"Erməni xalqı müdrik davranmalı, öz liderlərini sülhə məcbur etməlidir"
Vətən Müharibəsinin başa çatmasından 2 il ötür. Xalqımız Vətən uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin xatirəsini dərin ehtiram hissilə anır. Bu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, üçrəngli bayrağımızı işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə vəfa borcumuzdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin!
Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində mənfur düşməni diz çökdürdü, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Eyni zamanda tarixi ədaləti bərpa olundu. Ordusuna və Ali Baş Komandanına güvənən Azərbaycan xalqı İkinci Qarabağ müharibəsində düşmənin başını əzərək 30 illik işğala son qoydu, şanlı qəhrəmanlıq salnaməsi yazdı və özünün qalib xalq olduğunu bütün dünyaya qətiyyətlə sübut etdi. 10 noyabr 2020-ci il tarixdə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan üçtərəfli Bəyanat düşmən üzərində qazandığımız tarixi Zəfəri rəsmiləşdirdi. Bu sənəd məğlub Ermənistanın kapitulyasiyasının təsdiqi idi. Sözügedən Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı.
Azərbaycanın tam qələbəsi ilə nəticələnən 44 günlük müharibənin sonunda imzalanmış üçtərəfli Bəyanat ölkəmizin hərbi-siyasi qələbəsini rəsmiləşdirməklə yanaşı, həm də milli birliyimizin, həmrəyliyimizin necə böyük uğurlara, qələbələrə vəsilə olacağının göstəricisi idi. Bəli, əminliklə söyləyə bilərik ki, müharibənin davam etdiyi 44 gün bizim milli həmrəyliyimizin sınaq günləri idi və biz bir xalq olaraq bu sınaqdan üzüağ çıxdıq. Həmin günlərdə hamımız eyni hiss və həyəcanları bölüşdük. İnsanlarımız o tarixi anları böyük həyəcan hissiilə yaşadı. Hər gün televiziya önündə, radio qarşısında, internetdə cəbhədən gələn xəbərləri izlədiK, Ordumuzun uğurlu əməliyyatlarına sevindik, Şuşanın işğaldan azad edildiyi gün küçələrə axışdıq. Bir sözlə, bütün dünya Azərbaycan xalqının sıx birliyini gördü.
10 noyabr üçtərəfli Bəyanatı Azərbaycan xalqının qalib xalq olduğunu rəsmiləşdirən tarixi sənəddir. Ermənistan rəhbərliyi və erməni xalqı öz məğlubiyyəti ilə barışmalıdır. Bu gün ermənilərin revanşizmə can atmaları onlar üçün həqiqətən də növbəti faciə ilə nəticələnə bilər. Bu dəfə Ermənistanı nəinki Fransa, ABŞ, İran, heç Rusiya da xilas edə bilməyəcək. Erməni xalqı müdrik davranmalı, öz liderlərini sülhə məcbur etməlidir. Əks halda, erməni xalqı millətçi-faşist ideyaların qurbanına çevriləcək.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri