"Biz düşmənin təhdidlərindən qorxmuruq"
İsrailin bu təcavüzü, BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinin açıq şəkildə pozulması və İrana qarşı hücum aktıdır. İranın bu təcavüzə cavabı özünü müdafiə prinsipinə əsaslanır. "Self-defense" (özünü müdafiə) beynəlxalq hüquqda tanınmış fundamental hüquqdur və BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, hər bir ölkənin qanuni haqqıdır".
Avrasiya.net xəbər verir ki, bunu İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan regionda son zamanlar baş verən hadisələrlə bağlı keçirdiyi mətbuat konfransında deyib.
Diplomat deyib ki, İsrail rejimi BMT Təhlükəsizlik Şurasının 487 saylı qətnaməsinə zidd olaraq, "önləyici hücum" adı altında öz qeyri-qanuni hərəkətlərini əsaslandırmağa çalışır ki, bu da heç bir hüquqi əsas daşımır. Bu rejim beynəlxalq hüququ tapdalamaqda heç bir sərhəd tanımır. Bütün dünya şahiddir ki, bu rejim Qəzzədə günahsız fələstinliləri vəhşicəsinə qətliama məruz qoymuş, insan hüquqları, humanitar və bütün beynəlxalq hüquq və normaları ayaqlar altına alıb. İrana qarşı bu təcavüz zamanı isə sionist rejim beynəlxalq hüququn daha bir qırmızı xəttini keçərək, nüvə obyektlərini hədəfə alıb. Bu, beynəlxalq hüququn ən açıq şəkildə pozulmasıdır. Daha acınacaqlısı odur ki, bu təcavüz BMT Təhlükəsizlik Şurası tərəfindən biganəliklə qarşılaıb.
Seyid Cəfər Ağayi Məryan deyib ki, İsrail rejimi dəfələrlə nüvə obyektlərini, İran Yayım Korporasiyası kimi mülki mərkəzləri, yaşayış evlərini, təcili yardım maşınlarını və xilasediciləri hədəfə alır. Bundan əlavə, Fars körfəzi bölgəsindəki İranın neft və qaz obyektlərinin hədəfə alınması çox təhlükəli bir aqressiya aktıdır. Münaqişəni Fars körfəzinə yaymaq strateji baxımdan böyük səhvdir və bu, böyük ehtimalla qəsdən və planlı şəkildə həyata keçirilib. Bu addım müharibəni İran sərhədlərindən kənara çıxarmağı hədəfləyir. Fars körfəzi çox həssas və mürəkkəb regiondur və burada baş verən hərbi dəyişikliklər təkcə regionu deyil, bütün dünyanı əhatə edə bilər. Bu məsuliyyətsiz hərəkətin bütün nəticələri sionist rejimin özünü bürüyəcək.
Onun sözlərinə görə, İİR İsrailin təcavüzünə baxmayaraq, diplomatiya yolunu tərk etməyib. Son günlər ərzində ölkəmizin xarici işlər naziri Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi, Böyük Britaniya, Almaniya və Fransanın xarici işlər nazirləri ilə, eləcə də İslam Əməkdaşlıq Təşkilatının toplantısında bölgə ölkələri ilə danışıqlar aparıb. Lakin bu dəfə ABŞ tərəfindən birbaşa hərbi hücum həyata keçirilib və İranın Fordo, Nətənz və İsfahan şəhərlərində yerləşən nüvə obyektləri birbaşa hərbi zərbələrə məruz qalıb.
O, bildirib ki, İran BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanaraq öz qanuni müdafiə hüququnu qoruyur və münasib zaman və üsullarla beynəlxalq hüquq çərçivəsində bütün imkanlardan istifadə etmək hüququnu özündə saxlayır. BMT üzvü olan bütün ölkələrdən, xüsusilə region və İslam ölkələrindən, Qoşulmama Hərəkatının üzvlərindən və beynəlxalq sülh və təhlükəsizliklə maraqlanan bütün dövlətlərdən gözlənilir ki, bu cinayətkar təcavüzü qınasınlar və bu rejimin sülh və təhlükəsizliyə yaratdığı görünməmiş təhdidə qarşı təcili və birgə tədbir görsünlər.
Diplomat qeyd edib ki, İsrailin nüvə başlıqları ilə silahlanmış olduğu açıq şəkildə məlumdur. Dünyada ilk dəfə olaraq, biri əvvəllər nüvə silahından istifadə etmiş, digəri isə NPT-nin üzvü olmayan və həmişə öz nüvə silahı proqramını gizlədən iki nüvə silahına malik aktor Nüvə silahı olmayan, NPT üzvü olan və Agentliyin nəzarəti altında dinc nüvə proqramı olan bir ölkəyə hərbi hücum həyata keçirib.
Bu vəziyyət nüvə silahlarının yayılmamasına dair beynəlxalq sistemin iflasa uğramasını və İran İslam Respublikasının hüquqlarını müdafiə etməkdə haqlı olduğunu göstərir. İran heç vaxt nüvə silahı əldə etməyə çalışmamış və sülh məqsədli nüvə enerjisindən istifadə hüququndan imtina etməyib.
Diplomat bildirib ki, bu müddət ərzində siyasi və hərbi sahələrdə adekvat cavablar verib və hazırda döyüş meydanında üstünlük İranın tərəfindədir.
İndiyə qədər İran Silahlı Qüvvələri genişmiqyaslı raket və PUA hücumlarından çəkinib. Hətta bəzən tək bir raketlə İsrailin hava hücumundan müdafiə sisteminin zəifliyini göstərib.
"Qeyri-legitim, işğalçı və soyqırımçı rejim olan İsrail rejimi istisna olmaqla, biz diplomatiya və dialoqa sadiq qalırıq. İsrailin İrana təcavüzü BMT və Təhlükəsizlik Şurası kimi kollektiv mexanizmləri faktiki olaraq etibarsız hala gətirib və bu addımlar region ölkələrini də ciddi risklərə atmaqdadır.
Biz düşmənin təhdidlərindən qorxmuruq. İran şərəflə, cəsarətlə və əzmlə özünü müdafiə hüququnu həyata keçirməkdə davam edəcək və təcavüzkarı öz böyük səhvinə görə peşman edib, ona bunun bədəlini ödədəcəkdir".
Müvəqqəti işlər vəkili deyib ki, son hadisələrdə İranda 430 nəfər ölüb, 3500 nəfər yaralanıb, 500 nəfər isə müalicə aldığı xəstəxanalardan evə buraxılıb. İran vətəndaşları öz torpaqlarından tərk etməyib. Bu gün İran xalqı arasında həmrəylik və birliyimiz daha da güclənib, hətta xaricdə yaşayan soydaşlar da İran xalqı və Silahlı Qüvvələrimizin yanında dayanıb.