Müasir siyasi partiya üçün üzvlük anlayışı
Vasif Əfəndi
Siyasi ekspert
Partiyanın gücü kütlədədirmi, yoxsa nüfuzda?
Siyasi partiyalar müasir demokratik idarəetmənin ayrılmaz institutlarıdır. Onların əsas funksiyası cəmiyyətin müxtəlif qruplarını təmsil etmək, siyasi iradəni formalaşdırmaq və seçki proseslərində iştirak etməklə hakimiyyətin təşəkkülündə rol oynamaqdır. Amma bu gün dünyada və Azərbaycanda aktuallaşan mühüm bir sual var: siyasi partiyaların gücü onların üzvlərinin kütləviliyindədirmi, yoxsa nüfuzlu və fəal simalarının təsir imkanındadır?
Müasir dövrdə siyasi partiyanın gücü üzvlərinin çoxluğunda deyil, onların keyfiyyətində və təsir imkanındadır. İnkişaf etmiş dövlətlərin təcrübəsi göstərir ki, kütləvi üzvlük siyasi uğurun əsas şərti deyil. İnkişaf etmiş ölkələrin təcrübəsinə baxdıqda, siyasi partiyalara üzvlüyün mahiyyətcə fərqli modellər üzrə inkişaf etdiyini görürük.
ABŞ-da partiya üzvlüyü anlayışı formal xarakter daşıyır. Demokrat və Respublikaçı partiyalara vətəndaşların milyonlarla dəstəkçisi olsa da, onların çoxu rəsmi üzv deyil. İnsanlar sadəcə seçki zamanı səs verməklə və ya kampaniyalara ianə verməklə partiyalara dəstək göstərirlər. Burada güc kütləvi üzvlükdə deyil, elektoratın inamını qazanmaqda və təşkilatlanma bacarığındadir. ABŞ-da 2016-cı il seçkilərində Facebook və Twitter-də aktiv kampaniyada iştirak edən yüz minlərlə könüllü, milyonlarla formal üzvdən daha böyük təsir yaratdı
Böyük Britaniyada partiyalara üzvlük sistemi mövcuddur. Lakin üzvlərin sayı ölkə əhalisinə nisbətdə çox kiçikdir. Məsələn, Böyük Britaniyanın ən böyük siyasi təşkilatı – Mühafizəkarlar Partiyasının təxminən 170 min üzvü var, halbuki ölkənin əhalisi 67 milyondur. Burada üzvlük simvolikdir, əsas güc isə parlamentdə və ictimai debatlarda formalaşan siyasi nüfuzdadır.
Almaniyada partiyaların üzvlük bazası bir qədər genişdir. Məsələn, Sosial Demokrat Partiyasının (SPD) 350 mindən çox üzvü var. Ancaq yenə də bu, əhalinin kiçik bir faizi deməkdir. Burada partiyalar üzvlük kütləsindən daha çox, intellektual potensiala, təşkilati intizama və seçkilərdə mesajın düzgün çatdırılmasına üstünlük verirlər. Almaniyada 2009-cu il seçkilərində kiçik, amma intellektual seçki kampaniyasında fəal olan qrup, sosial demokratların seçki nəticələrinə mühüm təsir etdi.
İsveç, Norveç və Danimarkada partiya üzvlüyü ənənəvi olaraq nisbətən daha güclüdür. Amma burada da ümumi əhalinin yalnız 5 faizi hər hansı partiyanın üzvüdür. Burada əsas güc, yenə də, üzvlərin sayı deyil, partiyaların sosial siyasətdəki real təsir imkanlarıdır. İsveçdə 2018-ci ildə keçirilən parlament seçkilərində üzvlərin sayı əhalinin cəmi 6%-ni təşkil etsə də, partiyalar sosial problemləri gündəmə çıxararaq geniş ictimai təsir göstərdilər
Fransa və İtaliyada partiya üzvlüyü daha çox simvolik xarakter daşıyır. Əhalinin böyük hissəsi formal üzv deyil, sadəcə seçkidə iştirak edərək partiyaları dəstəkləyir. Bu ölkələrdə də kəmiyyət yox, fəallıq və ictimai diskursda iştirak əsas rol oynayır
Azərbaycanda mövcud partiyalar sanki bir-biri ilə yarışa girərək bütün əhalini öz sıralarına yazmağa çalışırlar. Lakin bu əslində yalnız görüntüdür. Partiyaların çoxluğu kağız üzərində “böyük” görünməyə xidmət edir, amma real siyasətə təsir yaratmır. Dünya təcrübəsi göstərir ki, insanların çox az faizi aktiv siyasətlə məşğuldur, lakin seçkilərdə və digər siyasi aksiyalarda çox fəaldırlar. Bu səbəbdən gələcəyin partiyası rəqəmlərin yox, fəal üzvlərin ictimai-siyasi nüfuzunun partiyası olmalıdır. Azsaylı, amma nüfuzlu, intellektual və fəal üzvlər partiyanın gündəmdə qalmasını təmin etməlidirlər. Media, ictimai debatlar, sosial şəbəkələr vasitəsilə bu üzvlərin fəaliyyəti cəmiyyətin diqqətini cəlb etməklə partiyanın mövqeyini gücləndirməlidirlər.Rəqəm yox, təsir önəmlidir.
Gələcəyin partiyası çoxlu üzv siyahısı ilə böyüklük nümayiş etdirməyəcək,o, cəmiyyətdə görünən, ictimai rəy yaradan, aktiv və nüfuzlu üzvlər üzərindən gücünü göstərəcək. Azərbaycanda da partiyalar çoxlu üzvlüyə deyil, fəal simalar vasitəsilə ictimaiyyətə nüfuzlu mesaj çatdırmağa üstünlük verməlidir. Gələcəyin siyasəti – rəqəmlərin yox, təsirin siyasətidir.
Son xəbərlər
