"Türkdilli dövlətlər arasında əlaqələrin inkişafında ölkəmizin xüsusi rolu var"
«Azərbaycan və Qazaxıstanı sıx müttəfiqlik əlaqələri ilə yanaşı, ortaq tarix, mədəniyyət və milli köklər bağlayır. Hazırda ölkələrarası münasibətlər özünün ən yüksək mərhələsini yaşayır. Azərbaycan Mərkəzi Asiya ölkələri, o cümlədən, regionun türk dövlətləri ilə münasibətlərə mühüm əhəmiyyət verir. Bu isə təbii olaraq qarşılıqlı əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Qazaxıstan, Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu türk dövlətlərindən biridir.»
Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib.
K.Bayramov qeyd edib ki, Prezident İlham Əliyevin cari ilin 10 aprel tarixində Qazaxıstan Respublikasına rəsmi səfəri, türkdilli dövlətlərin yeni siyasi, iqtisadi, humanitar birliyinin formalaşdırılması istiqamətində önəmli bir addımdır. Dövlət başçımızın «Qazaxıstan ilə qardaşlıq münasibətləri əcdadlarımızın göstərişi, eləcə də, həyati zərurətdir» kimi dəyərləndirdiyi Qazaxıstan səfəri öz gələcəklərini müstəqil şəkildə quran iki ölkənin tərəfdaşlıq tarixində yeni səhifədir.
Səfər çərçivəsində Xəzər regionunda, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda baş verən proseslər fonunda regional təhlükəsizliklə bağlı məsələlərdən başlamış nəqliyyat, logistika, energetika, humanitar əməkdaşlıq, ekologiya ilə bağlı məsələlərə qədər bütün istiqamətlər üzrə əməkdaşlığın möhkəmləndirilməsinə dair razılıq əldə edilib. Azərbaycan və Qazaxıstan geniş iqtisadi potensiala malikdir. Hər iki ölkə Şərq-Qərb Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu çərçivəsində əməkdaşlıq edir. Ölkələr arasında nəqliyyat-logistika infrastrukturunun inkişafı ilə bağlı böyük planlar həyata keçirilir. Ölkələrimiz arasında geniş hüquq-müqavilə bazası formalaşıb. İndiyədək Azərbaycanla Qazaxıstan arasında 134 sənəd imzalanıb.
Bu sənədlər arasında «Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə» (2004-cü il 1 mart, Astana), «Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə» (2005-ci il 24 may, Bakı), «Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi, müttəfiqlik və qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi haqqında Bəyannamə» (2022-ci il 24 avqust, Bakı) xüsusi vurğulanmalıdır.
Deputat diqqətə çatdırıb ki, Astanada Ulu Öndər Heydər Əliyevin adını daşıyan küçənin açılışı Ulu Öndər Heydər Əliyevin xatirəsinə, habelə, bütün Azərbaycan xalqına hörmətin, dostluğun, qardaşlığın təzahürüdür. Eyni zamanda, Qazaxıstan Prezidentinin işğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması təşəbbüsü iki xalq arasında dostluğun rəmzidir.
K.Bayramov əlavə edib ki, türkdilli dövlətlər arasında əlaqələrin inkişafında Azərbaycanın xüsusi rolu var. Dövlətimizin başçısı əlaqələrin inkişaf etdirilməsini prioritet hesab edir, iqtisadi, siyasi, humanitar və digər sahələr üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirir. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də hər zaman bir-birini dəstəkləyir. Birləşmiş Millətlər Təşkilatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, TÜRKPA kimi təşkilatlar çərçivəsində sıx əməkdaşlıq mövcuddur.
Deputat xüsusi olaraq vurğulayıb ki, Azərbaycan və Qazaxıstan arasında iqtisadiyyat sahəsində də əlaqələrin böyük tarixi var. Regionda yaranmış yeni reallıqlar çərçivəsində nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində aparılan işlər və postmünaqişə dövrünün reallığı olan Zəngəzur dəhlizi Mərkəzi Asiya regionu, o cümlədən, Qazaxıstan üçün də yeni fürsətlər yaradır. Ölkələrimizin maraqları bu məsələdə də üst-üstə düşür. İki ölkə arasında neft və neft məhsullarının ticarəti sahəsində uğurlu əməkdaşlıq davam etdirilir.
Buraya Qazaxıstan mənşəli xam neftin Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə dünya bazarına çatdırılması, Qazaxıstan mənşəli xam neftin Azərbaycanda emalı, Qazaxıstan mənşəli xam neftin dünya bazarına təchizatı və sair daxildir. «SOCAR Midstream Operations» MMC 2023-cü ilin martından etibarən Qazaxıstanın Tengiz yatağından ayda 125 min ton həcmində neftin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəqlinə başlayıb. Qazaxıstan neftinin Aktau limanından «Prezident Heydər Əliyev» tankerinə ilk yüklənməsi bu il martın 21-də, «Şuşa» tankerinə ikinci yüklənməsi isə martın 28-də həyata keçirilib.
Son xəbərlər
