Azərbaycan tarixinin yeni mərhələsi - 03.10.1993
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.”
Ulu Öndər Heydər Əliyev
Bildiyimiz kimi ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi zaman dünyada mürəkkəb və ziddiyətli geosiyasi proseslər baş verirdi. Belə bir şəraitdə müstəqil dövlət qurmaq son dərəcə müdrik, yaradıcı və çevik yanaşma tələb edirdi. Hər bir ölkənin müstəqilliyi onun ətraf aləmlə qarşılıqlı münasibətlərinin xarakteri və məzmunu ilə sıx bağlı idi. Müstəqil dövlət quruculuğunun uğurlu olaması üçün ilk növbədə daxildə möhkəm idarəçilik sistemi yaradılmalı və daxili siyasətlə xarici siyasət bir-birini tamamlamalıdır.
Lakin qeyd etməliyik ki, müstəqilliyimizin ilk illəri bu prinsiplər icra edilməmiş və dövlət müstəqilliyimizin üzərini qara buludlar almışdı. Həmin dövrdə ölkəyə rəhbərlik edən şəxslərin yarıtmaz siyasəti ucbatından Azərbaycan geosiyasi baxımdan təcrid olunmuş bir siyasi həyat yaşayırdı. Tez-tez hakimiyyət dəyişiklikləri və daxili siyasi qarşıdurmanın dərinləşməsi nəticəsində ölkədə böhran vəziyyəti qorxulu həddə çatmışdı.
Həmçinin mənfur düşmənimizin torpaqlarımıza təcavüzü və işğalı, hakimiyyət başındakıların səriştəsizliyi və özbaşnalığı şəhidlərimizin qanı hesabına qazandığımız müstəqilliyimizi itirilmək təhlükəsi qarşısında qoymuşdu. Məhz Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə ikinci dəfə qayıdışı müstəqilliyimiz üçün bütün təhlükələrin aradan qalxması ilə nəticələnmiş oldu. 1993-cü il 3 oktyabr tarixində Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə Azərbaycan tarixinin yeni mərhələsi başlandı.
Ümummilli Liderin müdrik siyasəti nəticəsində qısa vaxt ərzində mövcud hərc-mərclik aradan qaldırıldı və dövlətçiliyimiz möhkəmləndirildi. Ulu Öndər Heydər Əliyev ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdışında da özünün siyasi bacarığı gücünə ölkəni vətəndaş müharibəsi təhlükəsindən, ictimai-siyasi pərakəndəlikdən xilas edə bilmiş və cəmiyyətin məqsədini, qayəsini öz varlığında, özünün güclü şəxsiyyətində təzahür etdirərək, doğma xalqını yenidən vahid bir məfkurə ətrafında səfərbər edib onun qəlbində sabaha inam hissi yaratmağı bacarmışdı. Ümummilli Liderin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaranmış, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanmışdır.
Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra 1993-cü ilin oktyabrın 10-da keçirilən andiçmə mərasimi zamanı nitqində ölkəmizin inkişafı və qarşıda duran mühüm vəzifələr barədə proqram xarakterli önəmli fikirlərə yer verdi. O, çıxışı zamanı xüsusi olaraq qeyd etdi ki, “Bizim məqsədimiz Azərbaycanı bir müstəqil dövlət kimi yaşatmaq, inkişaf etdirməkdir, dünya dövlətləri içərisində güclü, iqtisadi cəhətdən inkişaf etmiş bir dövlətə çevirməkdir. Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.”
Beləliklə Ulu Öndər tərəfindən qısa müddət ərzində sistemli şəkildə həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın bütün sahələrdə yüksəliş dövrü başlamış oldu. Məhz bu gün xüsusi olaraq qeyd etməliyik ki, ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.
Ümummilli Lider tərəfindən əsası qoyulmuş və milli maraqlara əsaslanan siyasət onun davamçısı Möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş və hazırda bütün çətinlikləri, qarşıya çıxan maneələri qorxmadan dəf edən Azərbaycan regionun lider dövlətinə çevrilmişdir. Qeyd etməliyik ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət siyasətinin mərkəzində ilk növbədə ölkəmizin milli maraqları, demokratik cəmiyyətin yaradılması və ərazi bütövlüyümüzün təmin olunması dururdu.
Xüsusilə 44 günlük Vətən müharibəsi, ölkəmizin əldə etdiyi qələbə və tarixi torpaqlarımızın düşmən işğalından azad edilməsi əsası Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş müdrik siyasətin məntiqi nəticəsidir. Eyni zamanda 2023-cü ilin sentyabr ayının 19-da başlanan və cəmi 24 saat davam edən lokal xarakterli anti-terror əməliyyatı nəticəsində Qarabağ iqtisadi rayonunda mövcud olan separatizm yuvaları qısa vaxt ərzində məhv edilməklə milli suverenliyimiz tam bərpa edildi və bu gün müstəqilliyimizin rəmzi olan üçrəngli dövlət bayrağımız bütün suveren ərazilərimizdə qürurla dalğalanır.
Hazırda Azərbaycan Respublikası Cənubi Qafqazın lider dövləti kimi yalnız əməkdaşlıq və inteqrasiya istiqamətində fəaliyyət göstərir. Böyük qürur hissi ilə qeyd etməliyik ki, Azərbaycan artıq keçən əsrin 90-cı illərinin ölkəsi deyil. Azərbaycan bu gün Möhtərəm cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə güclü, qüdrətli, eyni zamanda sülhsevər və zəngin ölkədir.
Əminliklə deyə bilərik ki illər ötəcək, nəsillər dəyişəcək, amma müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Ümummilli Lider Heydər Əliyev və onun layiqli davamçısı Möhtərəm cənab Prezident İlham Əliyevin tarixi xidmətləri xalqımızın yaddaşında əbədi qalacaqdır.![]()
Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri
Son xəbərlər
