"Avropa İttifaqı "mülki missiya" çətiri altında kamuflyaj edir"
Avropa İttifaqının (Aİ) Ermənistana göndərdiyi müşahidəçi missiyası artıq öz işinə başlayıb. 100 nəfərdən ibarət missiya 2 il müddətində fəaliyyət göstərəcək. Aİ Şurasının bəyanatında belə bir iddia yer alıb ki, sözügedən missiya guya Azərbaycan-Ermənistan sərhədində vəziyyətin nizamlanmasına töhfə vermək üçün nəzərdə tutulur. Lakin bu açıqlama deklarativ xarakter daşıyır və necə deyərlər, gözə qum atmağa, əsl həqiqəti ört-basdır etməyə xidmət edir.
Reallıqda isə Avropa İttifaqının uzunmüddətli mülki missiyasının Ermənistan-Azərbaycan şərti sərhəddində yerləşdirilməsinin tərəflər arasında münasibətlərin tənzimlənməsinə, danışıqlar prosesinə töhfə verəcəyinə heç bir əminlik yoxdur. Çünki bu missiyanın Ermənistana göndərilməsi planının arxasında təkcə siyasi deyil, hərbi məqsədlərin də dayandığı ehtimalı var. Erməni mediasında yayılan məlumatlardan da belə görünür ki, Avropa İttifaqından göndərilən missiya həm də Qərbin Ermənistana hərbi yardımının ilk mərhələsidir. Başqa sözlə desək, bu missiyaya sadəcə mülki missiya kimi baxmaq olmaz.
Biz hesab edirik ki, Avropa İttifaqı fransız jandarmaları və alman polislərindən ibarət 100 nəfərlik yarımhərbiləşdirilmiş qrupu "mülki missiya" çətiri altında kamuflyaj edir. Və bu missiyanın sabah öz mandat və səlahiyyətlərinin çərçivələrindən kənara çıxmayacağına heç bir zəmanət yoxdur. Bu mənada, Aİ-nin sözügedən missiyasının fəaliyyəti də Rusiya sülhməramlılarının yarıtmaz fəaliyyətinin davamı ola bilər. Bu isə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması əvəzinə, növbəti hərbi toqquşmaların baş verməsinə gətirib çıxara bilər. Ona görə də, nə Aİ Şurasının bəyanatına, nədəki avropalı müşahidə missiyasının bölgədə əmin-amanlığa zəmanət olacağı barədə Paşinyanın səsləndirdiyi pafoslu, populist vədlərə güvənmək olmaz.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri