaqələrdə yeni bir mərhələnin başlanğıcı deməkdir.
Energetika sahəsi bu əməkdaşlıq məsələlərinə toxunan deputat qeyd edib ki, bu sahə əməkdaşlığın strateji istiqaməti olaraq xüsusi əhəmiyyət kəsb edir: “İlk dəfə ötən il Azərbaycan qazının Slovakiyaya çatdırılması bu sahədə əməkdaşlığın yeni mərhələsinin başlanğıcı hesab olunur”.
O hesab edir ki, iki ölkənin qaz sektorunda birgə əməkdaşlığı üçün geniş imkanlar mövcuddur və gələcəkdə biz bu sahədə uğurlu əməkdşalığın şahidi olacağıq. “Nəticədə Slovakiya və onun qonşuları üçün Azərbaycan qazının daha böyük həcmdə ixracı mümkün olacaqdır”, - o vurğulayıb.
Azərbaycanla Slovakiya arasında nəqliyyat, tranzit-yükdaşıma sahəsində də geniş imkanlaırn mövcud olduğunu qeyd edən deputat bildirb ki, Orta Dəhliz layihəsində fəal iştirak edən Azərbaycan Şərqlə Qərb arasında körpü rolunu oynamaqla Avropa ilə Asiyanı birləşdirən ən etibarlı, təhlükəsiz nəqliyyat marşrutlarının inkişafına töhfə verir: “Bu baxımdan, iki ölkə arasında nəqliyyat sahəsində perspektivlər xüsusi əhəmiyyət daşıyır və gələcək illərdə bu sahəyə əlavə vəsait ayrılması logistika imkanlarını daha da genişləndirərək Azərbaycan-Slovakiya münasibətlərini strateji kontekstdə möhkəmləndirəcəkdir.
İki ölkə arasında əməkdaşlıq üçün digər mühüm sahə energetika və rəqəmsal infrastruktur sahəsində də əməkdaşlıq perspektivləri genişdir. Dövlətimizin böyük enerji potensialı süni intellekt və data mərkəzləri üçün əsas üstünlük təşkil edir. Hazırda istifadə olunmayan 2 giqavat enerji potensialı növbəti beş il ərzində 8 giqavata çatdırılacaq, bu isə beynəlxalq data mərkəzləri üçün əlverişli mühit yaradır. Soyuq iqlim şəraiti və geniş enerji imkanları Azərbaycanın bu sahədə regional və qlobal tərəfdaşlar üçün cəlbedici potensialını ortaya qoyur. Slovakiya şirkətləri ilə bu istiqamətdə həyata keçiriləcək layihələr iki ölkə arasında texnoloji əməkdaşlığı daha da möhkəmləndirəcəkdir.
Bu əməkdaşlıq həm regional sabitliyə, həm də iqtisadi və texnoloji inkişafın genişlənməsinə xidmət edir, gələcəkdə yeni layihələrin və təşəbbüslərin reallaşmasına geniş imkanlar yaradır”.
Mürtəza
