ƏHD Partiyası Ali Məclisinin iclası keçirilib
Okyabrın 26-da Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası Ali Məclisinin növbəti iclası keçirilib.
Bu barədə ƏHD Partiyası mətbuat xidməti məlumat yayıb.
Gündəlikdə olan məsələlərlə bağlı partiyanın Ali Məclis sədri Vaqif Abışov məlumat verib.
İclasda təşkilati işlər, ictimai-siyasi vəziyyət, partiyanın qarşısında duran vəzifələr və cari məsələlər müzakirə olunub.
ƏHD Partiyasının sədri, millət vəkil Qüdrət Həsənquliyev ictimai-siyasi vəziyyət və partiyanın qarşısında duran vəzifələrlə bağlı məruzə edib.
Partiya sədri islahatların genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, dövlət idarəetməsinin təkmilləşdirilməsi, bələdiyyələrin problemləri, sülh prosesi və digər məsələlərlə bağlı fikirlərini bölüşüb.
Qüdrət Həsənquliyev həmçinin Türkiyə və türk dövlətləri ilə münasibətlərin daha üst səviyyəyə qaldırılmasının vacibliyini önə çəkib.
ƏHD Partiyasının rayon təşkilatlarının qarşısında duran vəzifələrlə bağlı partiyanın baş katibi Yaşar Kələntərli məruzə edib.
Daha sonra partiya sədrinin müavini Niyaməddin Orduxanlı çıxış edib.
İclasda Ali Məclis üzvlərinin sualları cavablandırılıb.
Müzakirələrdən sonra müvafiq qərarlar qəbul olunub.