"Azərbaycanın qərəzli mövqe sərgiləyən dövlətlər qarşısında heç bir öhdəliyi yoxdur"
Azərbaycan tam şəkildə müstəqil siyasət yürüdən nadir ölkələrdən biridir. Bu gün ölkəmizdə ictimai-siyasi sabitlik tam təmin olunub, iqtisadi inkişaf uğurla davam edir. Azərbaycan artıq, çox nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrilib. Əlbəttə ki, özlərini dünyanın sahibi hesab edən ölkə və ayrı-ayrı qüvvələr bütün bunları həzm edə bilmirlər. Onlar hər vəchlə Azərbaycana qarşı riyakar, ikili standartlara söykənən, heç bir məntiqə sığmayan kampaniyalar həyata keçirirlər. Azərbaycan hər zaman beynəlxalq təşkilatların ikili standartları ilə üzləşib.
Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib.
K.Bayramov qeyd edib ki, 44 günlük Vətən müharibəsindən 4 il ötməsinə baxmayaraq təcavüskar Ermənistan dövləti və onun xaricdəki havadarları qaralama kampaniyasını davam etdirirlər. Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxladığı 30 il ərzində ABŞ və digər Qərb dövlətləri bir dəfə də olsun Ermənistanı qınamadı. Əksinə, ABŞ 1992-ci ildə Azərbaycana qarşı “Azadlığı Müdafiə Aktı”na ədalətsiz 907-ci düzəlişi qəbul etdi. Bu da Ermənistanı işğalçılıq siyasətini davam etdirməyə daha da həvəsləndirdi. Qərbin Xocalıda 613 nəfəri qəddarcasına öldürən, minlərlə insanı şikəst edən, bir milyondan artıq azərbaycanlını doğma yurd-yuvasından didərgin salan işğalçı, təcavüzkar ölkəyə dövlət səviyyəsində dəstək göstərməsi yolverilməzdir: Dövlət başçısı İlham Əliyevin «Bəzi hallarda həqiqətlərə göz yumulur. Müəyyən dairələr öz siyasətini uydurulmuş faktlər, təhrif edilmiş tarix əsasında aparmağa davam edirlər. Bu ikili standartlar siyasətidir. İkili standartlar ədalətsizlik deməkdir. İşğalçı ilə işğalın qurbanını, necə deyərlər, bir səviyyədə görmək nə qədər ədalətlidir?!» - fikri beynəlxalq hüququn norma və prinsiplərini bütün ölkələrə eyni şəkildə tətbiq etməyən dövlətlərə tutarlı cavabdır.
Deputat diqqətə çatdırıb ki, son günlər yenə də Ermənistanda müxtəlif səviyyələrdə anti-Azərbaycan ritorikası güclənib. Sərhədlərin müəyyənləşməsi istiqamətində görüşlərin dayanması, işçi qrupun fəaliyyətsizliyi, London görüşündən imtina, Ermənistanın konstitusiyasında dəyişikliyin edilməsinə meylin görünməməsi, rəsmi Bakının təkliflərinə hələ də mükəmməl cavab verilməməsi, rəsmi İrəvanın sülh, normallaşma prosesi ilə bağlı işini yalnız quru açıqlamalarla bitmiş hesab etməsindən xəbər verir. Bu da əvvəllər Azərbaycanla münasibətlərin qurulmasında daha maraqlı görünən Ermənistanı ruhlandıranların olduğunu göstərir.
Bu gün anti-Azərbaycan şəbəkəsinə Şotlandiya da qoşulub. Şotlandiya Milli Partiyasının üzvü Kennet Gibson “Ermənistan-Azərbaycan münaqişəsi” ilə bağlı təşəbbüs layihəsi (motion) irəli sürüb. Şotlandiya parlamentinin rəsmi internet səhifəsində yerləşdirilən bu layihədə Azərbaycana qarşı əlaqəsiz, əsassız və tutarsız ittihamlar irəli sürülüb. Layihədə qeyd olunub: “Birinci Qarabağ münaqişəsinə son qoyan Bişkek protokolunun bu il 30-cu ildönümüdür. 2020-ci ildə Azərbaycanın başlatdığı İkinci Qarabağ müharibəsi mübahisəli regionun böyük bir hissəsinin işğalı ilə başa çatdı. Laçın dəhlizinin uzunmüddətli blokadasından sonra Azərbaycanın 2023-cü ildə reallaşdırdığı hücum Artsax Respublikasının ləğv edilməsi və burada daimi yaşayan erməni əhalinin qovulması ilə nəticələnib. Regiona nəzarəti ələ keçirdikdən sonra Azərbaycanın etnik ermənilərin bütün izlərini, o cümlədən erməni mədəni və dini irsini sistemli şəkildə silməsi, Azərbaycan tərəfindən ermənilərə qarşı nifrət nitqi və ərazi iddialarının səsləndirməsi gərginliyi artırır. Erməni xalqı əsrlər boyu, xüsusilə Birinci Dünya Müharibəsi zamanı və ondan sonrakı illərdə Osmanlı imperiyası tərəfindən soyqırıma məruz qalıb. Qeyd olunanları nəzərə alaraq, Şotlandiya Parlamenti regionda ədalətli və davamlı sülh arzu etdiyini ifadə edir”.
K.Bayramov xüsusi olaraq qeyd etdi ki, ölkəmizin nə ABŞ, nə də digər qərəzli mövqe sərgiləyən dövlətlər qarşısında heç bir öhdəliyi yoxdur. Azərbaycan heç bir dövlətin daxili işinə müdaxilə etmir və öz daxili işinə müdaxiləni də yolverilməz hesab edir. ABŞ və digər qərəzli ölkələr özlərinin günbəgün artan dövlət borclarından başlayaraq irqi ayrı-seçkilik, polis zorakılığı, kriminal hadisələrin baş alıb getməsi və digər çoxsaylı daxili problemləri ilə məşğul olsalar daha düzgün olar.