44 günlük müharibə və Azərbaycanın dünyada artan nüfuzu
Prezident İlham Əliyev 13 oktyabr 2022-ci il tarixində Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında çıxışı edərkən bildirmişdir ki, 30 il davam edən Qarabağ münaqişəsinə son qoyuldu. Azərbaycan xalqı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinin icrasını özü təmin etdi.
Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğal zamanı şəhərlərimiz və kəndlərimiz, mədəni və dini abidələrimiz, məscidlərimiz məqsədli şəkildə dağıdılıb, təhqir və talan edilib.
Cənab Prezident Ermənistanın Azərbaycanın mülki əhalisinə və hərbçilərinə qarşı sistemli şəkildə törətdiyi müharibə cinayətləri haqqında danışaraq bildirdi ki, Birinci Qarabağ müharibəsindən bəri 3900-ə yaxın Azərbaycan vətəndaşı itkin sayılır. Onların əksəriyyəti işgəncələrə məruz qalıb, öldürülüb və kütləvi məzarlıqlarda basdırılıb.
İşğaldan azad edilmiş iki kənddə kütləvi məzarlıqlar aşkar olunub. Ermənistan Azərbaycana itkin düşənlərin taleyi və kütləvi məzarlıqların dəqiq yerləri barədə məlumat təqdim etməlidir.
İlkin hesablamalara görə, Ermənistan işğal zamanı bir milyondan çox mina basdırıb. İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən iki il ərzində 250-dən çox Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb. Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır.
Cənab Prezident “Böyük Qayıdış” proqramı haqqında da danışaraq bildirib ki, minalardan təmizlənmə ilə paralel, indi Azərbaycan həm də işğaldan azad olunmuş ərazilərdə öz resursları hesabına genişmiqyaslı quruculuq işləri aparır. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdış prosesi başlanıb.
Lakin Qarabağ münaqişəsinin həll olunmasına baxmayaraq, Ermənistan sərhəddə təxribatlar törətməkdə davam edir. Bunlardan sonuncusu isə bu ilin sentyabr ayında törədilib. Azərbaycan Silahlı Qüvvələri Ermənistanın hərbi təxribatının qarşısını almaq üçün qətiyyətli əks-həmlə əməliyyatına başlamağa məcbur oldu. Bütün bu təxribatlara görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
İlham Əliyev Azərbaycan ədalətli sülhün tərəfdarıdır. Ermənistan tərəfindən törədilmiş etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlının 30 il ərzində əziyyət çəkməsinə, misli görünməmiş vəhşiliyə, yüzlərlə şəhər və kəndimizin dağıdılmasına baxmayaraq, Azərbaycan Ermənistana qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünün tanınması əsasında sülh sazişi imzalamağı təklif edib.
Azərbaycan tərəfindən həyata keçirilən genişmiqyaslı nəqliyyat infrastrukturu layihələri ölkəmizi ən mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzlərindən birinə çevirib. 2022-ci ilin ilk doqquz ayı ərzində Azərbaycan ərazisindən keçən tranzit təxminən 65 faiz artıb. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına mühüm töhfələr verir. Azərbaycan Orta Dəhlizin önəmli hissəsini təşkil edəcək Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir.
2019-cu ildən bəri Azərbaycan üzv ölkələrin yekdil qərarı əsasında Qoşulmama Hərəkatına sədrlik edir. Sədrliyimiz yenə də yekdil qərar əsasında daha bir il, 2023-cü ilin sonuna qədər uzadılıb. Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində həmrəyliyi gücləndirmək, bu Hərəkatın siyasi çəkisini və qlobal nüfuzunu artırmaq üçün böyük səylər göstərir. Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Gənclər Təşkilatı yaradılmışdır. COVID-19-dan sonrakı dünya ilə bağlı fikir mübadiləsi aparmaq və Hərəkatın mövqeyini formalaşdırmaq məqsədilə Qoşulmama Hərəkatına üzv dövlətlərin növbəti il üçün Azərbaycan tərəfindən yüksək səviyyəli iclasının keçirilməsi təklifi irəli sürülmüşdür.
Cənab Preziden bu çıxışında da Azərbaycan həqiqətlərini dünyaya çatdırdı və Azərbaycan xalqının yalnız haqq-ədalət tərəfdar olduğunu ortaya qoydu.
İzzət Rüstəmov
Bakı Dövlət Universitetinin professoru, Prezident təqaüdçüsü