"Bütün qüvvələr Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar edildi"
Mənfur düşmənin təxribatına qarşı Azərbaycan ordusunun başlatdığı əks-hücum əməliyyatı nəticəsində 44 gün davam edən və şanlı Zəfər əldə etdiyimiz Vətən müharibəsindən 2 ilə yaxın müddət keçməkdədir. Vətən müharibəsinin gedişində yeni nəsil müharibə üsulunu nümayiş etdirmiş Azərbaycan ordusunun təcrübəsi hazırda bir çox dünya ölkələri tərəfindən öyrənilir. Azərbaycan hərb tarixinə yenilik kimi düşən hərbi strategiyanı tətbiq edərək, ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilər verərək qısa müddət ərzində düşmənin bütün hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi.
44 günlük Vətən müharibəsinin yekunu olaraq imzalanmış 10 noyabr Bəyanatı döyüş meydanında məğlubiyyətə uğrayan Ermənistan üçün hərbi kapitulyasiya demək idi. İmzalanmış üçtərəfli Bəyanat nəticəsində 30 ilə yaxın davam edən işğala son qoyulmaqla ərazi bütövlüyümüz təmin edildi. Bu qələbə nəticəsində bütün dünya Azərbaycan xalqının milli birlik və həmrəyliyinin şahidi oldu.
Xüsusi olaraq qeyd etməliyik ki, Azərbaycanın qələbəsini rəsmiləşdirən Üçtərəfli Bəyanat status-kvonu tam olaraq ölkəmizin xeyrinə dəyişdi. 10 noyabr Bəyanatının bizim üçün əsas əhəmiyyəti ondan ibarət idi ki, imzalanmış Bəyanatda “Dağlıq Qarabağ” adına yer verilməməsi oldu. Bu isə o deməkdir ki, Dağlıq Qarabağ mövzusu bundan sonra heç bir zaman müzakirə predmeti ola bilməz. Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazilərimizdir.
Cənab Prezident dəfələrlə vurğulamışdır ki, artıq Qarabağ problemi məsələsi bizim üçün birdəfəlik gündəlikdən çıxmışdır. Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış Vətən müharibəsində Azərbaycanın rəşadətli ordusunun əldə etdiyi parlaq qələbə nəticəsində Azərbaycan bölgədə artıq yeni reallıqlar yaratmışdır. Məhz Ermənistan dövləti də bu reallıqları görməli və mövcud geosiyasi vəziyyəti dəqiq qiymətləndirməlidir.
Həmçinin Üçtərəfli Bəyanatda öz əksini tapmış ən mühüm məqamlardan biri Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında avtomobil və dəmiryolu kommunikasiyalarının yaradılması oldu. İmzalanmış Bəyanata əsasən reallaşacaq kommunikasiya layihələri vasitəsilə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirməsi tarixi hadisə olacaqdır. Regionun inkişafına səbəb olacaq yeni nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması Azərbaycanın tarixi missiyasıdır.
Bu gün işğaldan azad edilmiş ərazilərimizdə geniş miqyaslı tikinti, quruculuq, abadlıq işləri aparmaqdadır. Öz doğma yurdlarından qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş soydaşlarımızın evlərinə qayıtması üçün “Böyük qayıdış”ı reallığa çevirmək məqsədilə dövlətimiz tərəfindən böyük işlər görülməkdədir. İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri Azərbaycan dövlətinin gücünü, ölkə rəhbərliyinin siyasi iradəsini və xalqımızın əzmini, öz torpaqlarına bağlılığını bir daha bütün dünyaya nümayiş etdirir.
Rəşad Rəhmanov
Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru