Ermənistan və Azərbaycan razılığa yaxındır - ABŞ-ın Bakıya səfir namizədi
ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizəd Mark Libbi Senatın Xarici Əlaqələr Komitəsində çıxış edib.
Avrasiya.net xəbər verir ki, o, Azərbaycanın balanslı xarici siyasət yürütdüyünü bildirib.
Libbi Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib.
"Azərbaycan və Ermənistan arasında sülh sazişinin əldə olunmasına köməklik göstərəcəm", - o vurğulayıb.
Diplomatın sözlərinə görə, tərəflər razılığa həmişəkindən daha yaxındırlar.
"Mən təsdiq olunsam, onlara sülhə nail olmaqda kömək edəcəyimi öhdəmə götürürəm... Sülh sazişinin uğurla həyata keçirilməsi ABŞ və Azərbaycan arasında daha da dərin əlaqələrə yol açacaq ...” , - deyə səfir namizədi qeyd edib.
Libbinin fikrincə, sülh sazişi regionu sabitləşdirəcək və münaqişədən istifadə etməklə öz bədxah təsirlərini genişləndirməyə çalışan rəqibləri sıxışdıracaq: Sülh sazişi bizə Azərbaycanla münasibətlərimizdə uğurlu əməkdaşlığı növbəti səviyyəyə qaldırmağa imkan verəcək. Azərbaycanla terrorla mübarizə, sərhəd təhlükəsizliyi, enerji təhlükəsizliyi və dəniz təhlükəsizliyi sahəsində əməkdaşlığımız ABŞ-ın milli maraqlarına və təhlükəsizliyinə xidmət edir".