"YAP xalqın sevgisi və dəstəyinə əsaslanan ümumxalq partiyasıdır"

Bu gün Azərbaycanın siyasi inkişafında möhkəm təməl yaradan Yeni Azərbaycan Partiyasının 33 illik fəaliyyəti ölkəmizin müasir tarixində mühüm mərhələni təşkil edir. Müstəqil Azərbaycanın memarı və qurucusu Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 33 il bundan əvvəl yaradılan Yeni Azərbaycan Partiyası (YAP) şərəfli bir yol keçib, milli ideyalara sadiqliyini daim sübuta yetirib. Ölkəmizin siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaranması və təşəkkül tapması Ulu Öndər Heydər Əliyevin şərəfli adı ilə bağlıdır. Tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası elə bir dövrdə formalaşmışdı ki, müstəqilliyimiz və milli varlığımız ciddi təhlükə ilə üz-üzə idi. Bu vəziyyətdə 1992-ci il oktyabrın 16-da Azərbaycanın 91 tanınmış ziyalısı Ulu Öndərə müraciət edərək bildirdi: “Azərbaycan Sizin sözünüzü gözləyir”. Görkəmli dövlət xadimi bu müraciətə oktyabrın 24-də “Yeni müstəqil Azərbaycan uğrunda” çağırışı ilə cavab verdi. Ulu Öndər Heydər Əliyev “91-lər”in müraciətinə verdiyi cavabda Yeni Azərbaycan Partiyasının yaradılmasının obyektiv zərurətdən doğduğunu vurğuladı və partiyanın fəaliyyətində fəal iştirak etməyə hazır olduğunu bəyan etdi.

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, 1992-ci il noyabrın 21-də Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçirilmiş Yeni Azərbaycan Partiyasının təsis konfransı yeni müstəqil Azərbaycanın tarixində parlaq gələcəyin əsasını qoydu. Lakin o dövrün mənzərəsinə baxdıqda Azərbaycanın gələcəyi o qədər də ümidverici görünmürdü: separatizm meyilləri güclənir, iqtisadi və sosial vəziyyət kifayət qədər gərgin idi, siyasi çəkişmələr isə vəziyyəti daha da ağırlaşdırırdı. Eyni zamanda Ermənistan-Azərbaycan münaqişəsi, torpaq və insan itkiləri müstəqilliyin itirilməsinə gətirib çıxara bilərdi. Xalqın ümid yeri olan Heydər Əliyevin siyasi meydana qayıdışı isə Azərbaycanı bəlalardan xilas etdi və onun gələcək uğurlarına yol açdı. Ulu Öndərin hakimiyyətə qayıdışı sayəsində ölkədə vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı. Daxili və xarici qüvvələrin Azərbaycanı parçalamaq və dövlətçiliyi məhv etmək cəhdləri boşa çıxarıldı. Heydər Əliyev öz qayıdışı ilə ölkəyə sülh, sabitlik, dirçəliş və davamlı inkişaf gətirdi. Bu proses nəticəsində cəmiyyətin hər bir üzvündə dövlətimizin möhkəmliyinə dair böyük əminlik formalaşdı. Yeni Azərbaycan Partiyasının qısa müddətdə xalq arasında sevilən siyasi qüvvəyə çevrilməsinin əsas səbəbi isə partiyanın sədrinə, Ümummilli Lider Heydər Əliyevə olan dərin sevgi və inam idi. Çünki zaman sübut etdi ki, xalq Heydər Əliyevə arxalanaraq və onun ətrafında sıx birləşərək öz gələcəyini təmin edə bilmişdir. Ulu Öndərin də qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası fəaliyyətilə göstərdi ki, məhz o, yeni müstəqil Azərbaycanı qurmağa və ölkəni parlaq gələcəyə daşımağa qadir olan partiyadır.

Deputat diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı və Yeni Azərbaycan Partiyasının fəaliyyəti ölkədə siyasi sabitliyi təmin etməklə yanaşı, iqtisadi və sosial inkişafın da əsasını qoydu. 1993–2003-cü illərdə Azərbaycanda elə bir sahə olmadı ki, diqqətdən kənarda qalsın. Ulu Öndər ölkənin həyatında baş verən bütün problemlərə həssaslıqla yanaşdı və onların həllinə çalışdı. Bir zamanlar xəyal hesab edilən nəhəng iqtisadi layihələr həyata keçirildi: “Əsrin müqaviləsi” imzalandı, Heydər Əliyevin siyasi iradəsi və peşəkar diplomatik fəaliyyəti sayəsində Bakı-Tbilisi-Ceyhan neft kəməri reallaşdı. Dövlət və ordu quruculuğu sahəsində ciddi işlər görüldü, Azərbaycan beynəlxalq arenada öz yerini möhkəmlətdi. Xarici ölkələr və beynəlxalq təşkilatlar məhz Ulu Öndərin siyasi nüfuzuna arxalanaraq müxtəlif sahələrdə Azərbaycanla əməkdaşlıq etməyə başladılar.

K.Bayramov xüsusi olaraq diqqətə çatdırıb ki, keçmişdən bu günə qədər formalaşan siyasi və iqtisadi inkişaf yolu göstərir ki, Ulu Öndərin ideyaları yalnız tarixi əhəmiyyət kəsb etmir, həm də müasir Azərbaycanın güclü inkişafının təməlini qoyur. Bu gün Ümummilli Lider Heydər Əliyevin mənəvi-siyasi irsinin layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan çağdaş tarixində yeni şanlı səhifələr yazılır. Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası (YAP) güclü təşkilatdır və onun yüz minlərlə üzvü fəaliyyət göstərir. Bu üzvlərin böyük hissəsi gənclərdir və onlar Azərbaycanın tarixi Zəfərinin qazanılmasında müstəsna rol oynayıblar. Eyni zamanda, bu uğurlar Ulu Öndərin qoyduğu möhkəm təməl üzərində formalaşan ordu quruculuğu siyasətinin nəticəsidir. Əsası məhz Ulu Öndər tərəfindən qoyulmuş ordu quruculuğu siyasəti öz müsbət nəticəsini verdi. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, torpaqlarının 30 illik Ermənistan işğalına son qoydu və xalqımız adını tarixə qalib xalq kimi yazdırdı.

K.Bayramov əlavə edib ki, Azərbaycanın siyasi həyatında əldə olunan uğurlar və tarixi Zəfər Yeni Azərbaycan Partiyasının möhkəm təməl üzərində formalaşmasının, ideya və dəyərlərə sadiqliyinin nəticəsidir. Ötən illər ərzində Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yol, üzvlərinin kəmiyyət və keyfiyyət baxımından zənginləşməsi göstərir ki, Ulu Öndər Heydər Əliyev ideyalarından güc alan bu partiya ölkə qarşısında duran problemləri həll etməyə, xalqımızı xoşbəxt gələcəyə aparmağa qadir, siyasi həyatda özünü təsdiqləmiş monolit təşkilatdır. Yeni Azərbaycan Partiyası yalnız Azərbaycanın deyil, Cənubi Qafqazın da ən böyük siyasi partiyasıdır və uzunmüddətli ənənələrə malikdir. Partiya bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər