Bu Qələbə, bu Zəfər bütün xalqımıza inam və ruh verdi
Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında rəşadətli ordumuz 44 gün ərzində düşməni darmadağın etməklə 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad edərək Azərbaycan tarixinə bugünəcən rast gəlinməyən Şanlı Zəfər səhifələri yazdı. Düşmən tapdağı altında olan tarixi ərazilərimizin qaytarılması ilə həm də xalqımızın ləyaqəti, qüruru özünə qaytarılmış oldu.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının Azərbaycanın Vətən Müharibəsində əldə etdiyi tarixi Zəfərin ikinci ildönümü günü Şuşaya səfəri xüsusi əhəmiyyət kəsb edirdi. Dövlət başçımızın xalqımızın tarixində ən əziz günlərdən biri olan Zəfər Günündə məhz hərbçilərlə görüşü bu səfərin əhəmiyyətini daha da artırırdı. Cənab Prezidentin bu görüşdəki tarixi çıxışında Vətən müharibəsində əldə etdiyimiz qələbəyə aparan yoldan geniş bəhs edərək vurğulamışdır ki, bizim 44 günlük müharibədə son məqsədimiz Şuşanı işğaldan azad etmək olmuşdu. Cənab Prezident qeyd etdi ki, “Təkcə ona görə yox ki, Şuşa Qarabağın tacıdır. Ona görə yox ki, Şuşanın strateji yerləşməsi faktiki olaraq onun azad olunmasından sonra müharibənin taleyini həll edirdi. O cümlədən ona görə ki, Şuşa Azərbaycan xalqının ürəyidir, canıdır, hər bir azərbaycanlı üçün müqəddəs yerdir”.
Cənab Prezident nitqində ordumuzun döyüş meydanında göstərdiyi rəşadətdən böyük qürur hissi ilə bəhs edərək bildirdi ki, 44 gün içində hər gün irəli gedən, bir əsgəri belə fərarilik etməyən Orduya sahib olduğumuz üçün fəxr edirik. Vətən müharibəsi və əldə edilən tarixi Zəfər bir çox gerçəklikləri, həqiqəti gün üzünə çıxardı. Zəfərə aparan yol ölkəmizdə milli həmrəyliyi daha da gücləndirdi, gücümüzə güc qatdı. Azərbaycan ərazisində yaşayan bütün xalqlar Dəmir Yumruq ətrafında sıx birləşərək tarixi qələbənin qazanılmasında böyük rol oynadılar. Bu qələbə bir daha xalq-iqtidar-ordu birliyinin yüksək səviyyədə olduğunu bütün dünyaya nümayiş etdirmiş oldu.. Nəhayət, “Vətən müharibəsindəki Qələbəmiz imkan verir ki, biz bu sözləri hamının üzünə, bizə xor baxanların gözünə deyək. Bu Qələbə, bu Zəfər bizə bu imkanı verdi, bütün xalqımıza inam verdi, ruh verdi. Biz təkcə ərazi bütövlüyümüzü yox, milli qürurumuzu bərpa etdik”.
Hazırda işğaldan azad edilmiş ərazilərimizdə irimiqyaslı layihələr icra edilməkdədir. Mənfur düşmənimiz tərəfindən basdırılmış minalar təmizlənir, tikinti, quruculuq və abadlıq işləri aparılır. Bu gün hər birimizin qəlbində sarsılmaz bir əminlik var ki, çox keçməyəcək, Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə bütün Qarabağ ən müasir səviyyədə tərəqqi tapacaq. Millətimiz öz keçmişinə, tarixinə sahib çıxan, bugünkü və sabahkı rifahını qurub-yaradan, ilahi ədaləti və ərazi bütövlüyümüzü bərpa edən cənab Prezidentimiz İlham Əliyevin ətrafında bundan sonra daha sıx birləşəcəkdir.
Rəşad Rəhmanov
Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru