Şuşa Bəyannaməsi sülhə və inteqrasiyaya yol açır
Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin iradəsi, qətiyyəti ilə 15 iyun Azərbaycan tarixinə qızıl hərflərlə həkk oldu. Məhz 2021-ci ilin 15 iyun tarixi iki qardaş dövlət – Türkiyə və Azərbaycan arasında Şuşa şəhərində müttəfiqlik münasibətləri haqqında Şuşa bəyannaməsi imzalandı.
Türk dünyasının davamlı inkişafına yönəlmiş qarşılıqlı fəaliyyətlərin regional və beynəlxalq müstəvilərdə irəli aparılmasında səyləri birləşdirərək, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrikcəsinə söylədikləri “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və “Bir millət, iki dövlət” ifadələrinin xalqlarımızın milli-mənəvi sərvəti kimi dəyərləndirildiyini xüsusi vurğulayaraq, Azərbaycan Respublikası və Türkiyə Respublikası arasındakı ikitərəfli münasibətlərin daha da genişləndirilməsi və dərinləşdirilməsi perspektivlərini hərtərəfli nəzərdən keçirərək, bəyan edirlər.
Şuşa Bəyannaməsi–qardaşlığın yeni tarixi mərhələsidir. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edəcəkdir.
Şuşa Bəyannaməsi əhatəli sülhə yol açır. Şuşa Bəyannaməsi bölgədə inteqrasiya proseslərini stimullaşdırır. Bəyannamə Qarabağ ərazisində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının inteqrasiyası üçün əlavə imkanlar yaradır.
Şuşa Bəyannaməsinin iqtisadi əhəmiyyətidə genişdir. Şuşa Bəyannaməsi əraziyə yeni sərmayə qoyuluşu prosesini stimullaşdıracaqdır. Regionun artan investisiya potensialı yeni iqtisadi münasibətlərin formalaşmasına səbəb olacaqdır. Şuşa və Şuşa ətrafının gözəl turizm imkanları açılacaq.
Bəyannamə ölkələr arasında münasibətlərin gələcəyini müəyyən edir və iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır. Bəyannamənin icrası keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır.
Son 3 il Azərbaycan tarixinə qızıl hərflərlə yazılmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti, diplomatik məharəti və dövlətçilik ənənələrinin yeni müstəvidə uğurla davam etdirilməsinin məntiqi nəticəsi kimi Azərbaycan Respublikası XXI əsrin qloballaşma və mürəkkəb beynəlxalq münasibətlər şəraitində bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, dövlət idarəçiliyi və hərbi sektorda nümunəvi reallıqlar formalaşdırmış, dayanıqlı iqtisadi inkişaf və parlaq hərbi qələbələr qazanmağa nail olmuşdur. 30 ilə yaxın müddət ərzində beynəlxalq hüquq normalarını heçə sayan təcavüzkar Ermənistan siyasi rəhbərliyi və ordusunun cavabı Müzəffər Ali Baş Komandanın başçılığı altında döyüşən rəşadətli Azərbaycan Ordusu tərəfindən 2020-ci ilin cəmi 44 günü ərzində ən layiqli şəkildə verilmiş və müharibə Ermənistan Respublikası üçün tam kapitulyasiya ilə nəticələnmişdir. Həyatını vətən uğrunda qurban etmiş şəhidlərimizin əziz xatirəsi daim yaddaşımızdadır və unudulmayacaq.
Bəyannamə beynəlxalq hüququn prinsip və normalarına, o cümlədən Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq regional və ümumi miqyasda beynəlxalq sülh, sabitlik və təhlükəsizlik üçün birgə səylərin önəmini vurğulayır. Həmçinin, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Türkiyə-Rusiya birgə əməkdaşlığının əhəmiyyəti xüsusi qeyd edilir.
Tərəflər öz milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirirlər. Tərəflər regional və beynəlxalq miqyasda sabitlik və rifah vasitəsilə sülh, dostluq və mehriban qonşuluğa əsaslanan beynəlxalq münasibətlərin inkişaf etdirilməsi, eləcə də münaqişələrin və regional və qlobal təhlükəsizlik və sabitlik məsələlərinin həlli istiqamətində birgə səylər göstərirlər.Tərəflər aktual xarakter kəsb edən, qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirərək yaxın və ya üst-üstə düşən mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığı dərinləşdirəcəklər və Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avropa Şurası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərəcəklər.
İqtisadi əməkdaşlıq sahəsində perspektivlərin daha ümidverici olmasını sübut edən amillərdən biri də Türkiyə dövlətinin Şuşa şəhərində konsulluq açması ilə bağlıdır. Bu, hər iki ölkə vətəndaşlarının, iş adamlarının Azərbaycanda, xüsusən də Qarabağ zonasında daha geniş fəaliyyət göstərəcəklərinə bir işarədir. Bu, eyni zamanda, işğaldan azad edilən rayonların qısa müddət ərzində dirçəldilə biləcəyindən xəbər verir. Şuşada konsulluğun açılmasının iqtisadi əhəmiyyəti ilə yanaşı, siyasi və mənəvi tərəfi də var. Bu, Qarabağda Türkiyənin varlığı deməkdir. Eyni zamanda, bütün dünyaya verilən siyasi, diplomatik bir mesajdır.
Şuşa Bəyannaməsi imzalanarkən Azərbaycan Prezidenti İlham Əliyev bu siyasi aktın tarixi əhəmiyyətini vurğulayaraq deyib: “Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır”.
Azərbaycanla Türkiyəni birləşdirən bu dəhliz türk dövlətlərinə böyük üstünlük qazandıracaq. İki qardaş ölkə arasında məsafə də yaxınlaşacaq, Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunması və inkişaf etdirilməsi, yeraltı zənginliklərin türk dünyasından keçməsi, eləcə də beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı hər iki ölkənin həm siyasi, həm də iqtisadi qüdrətini artıracaq.
Anar Məmmədov
Xətai Rayonu İcra Hakimiyyətinin, Vətən müharibəsi iştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri