"Prezidentimizin uğurlu siyasət bizi işıqlı sabaha, rifaha və tərəqqiyə aparacaq"
Tariximizin ən şərəfli səhifələrindən biri olan Vətən müharibəsində qazandığımız Zəfər ölkəmizin qüdrətini bütün dünyaya nümayiş etdirdi. Bu Qələbə nəticəsində xalqımız tarixi ədaləti bərpa etdi və 30 ilə yaxın bir müddətdə işğal altında saxlanılan əzəli torpaqlarımızı düşmən tapdağından azad etdi. Bununla da biz Azərbaycanın öz torpağının və öz taleyinin sahibi olduğuna bütün dünya göstərdik. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli ordumuz tərəfindən şanlı tariximiz yazıldı. Müharibənin ilk saatlarından etibarən düşmənə sarsıdıcı zərbə vuran Rəşadətli ordumuz düşmənin müdafiə sistemini darmadağın etməklə torpaqlarımızı azad edərək xalqımızı sevindirdi. Məhz işğal altında olan rayonlarımızdan ilk olaraq doğma Cəbrayıl rayonu düşmən tapdağından azad edildi və 30 illik vətən, torpaq həsrətinə son qoyuldu. Məlumat üçün bildiririk ki, düşmən tərəfindən Cəbrayıl ərazisində bir neçə xətdən ibarət müdafiə xətti qurulmuşdu ki, bunu yarmaq çox böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi. Cəbrayıl əməliyyatının əhəmiyyəti, eyni zamanda, ondan ibarət idi ki, Cəbrayıl azad olunandan sonra o vaxt işğal altında olan digər ərazilərimizə yolumuz açılmışdır. Cəbrayıldan sonra Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü.
Qeyd etməliyik torpaqlarımızın azad edilməsi ilə nəticələnən Vətən müharibəsindən və Cəbrayılın işğaldan azad olunmasından artıq iki il müddət ötüb. Ötən iki il ərzində görülmüş işlər və əldə edilən nəticələrə baxsaq əminliklə deyə bilərik ki, bütün bunlar Azərbaycanın gücünü və potensialını nümayiş etdirir. Erməni vandalları tərəfindən tamamilə dağıdılmış ərazilərə qısa müddət ərzində həyatı qaytarmaq, insanları qaytarmaq böyük potensialdan xəbər verir. Biz bütün gücləri səfərbər etmişik və edəcəyik ki, qısa müddət ərzində Cəbrayılı və bütün başqa rayonlarımızı yenidən quraq, bərpa edək. Buna nail olmaq üçün hazırda azad olunmuş şəhərlərin baş planları hazırlanmış və bu istiqamətdə işlər planlı şəkildə icra edilməkdədir.
Hazırda azad edilmiş ərazilərdə görülən işlər, həyata keçirilən infrastruktur layihələr bütün regionun gələcək inkişafına hesablanmış tədbirlərdir. “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir. Sözügedən layihə 200 hektarı əhatə edən böyük bir layihədir. Artıq ilkin maliyyə vəsaiti ayrılmış və bölgəyə investorlar cəlb edilmişdir. Bununla yanaşı bölgədə “KamAZ” şirkətinin regional xidmət mərkəzinin açılışı böyük perspektivlərə malik olan layihədir. Artıq Rusiya şirkəti də bu bölgəyə investisiya qoymağa başlayıbdır. Həmçinin qardaş Türkiyə Respublikasının şirkətləri də artıq regionda böyük kənd təsərrüfatı layihəsinə investisiya qoymağa başlamışdır.
İşğaldan azad edilmiş ərazilərimizdə o cümlədən Cəbrayıl rayonunda aparılan tikinti-quruculuq və yenidənqurma işləri bizlərdə böyük sevinc və qürur hissi yaşadır. İnanırıq ki, aparılan bərpa və quruculuq işləri qısa vaxt ərzində yekunlaşacaq, doğma torpaqlarından qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş soydaşlarımız öz evlərinə qayıtmaqla Böyük Qayıdış reallığa çevriləcəkdir. Qeyd etməliyik ki, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə yaşadığımız Zəfər sevinci Ulu Öndər Heydər Əliyevin uğurlu siyasətinin təntənəli nəticəsidir. Əminik ki, cənab Prezidentimiz tərəfindən uğurla davam etdirilən bu siyasət bizi işıqlı sabaha, rifaha və tərəqqiyə aparacaqdır.
Rəşad Rəhmanov
Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru