"Konstitusiya demokratik dəyərləri özündə ehtiva hüquqi sənəddir"
"Hər bir demokratik dövlətin Əsas Qanunu - onun Konstitusiyası hüquq sisteminin özəyini təşkil etməklə cəmiyyətdə siyasi sabitliyin təminatı qismində çıxış edir. Konstitusiya dövlət hakimiyyətinin təşkilinin əsas prinsiplərini, insan və vətəndaş hüquq və azadlıqlarını, hakimiyyət bölgüsünü və digər demokratik dəyərləri özündə ehtiva edən mühüm ideoloji funksiyanı daşıyan hüquqi sənəddir".
Avrasiya.net xəbər verir ki, bunu Milli Məclisin deputatı Fəzail İbrahimli deyib.
Deputat bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinə nail olunması dövlət müstəqilliyinin ilk illərində əldə edilən ən mühüm nailiyyətlərdən biri olmaqla, ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu istiqamətində yeni mərhələnin əsasını qoydu: "Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Eyni zamanda, dövlətçiliyimizin möhkəmləndirilməsi, o cümlədən ölkəmizin dünya birliyində nüfuzunun daha da artması baxımından əhəmiyyətli ictimai-siyasi hadisə idi. Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasında 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. Bu qərar Azərbaycanın dövlətçilik tarixində mühüm əhəmiyyətə malik olan iki əsas hadisə - Azərbaycan Respublikasının Konstitusiyanın qəbul edilməsinin 30 illiyi və dövlət müstəqilliyinin bərpasının 34-cü ildönümü ilə bağlıdır. 2020-ci il 44 günlük Vətən müharibəsi və 2023-cü il 19-20 sentyabr uğurlu antiterror əməliyyatlarından sonra ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar oldu və Azərbaycan Respublikasının Konstitusiyasının bütün Azərbaycan ərazisində tətbiqi təmin edildi.
Azərbaycan Respublikasının Konstitusiyası bu gün də siyasi sabitliyin təminatçısı, hüquqi, dünyəvi dövlət idarəsinin, demokratik inkişafın təməli rolunda çıxış edir. Dövlətimizin Əsas Qanunu müasir dövrdə ölkənin hüquqi idarəetməsi, Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının təmin edilməsi, milli dövlətçilik dəyərlərinin, ölkəmizin tarixi keçmişini, bugünkü reallıqlarını və gələcək inkişaf perspektivlərini özündə əks etdirir".
Son xəbərlər
