"Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz"
«Azərbaycan dövlətinin demokratik təsisatların inkişafı, siyasi sistemin təkmilləşdirilməsi, siyasi münasibətlərin sağlam zəmində qurulması istiqamətində atdığı addımlar davamlılığı ilə diqqət çəkir. Yeni «Siyasi partiyalar haqqında» Qanunun qəbulu dövrün, zamanın tələblərini əks etdirməklə yanaşı, həm partiyaların qeydiyyatdan keçməsi, həm də, onların dövlət büdcəsindən maliyyələşməsi məsələlərini özündə ehtiva edir. Bütün bu addımlar ölkəmizdə çoxpartiyalı sistemin yaradılmasına və fəaliyyətləri üçün möhkəm qanunvericilik bazasının formalaşmasına xidmət edir. Dövlət başçısının qeyd etdiyi kimi, hazırda siyasi partiyanı yaratmaq üçün heç bir ciddi meyar tələb olunmur. Əgər doğrudan da istəyirik ki, Azərbaycanda çoxpartiyalı sistem inkişaf etsin, onda, əlbəttə, siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün əsas amillər mövcud olmalıdır. Hakimiyyət tərəfindən atılan bu kimi addımlar, eyni zamanda, siyasi dialoqun müxalifət partiyaları tərəfindən dəstəklənməsi, ən əsası ümummilli məsələlərin həllində bir araya gəlib ümumi mövqenin ortaya qoyulmasına göstərilən səylər onu göstərir ki, artıq bu münasibətlərdə tamamilə yeni bir yanaşma mövcuddur”.»
Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib.
K.Bayramov qeyd edib ki, çoxpartiyalı sistemin mövcudluğu ölkənin inkişafına və demokratik mühitin formalaşmasına öz töhfəsini verir. Dövlət başçısının siyasi qüvvələrlə dialoq təşəbbüsü ilə çıxış etməsi ölkəmizdə siyasi münasibətlərin yeni zəmində qurulacağına, milli maraqlar naminə iqtidar-müxalifət əməkdaşlığına daha çox diqqət yetiriləcəyinə, siyasi münasibətlərdə ciddi yeniliklərin baş verəcəyinə əminlik yaradır”. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması, Azərbaycan Prezidentinin siyasi iradəsi olan dialoq çağırışlarını siyasi partiya və təşkilatların diqqətinə çatdırılması, altıncı çağırış Milli Məclisin çoxpartiyalı parlament kimi formalaşması, ilk dəfə olaraq parlamentin rəhbərliyində müxalifət nümayəndəsinin təmsil olunması, komitə sədrləri və komitə sədrlərinin müavinlərinin əksəriyyətinin Milli Məclisdə yer alan digər partiyalarının təmsilçiləri arasından seçilməsi Azərbaycan iqtidarının siyasi dialoqa, milli birliyə, həmrəyliyə olan münasibətinin bariz nümunəsidir”.
Deputat diqqətə çadırıb ki, siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz. Prezident İlham Əliyevin rəhbərliyi ilə 2018-ci ilin prezident seçkilərindən sonra dərinləşən islahatlar prosesi bütün sahələri, o cümlədən, siyasi sistemi əhatə edərək yeni bir mərhələnin əsasını qoyub. Dövlət başçısının siyasi qüvvələrlə dialoq təşəbbüsü ilə çıxış etməsi ölkəmizdə siyasi münasibətlərin yeni zəmində qurulacağına, milli maraqlar naminə iqtidar-müxalifət əməkdaşlığına daha çox diqqət yetiriləcəyinə, siyasi münasibətlərdə ciddi yeniliklərin baş verəcəyinə əminlik yaradır”. Prezident İlham Əliyev VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışında bildirib: «Həm seçkilər, həm də seçkilərdən sonra keçən dövr, iqtidar tərəfindən siyasi partiyalara yönəlmiş addımlar - bütün bunlar bizim mövcud siyasətimizin yeni mərhələsini əks etdirir. Bu, bizim islahatçı kursumuzu əks etdirir. Bildiyiniz kimi, islahatların yeni mərhələsi 2018-ci ilin prezident seçkilərindən sonra başlamışdır. Bu islahatları mən andiçmə mərasimində, bax, bu salonda bəyan etmişdim. Biz onları ardıcıl olaraq icra edirik və bu, həyatda öz əksini tapır. Bir də onu göstərir ki, həmişə olduğu kimi, bizim sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur.»
K.Bayramov xüsusi olaraq qeyd edib ki, bütün bunlara baxmayaraq, bəzi siyasi partiyalar iqtidarın bu təşəbbüsünü birmənalı qarşılamır. Əksinə, müxtəlif bəhanələrlə təklif olunan dialoqdan yayınırlar. Xüsusən, radikal mövqedə dayanan partiyaların bu proseslərdən kənarda qalmaları doğru deyil. Gözlərini yalan, iftira, böhtan örtən radikal müxalif qüvvələrin hakimiyyətin mütəmadi olaraq dialoq dəvətindən imtina etmələri onların əsl niyyətlərindən xəbər verir. Belə qüvvələrin işi yalnız tənqid etmək, dünyaya, beynəlxalq təşkilatlara yalan, böhtan, iftiralarla dolu məlumatlar ötürməkdir. Dialoqdan imtina edənləri siyasi qüvvə adlandırmaq da düzgün deyil. Bu düşərgədə cəmləşən bir qrup ünsürlər uzun illərdir iqtidara qarşı yox, dövlətimizə, xalqımıza qarşı çirkin mübarizə aparırlar.
Deputat əlavə edib ki, müasir dünyada siyasi mübarizənin formaları tamamilə dəyişib, artıq buna uyğunlaşmaq lazımdır. Radikal müxalifət düşərgəsində olan partiyalar siyasi arenada qalmaq istəyirlərsə, artıq siyasi mübarizə formalarını dəyişməlidirlər. Əks halda çox acınacaqlı bir vəziyyətə düşəcəklər.
Son xəbərlər
