Müstəqillik tarixinin qızıl sahifəsi

Müstəqillik tarixinin qızıl sahifəsiBu gün Ümummilli liderimiz Heydər Əliyev ideyaları ilə inkişaf edən Azərbaycan qədim və dərin dövlətçilik tarixinə malikdir. Bu bir həqiqətdir ki, tarixin hər bir dönəmində Azərbaycan fəxr edə biləcəyi bir dövlətə və dövlətçilik ənənəsinə malik olub. Bu şanlı, öyünüləcək tarixi dönəmlərdən biri də 1918-1920-ci illərdə cəmi 23 ay yaşayan, bununla belə, Şərqin ilk demokratik ölkəsi kimi tarixə düşən Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu zaman kəsiyidir. Məhz ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, XX əsrin sonunda ikinci dəfə müstəqil olmaq şansı əldə edən Azərbaycanın qurduğu dövlət 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və “Azərbaycan Xalq Cümhuriyyəti” bizi siyasi görüşümüzdən, əqidəmizdən, sosial statusumuzdan asılı olmayaraq birləşdirən dəyərdir.

Cəmi 23 ay fəaliyyət göstərmiş Azərbaycan Xalq Cumhuriyyəti tarixinin hər bir anı heç bir qiymət vahidi ilə ölçülə bilməyəcək tükənməz xəzinə və zəngin həyat məktəbidir. Azərbaycan Xalq Cümhuriyyəti ¬xalqımızın dövlətçilik salnaməsinin ən parlaq səhifələrindən birini təşkil edir. Qeyd etməliyik ki, Azərbaycan Xalq Cümhuriyyəti son dərəcə mürəkkəb daxili və beynəlxalq şəraitdə yaranmışdı. Birinci Dünya müharibəsinin gedişində və Romanovlar mütləqiyyətinin devrilməsi nəticəsində yaranmış çox mürəkkəb bir tarixi şəraitdə Azərbaycanın şimal torpaqlarında dövlətçilik ənənələrimiz yenidən, özü də bu dəfə parlamentli respublika formasında dirçəldi. Təəssüf ki, birinci Cümhuriyyətin ömrü qısa oldu, lakin bu qısa müddət ərzində o, çox şeyi əldə edə bildi. Müstəqilliyini bəyan edəndən sonra AXC beynəlxalq münasibətlərin iştirakçısına və beynəlxalq hüququn subyektinə çevrildi.

Azərbaycan Xalq Cümhuriyyəti yarandığı gündən etibarən dövlət quruculuğu işlərinə başlamış və 1918-ci il 9 noyabr tarixində üçrəngli Azərbaycanın dövlət bayrağı qəbul edilmişdir. Azərbaycan Cümhuriyyətinin üçrəngli dövlət bayrağı türk milli mədəniyyətini, müasir Avropa demokratiyasını və İslam sivilizasiyasını özündə təcəssüm etdirirdi. Hökumətin ən mühüm addımlarından biri isə ordu quruculuğu istiqamətində olmuşdur. 1918-ci il 26 iyun tarixində Müsəlman korpusunun “Əlahiddə Azərbaycan korpusu adlandırılması ilə Milli Ordumuzun əsası qoyulmuşdur. Qısa vaxt ərzində 40 min nəfərlik nizami ordu yaradılmışdır ki, onun 30 minini piyada, 10 minini isə süvari qoşun təşkil edirdi. Həmçinin milli hökumət tərəfindən qısa vaxt ərzində respublikamızda təhsil və mədəniyyət sahəsinin inkişafı istiqamətində də bir sıra məqsədyönlü işlər görüldü.

Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruculuğunda parlamentin yaradılması və fəaliyyəti mühüm yer tuturdu. Yaradılmış bütün maneələrə və çətinliklərə baxmayaraq 1918-ci ilin dekabrın 7-də H.Z.Tağıyevin qızlar məktəbinin binasında Azərbaycan Parlamentinin təntənəli açılışı oldu. Qeyd etməliyik ki, fəaliyyət göstərdiyi 17 ay ərzində parlamentin 130-a yaxın iclası keçirilmiş və 230- a yaxın qanun qəbul edilmişdi.

Çox gərgin və mürəkkəb beynəlxalq şəraitdə istiqlaliyyət əldə etmiş gənc Azərbaycan dövlətinin müstəqilliyi 1920-ci illərin əvvəllərində təhlükə altında idi. Bir tərəfdən Sovet Rusiyasının təcavüzkar siyasəti, digər yandan onların əlaltıları olan erməni daşnaklarının Qarabağ və digər bölgələrdə törətdiyi qırğınlar və daxildə olan düşmən qüvvələrin pozuculuq fəaliyyətləri Xalq Cümhuriyyətinin süqutunu yaxınlaşdırırdı. 1920-ci il aprelin 25-dən 26-na keçən gecə XI Qırmızı ordu hissələri Azərbaycan Xalq Cümhuriyyətinin sərhədlərini keçərək vətənimizə daxil oldu. Aprelin 27-də axşam saat 11-də Azərbaycan parlamenti özünün son iclasını keçirdi və başda M.Ə.Rəsulzadə və digərlərinin kəskin etirazlarına baxmayaraq nahaq qan tökülməsinin qarşısını almaq məqsədilə hakimiyyətin Azərbaycan bolşeviklərinə təhvil verilməsi haqqında qərar qəbul edildi. Beləliklə 1920-ci ilin 28 aprel tarixi xalqımızın azadlıq hərəkatı tarixində dərin iz qoymuş Azərbaycan Xalq Cümhuriyyətinin süqutu və ölkəmizdə sovet hakimiyyətinin qurulması kimi tarixə düşmüş oldu.

Cəmi 23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də ancaq onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası heç bir zaman unudulmadı. Xalq Cümhuriyyəti xalqımızın azadlıq hərəkatı tarixində dərin iz qoymuş oldu. Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, ən qəddar müstəmləkə və repressiya rejimləri belə Azərbaycan xalqının azadlıq ideallarını və müstəqil dövlətçilik ənənələrini məhv etməyə qadir deyildir. AXC özünün siyasi quruluşuna, həyata keçirdiyi demokratik dövlət quruculuğu tədbirlərinə görə Avropanın ənənəvi demokratik respublikalarından heç də geri qalmırdı, əksinə onları üstələyirdi.

Taleh ötən XX əsrdə Azərbaycan xalqına iki dəfə müstəqilliyə qovuşmaq imkanı nəsib etmişdir. İkinci dəfə 1991-ci ilin 18 oktyabrında dövlət müstəqilliyimizi yenidən bərpa etdik. Bu da tarixi şans idi və Sovet İttifaqının dağılması nəticəsində Azərbaycan ikinci dəfə müstəqil ölkə kimi dünyanın siyasi səhnəsinə qədəm qoydu. Lakin xalqımız üçün müstəqilliyin ilk illəri olduqca ağır və keşməkeşli keçmişdir. Məhz Ulu Öndər Heydər Əliyev hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycan Xalq Cümhuriyyətinin mirası olan böyük ideyalar davam etdirilmiş və bu tarixi varislik üzərində yeni müstəqil Azərbaycan dövlətinin əsasları qurulmuşdur.

Sevindirici haldır ki, Azərbaycan xalqının xilaskarı, Ümummilli Lider Heydər Əliyevin bütün sahələrdə yürütdüyü müdrik siyasət bu gün də onun siyasi kursunun layiqli davamçısı Möhtərəm cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Aparılmış müdrik siyasətin nəticəsində ölkəmiz bütün sahələrdə inkişaf yolu keçərək regionun ən qüdrətli dövlətinə çevrilmişdir. Dövlət başçımız İlham Əliyev cənablarının qeyd etdiyi kimi: “Bugünkü güclü Azərbaycana baxdıqda bir daha anlayırıq ki, müstəqillik bizim ən böyük sərvətimizdir, ən böyük nemətimizdir və ən böyük xoşbəxtliyimizdir. Azərbaycanın müstəqilliyi dönməzdir, sarsılmazdır və əbədidir”.

Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər