Azərbaycan parlamentinin 107-ci ildönümü: tariximizin şanlı səhifəsi
Bu gün Azərbaycan parlamentarizminin təməlini qoyan tarixi hadisədən – Azərbaycan Parlamentinin yaranmasından 107 il ötür. 1918-ci il dekabrın 7-də saat Hacı Zeynalabdin Tağıyevin Nikolayev küçəsində yerləşən Qız məktəbinin binasında Azərbaycan Cümhuriyyəti Parlamenti ilk iclasını keçirərək fəaliyyətə başlayıb. Bu hadisə təkcə Azərbaycan dövlətçilik tarixində deyil, bütövlükdə Şərq dünyasında demokratik ənənələrin formalaşması baxımından mühüm dönüş nöqtəsi olmuşdur.
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin yaradılması xalqımızın dövlətçilik iradəsinin, demokratik prinsiplərə sadiqliyinin və milli dövlət quruculuğu yolunda qətiyyətinin bariz təzahürü idi. Qısa ömürlü olmasına baxmayaraq, Cümhuriyyət Parlamenti milli dövlətçilik, parlamentarizm və ictimai-siyasi fikir tariximizdə əvəzsiz rol oynamışdır.
Parlamentin tərkibi və təmsilçilik prinsipi
O dövr üçün nadir demokratik nümunə olan təmsilçilik sistemi – 24 min nəfərə 1 nümayəndə prinsipi ilə formalaşan Parlament 120 üzvdən ibarət idi. Maraqlı məqamlardan biri də ondan ibarət idi ki, say baxımından azlıq təşkil etmələrinə baxmayaraq, ölkədə yaşayan alman, yəhudi, gürcü və polyak icmalarına da parlamentdə bir nümayəndə ilə təmsil olunmaq hüququ verilmişdi. Bu addım Azərbaycan Cümhuriyyətinin etnik və dini müxtəlifliyə verdiyi dəyərin, tolerantlıq ənənələrinin dövlət səviyyəsində təsdiqi idi.
Parlamentin ilk iclasında milli hərəkatın tanınmış lideri, görkəmli hüquqşünas, bütün Rusiya müsəlmanları arasında nüfuz sahibi olan Əlimərdan bəy Topçubaşov yekdilliklə parlamentin sədri seçilmiş, Həsən bəy Ağayev isə birinci müavin postuna layiq görülmüşdür.
Fəaliyyət dövrü və qəbul edilmiş qanunlar
Azərbaycan Cümhuriyyəti Parlamenti 1918-ci il dekabrın 7-dən 1920-ci il aprelin 27-dək – 16 ay 20 gün və ya 506 gün fəaliyyət göstərmiş, bu müddətdə 145 iclas çağırılıb.
İclasların bir qismi ölkənin müstəqilliyi və mühüm siyasi hadisələr münasibətilə tarixi və təntənəli şəkildə keçirilmiş, bir qismi isə regional və beynəlxalq proseslərlə bağlı fövqəladə toplantılar şəklində təşkil olunub. Qalan 122 iclas isə sırf işgüzar xarakter daşımış və burada: daxili və xarici siyasət, iqtisadiyyat və maliyyə, aqrar islahatlar, sosial məsələlər,ordu quruculuğu, qanunvericilik təşəbbüsləri,təhsil və mədəniyyət sahələri üzrə mühüm qərar və qanunlar qəbul edilib.
Bu müddətdə Parlamentin gündəliyinə 270-dən çox qanun layihəsi çıxarılmış, onların təxminən 230-u qəbul edilib. Qalan layihələr isə əlavə müzakirələr üçün komissiyalara qaytarılmışdır. Cümhuriyyət Parlamenti fəaliyyət göstərdiyi qısa zaman ərzində dövlətçiliyin hüquqi, inzibati və siyasi əsaslarının formalaşdırılmasında misilsiz rol oynayıb.
Sovetləşmə dövrü və müstəqillikdən sonra parlamentarizmin bərpası
1920-ci il aprelin 27-də Azərbaycan bolşevik Rusiyası tərəfindən işğal edildikdən sonra Cümhuriyyət Parlamentinin fəaliyyəti dayandırılmış, ölkənin parlamentar sistemini uzun illər sovet tərkibində fəaliyyət göstərən Ali Sovet əvəz edib.
Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra 1995-ci il noyabrın 12-də ilk dəfə Milli Məclisə seçkilər keçirilmiş və yeni Konstitusiyaya əsasən parlament 125 deputatdan ibarət olub. Müstəqillik dövründə parlamentə Elmira Qafarova, Yaqub Məmmədov, İsa Qəmbər, Ulu öndər Heydər Əliyev, Rəsul Quliyev, Murtuz Ələsgərov və Oqtay Əsədov rəhbərlik ediblər. Hazırda Milli Məclisin sədri Sahibə Qafarovadır.
Müstəqillik dövründə parlament diplomatiyasının rolu
Sahibə Qafarovanın rəhbərliyi ilə Milli Məclis Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin qanunvericilik müstəvisində uğurla təmin olunmasında mühüm rol oynayır. Müasir geosiyasi şəraitdə Azərbaycan parlamenti parlament diplomatiyasının imkanlarından geniş istifadə edərək:
Azərbaycanın regional və qlobal mövqeyinin möhkəmləndirilməsinə, ölkənin son illər yaratdığı siyasi-hüquqi reallıqların dünyaya çatdırılmasına, beynəlxalq təşkilatlarda fəal təmsilçiliyə, dost ölkələrlə əməkdaşlığın dərinləşdirilməsinə xidmət edən çoxşaxəli fəaliyyət həyata keçirir.
107 il əvvəl əsası qoyulan Azərbaycan parlamentarizmi bu gün güclü, müasir və demokratik dövlət quruculuğunun əsas sütunlarından biri kimi uğurla fəaliyyət göstərir. Cümhuriyyət Parlamentinin ideyaları, milli dövlətçilik ənənələri, hüquqi-siyasi irsi müasir Azərbaycan parlamentinin fəaliyyətində davam etdirilir və zənginləşdirilir.
Bu tarixi gün xalqımızın dövlətçilik iradəsinin, azadlıq əzmimizin və demokratik dəyərlərə sadiqliyimizin parlaq göstəricisidir.
Kamran Bayramov
Milli Məclisin deputatı
