"Fransaya görə narahat olmağımıza dəyməz"
Kişinyovda baş tutan beştərəfli görüş də bugünlərdə Moskva keçirilən üçtərəfli görüş kimi heç bir önəmli sənəd imzalanmadan başa çatsa da, lakin ümumən bu görüşü irəliyə doğru bir addım hesab etmək olar. Üçtərəfli və beştərəfli görüşlərin artması Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanacağı tarixi anın yaxınlaşmasına və ya yaxınlaşdırılmasına xidmət edir.
Odur ki, biz bu görüşlərin nəticələrinə bəziləri kimi pessimist yox, nikbin ovqatla yanaşmalıyıq. Prezident İlham Əliyev də Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel, Almaniya kansleri Olaf Şolts və Fransa prezidenti Emmanuel Makronun iştirakı ilə keçirilən beştərəfli qeyri-rəsmi görüşdə özünü çox rahat hiss edirdi. Bu görüşdə psixoloji üstünlük bizim tərəfimizdə idi.
Fransaya görə isə narahat olmağımıza dəyməz. Beştərəfli formatda Fransa kimi təəssübkeş, potensial ermənipərəst bir ölkənin təmsil olunması heçnəyi dəyişmir. Əlbəttə, Fransa da Rusiya kimi bu prosesi ləngitməyə çalışa bilər, lakin qarşısını ala bilməz. Ermənistan onsuz da yekun sülh müqaviləsini gec-tez imzalayacaq. Daha doğrusu, imzalamağa məcbur olacaq. Fransa və Almaniyanın iştirakı ilə baş tutan beştərəfli görüş sadəcə dekorasiya xarakteri daşıyır. Əsas format isə üçtərəfli Brüssel formatıdır. Avropa İtifaqı Şurasının Prezidenti Şarl Mişelin moderatorluğu ilə gerçəkləşdirilən Brüssel formatı digər formatların hamısından səmərəlidir və artıq müsbət nəticələr verməkdədir.
Elə Kişinyovda keçirilən Avropa Siyasi Birliyi sammiti çərçivəsində Azərbaycan Prezidenti ilə Ermənistanın Baş naziri arasında Aİ Şurasının Prezidentinin, Fransa Prezidentinin və Almaniya Kanslerinin iştirakı ilə baş tutan beştərəfli görüşün əsas təşkilatçısı da məhz Şarl Mişel idi. Ona görə də bizim üçün Kişinyov görüşünün nəticələri barədə Fransa Prezidenti Emmanuel Makronun subyektiv fikirləri yox, Aİ Şurasının Prezidenti Şarl Mişelin mövqeyi önəmlidir. Onsuz da hamıya məlumdur ki, 44 günlük İkinci Qarabağ müharibəsindən sonra Fransanın qərəzli davranışları Azərbaycanla Ermənistan arasında sülh prosesinə, bölgədə sülh və sabitliyə heç də müsbət töhfə vermir.
Bizim üçün önəmli olan əsas məqam Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsinin artıq Avropanın gündəminə oturmasıdır. Brüsseldə anlayırlar ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığı kimi, Avropanın sülh və təhlükəsizlik arxitekturasının qurulmasında da açar ölkələrdən biridir. Cənubi Qafqazda qalıcı sülhə və sabitliyə nail olmadan ümumi Avropa təhlükəsizliyindən danışmaq mümkün deyil.
Ona görə də Aİ Şurasının Prezidenti Şarl Mişel Azərbaycan və Ermənistan arasında sülhə nail olunması istiqamətində intensiv görüşləri keçirmək xəttini tutur. Bu çox düzgün taktikadır. “Yumşaq güc” diplomatiyasının davamlı tətbiqi Ermənistan rəhbərliyinin sülh prosesini süni surətdə yubatmaq üçün istifadə etdiyi bəhanə və “kart”ların hamısını get-gedə əlindən alır. Başqa sözlə desək, Nikol Paşinyanın manevr imkanları getdikcə daralır. Odur ki, növbəti üçtərəfli görüşlərin birində yekun sülh sazişinin imzalanmasının şahidi ola bilərik.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri