Ulu Öndər Heydər Əliyev türk dünyasını daha sıx birləşdirmək üçün əlindən gələni edirdi.
Azərbaycan ilə Qazaxıstan arasındakı ikitərəfli münasibətlər və qarşılıqlı əlaqələr qədim tarixə malikdir. Ortaq soykökə malik olan, eyni mədəni və dini dəyərləri bölüşən Azərbaycan və Qazaxıstan əlaqələri istər Sovet İttifaqı tərkibində, istərsə də müstəqillik əldə etdikdən sonra hər iki xalqın liderləri Heydər Əliyev və Nursultan Nazarbayevin münasibətləri və birgə səyləri nəticəsində inkişaf edib. Xüsusi olaraq qeyd etməliyik ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev bütün dövrlərdə türk dünyasını birləşdirmək üçün əlindən gələni etmiş və bu istiqamətdə Mərkəzi Asiyanın türk dövlətləri ilə münasibətlərin daha da dərinləşməsi Azərbaycan dövlətinin xarici siyasətinin əsas prioritetinə çevrilmişdir. Ulu Öndərin siyasi kursu bu gün Möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və hazırda iki ölkə arasında münasibətlər getdikcə genişləndirilir
Azərbaycanla Qazaxıstan arasında diplomatik münasibətlərin yaşı 30 ildən artıqdır. Ötən müddət ərzində iki dövlət arasında əlaqələrin səviyyəsi, həm də iki ölkənin regional miqyasda rolu və funksionallığı ən yüksək səviyyəyə qədər yüksəlib. İkitərəfli münasibətlərin daha da dərinləşməsində dövlət başçılarının qarşılıqlı səfərləri xüsusilə böyük əhəmiyyət kəsb etmişdir. Xüsusilə son illərdə hər iki dövlət başçısının qarşılıqlı səfərləri ölkələrimiz arasındakı münasibətlərin yeni mərhələyə yüksəlməsinə təkan vermişdir. Bu baxımdan 10 aprel 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının Qazaxıstan Respublikasına rəsmi səfəri xalqlarımız arasındakı dostluq və qardaşlığın təzahürü olmaqla yanaşı, tərəflərin bu əlaqələri və dövlətlərarası münasibətləri daha da inkişaf etdirməkdə maraqlı olduğunu bir daha nümayiş etdirir.
Bu səfər zamanı iki ölkə arasında mövcud olan strateji müttəfiqlik əlaqələrinin daha da dərinləşdirilməsi və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə nail olunmuşdur. İmzalanmış sənədlər əsasında iki qardaş respublika arasında müxtəlif sahələrdə qarşılıqlı əlaqələrin daha da artırılması nəzərdə tutulmuşdur. Xüsusilə səfər zamanı “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Protokolu” və dövlət başçılarının birgə bəyanatınının imzalanması böyük əhəmiyyət kəsb edir və iki dövlət arasındakı münasibətlərdə tarixi mərhələnin başlandığını göstərir. Strateji müttəfiqlik səviyyəsinə qədər yüksəlmiş Azərbaycan-Qazaxıstan münasibətləri imzalanmış sənədlərlə ən yüksək səviyyəyə, dost və qardaşlıq səviyyəsinə yüksəlmişdir.
Dünyanın mövcud geosiyasi vəziyyəti və yeni dünya düzəninin formalaşması fonunda dost və qardaş olan Azərbaycanla Qazaxıstan ikitərəfli əlaqələrin möhkəmlənməsində maraqlıdır. Xüsusilə Azərbaycanın regionda yaratdığı yeni geosiyasi reallığın fonunda Azərbaycanla Qazaxıstan arasında əlaqələrin genişləndirilməsinə xüsusi ehtiyac vardır. Nəzərdə tutulmuş layihələrin reallaşması iki dövlətlə yanaşı ümumilikdə türk dövlətləri arasında münasibətləri möhkəmləndirməklə türk coğrafiyasını birləşdirən ən önəmli amil olacaqdır.
Qeyd etməliyik ki, hazırda iki dövlət arasında əməkdaşlığın şaxələndirilməsi üçün siyasi iradə və bir-birindən cəlbedici imkanlar mövcuddur. İnanırıq ki, Azərbaycanla Qazaxıstan arasında mövcud olan və müxtəlif sahələri əhatə edən münasibətlər dərinləşəcək və hər iki xalqın dostluq və qardaşlığı daha da möhkəmlənəcəkdir.
Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri
Son xəbərlər
