Zəngəzur dəhlizi ilə bağlı problem İranla bağlıdır - Ərdoğan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıtdıqdan sonra mətbuat konfransı keçirib.
Avrasiya.net xəbər verir ki, o, Şimali Kipr və Azərbaycana səfərləri, eləcə də gündəmin digər mövzuları barədə sualları cavablandırıb.
Ərdoğan qeyd edib ki, Zəngəzur dəhlizi Ermənistanla bağlı problem deyil, İranla bağlı problemdir: "Burada İranın belə bir davranış nümayiş etdirməsi həm Azərbaycanı, həm də bizi məyus edir. Əslində onları da məyus etməlidir. Arzu edirəm ki, qısa zamanda problemi həll edərik. Buna müsbət yanaşsalar, bu gün həm quru yolu, həm də dəmir yolu ilə Türkiyə-Azərbaycan-İran bir-biri ilə bütövləşər və bəlkə də “Pekin-London xətti” da açılmış olar".
Prezidentin sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəliləməsi Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasına əhəmiyyətli töhfə verəcək. O, həmçinin bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanla normallaşma proseslərində əldə olunan irəliləyişi dəyərləndirilib.
“Bütün əziyyətlərdən sonra bölgəmizdə sülh qapısının açıldığını görürük. Bu fürsəti əldən verməmək üçün bütün aidiyyəti tərəflərdən məsuliyyətlə hərəkət etmələrini gözləyirik”, - deyə Türkiyə lideri vurğulayıb.