Onların pozuculuq, şantajçılıq erası artıq başa çatır
Bu gün Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə paytaxtımızda olduqca önəmli bir tədbirin - “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumunun açılış mərasimi baş tutdu. Mərasimdə Prezident İlham Əliyev də iştirak edirdi. Cənab Prezidentin Forumdakı dolğun və əhatəli çıxışı həm ölkəmiz, həm də regionumuz və dünya üçün aktuallıq kəsb edən məsələlərə praktik yanaşmalar baxımından əhəmiyyətlidir.
Dövlətimizin başçısı açılış mərasimindəki çıxışında Qlobal Bakı Forumunun hazırda aparıcı beynəlxalq platformalardan biri kimi tanındığını vurğuladı və bu Forumda qlobal gündəlikdə dayanan məsələlərin müzakirə olunduğunu bildirdi. Qlobal Bakı Forumu dünyanın müxtəlif ölkələrinin dövlət və hökumət başçılarının, ictimai xadimlərinin, nüfuzlu analitiklərinin ənənəvi ünsiyyət və fikir mübadiləsi məkanına çevrilməklə yanaşı, həmçinin, bu və ya digər ölkənin üzləşdiyi problemləri, bəşəriyyətin qarşılaşdığı qlobal çağırışları səsləndirmək üçün ideal platformadır.
Azərbaycan Prezidenti çıxışında hazırda regionumuzun əsas problemi olan sülh məsələsinə toxundu və bildirdi ki, sülh müqaviləsi Ermənistanla Azərbaycan arasında intensiv müzakirə edilir, demək olar ki, bəndlərin artıq əksər hissəsi razılaşdırılıb. Əlbəttə, işğalçı bir ölkə ilə, 613 insanın - 100-dən artıq qadın və o cümlədən 60 uşağın qətlə yetirildiyi Xocalı soyqırımını törətmiş təcavüzkar qonşu ilə normal münasibət qurmaq, sülh danışıqları aparmaq elə də asan deyil. Lakin Cənab Prezident bildirdi ki, biz gələcəyə baxmalıyıq və Cənubi Qafqazda sülh qurmalıyıq. Bu, regionun bütün xalqları üçün vacibdir.
Bu gün Cənubi Qafqazın sülh və sabitlik adasına çevrilməsi hamı üçün prioritet olmalıdır. Bu kontekstdə dövlətimizin başçısı onu da qeyd etdi ki, Azərbaycan sülh prosesinə bağlıdır və əslində, Ermənistana təqdim olunan həmin sülh müqaviləsinin birbaşa müəllifidir. Lakin o da qeyd olundu ki, Ermənistan tərəfi bir tərəfdən sülh tərəfdarı kimi çıxış etsə də, digər tərəfdən isə silahlanmaya davam edir. Ermənistana göndərilən məhvedici silahlar bizə qarşı yönəlir.
Bu gün Fransadan, Hindistandan göndərilən silahlar bilavasitə sərhədlərimizdə yerləşdirilir. Lakin Avropa İttifaqının (Aİ) Ermənistandakı "mülki" müşahidə missiyası isə bütün bunları görməzdən gəlir. Sözügedən Aİ missiyası Ermənistanın silahlanmasının qarşısının alınması üçün səy göstərmək əvəzinə, sərhədlərimizdə casusluqla məşğul olur. Bu məsələyə toxunan Prezident İlham Əliyev haqlı olaraq Aİ missiyasını kəşfiyyat missiyası adlandırdı: "Avropanın monitorinq missiyası, əslində, Avropa İttifaqının kəşfiyyat missiyasıdır. Onlar gecə-gündüz casus kimi bizim sərhədlərimizdə dayanırlar, baxırlar ki, bəlkə haradansa bir yerdən girə bilsinlər. Bizim də kifayət qədər kəşfiyyat məlumatımız var belə dırnaqarası monitorinq missiya haqqında”.
Prezident həmçinin erməni diasporunu dəstəkləyən korrupsiyaya uğramış siyasətçilərdən də danışdı. Daha konkret desək, İlham Əliyev onilliklərlə erməni diasporunu dəstəkləyən korrupsiyaya uğramış siyasətçiləri açıq şəkildə ifşa etdi. Söhbət ilk növbədə Adam Şif, Frank Pallone, Nensi Pelosi kimi nüfuzlu ermənipərəst konqresmenlərdən gedir. Bu adamların və o cümlədən Robert Menendes kimi rüşvətxorların, USAID kimi təşkilatların pozucu fəaliyyətləri uzun illər boyu Cənubi Qafqazda sülhün bərqərar olmasına mane olub. Dövlətimizin başçısı da çıxışında bu məqamlara toxundu: “Biz bu məsələləri Ermənistan nümayəndələri ilə, onların Brüsseldə əyləşən yeni rəhbərləri ilə qaldırırıq. İndi onlar böyük qardaşını dəyişiblər. İndi həmin o böyük qardaş Brüsseldir. Prezident Tramp Dövlət Departamentində belə bir addım atdı ki, USAID ləğv olundu, korrupsiyaya uğramış siyasətçi Robert Menendes də cəzalandırıldı. Amma o, sonuncu olmalı deyil. Yəni, necə deyərlər, bir qaranquşla bahar olmaz? Çünki onlar pulları onlardan alıb ciblərinə qoyurlar. Məsələn, cənab Adam Şif, cənab Frank Pallone, xanım Nensi Pelosi və bir çox digərləri. Onlar onilliklərlə erməni diaspor təşkilatlarından ABŞ-da o pulları alırdılar ki, Azərbaycana hücum çəksinlər, gözdən salsınlar”.
Lakin hazırda reallıqlar sürətlə dəyişir və robert menendeslərin, adam şiflərin, frenk pallonelərin, nensi pelosilərin pozuculuq, şantajçılıq erası artıq başa çatır. Erməni lobbisindən bəslənən bu adamların bundan sonra Cənubi Qafqazda sülh proseslərini əngəlləmək cəhdləri getdikcə sıfırlanacaq. Prezident İlham Əliyevin ermənipərəst siyasətçiləri ifşa etməsi onların qərəzli əməllərinin layiqli cavabıdır.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri