Türk dünyası yenidən bir ürək olacaq
Azərbaycan paytaxtında “Turan Masters” adlı genişmiqyaslı tədbir keçiriləcək
Adnan Selçuk Bayfidan: “Turan Masters”in məqsədi türk dünyası gəncləri arasında mədəni mübadiləni, dostluğu və qardaşlığı gücləndirməkdir
Bu bir həqiqətdir ki, 5 il öncə 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfər təkcə Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə nəticələnmədi. Bu Zəfər, eyni zamanda, türk dünyasında şahlanışa səbəb oldu. Məhz ötən illər ərzində türk dünyasında cərəyan edən proseslər də bunu təsdiq edir. Bu gün bütün sahələrdə türk dünyasının daha dərin inteqrasiyasına xidmət edən addımlar atılır, tədbirlər, layihələr keçirilir.
Türk dünyası ilə bağlı dekabrın 9-da daha bir mühüm addım atılacaq
Belə tədbirlərdən biri də dekbarın 9-da Bakıda təşkil ediləcək. Sözügedən tarixdə Azərbaycan paytaxtında “Turan Masters” adlı genişmiqyaslı tədbir keçiriləcək. “E-sportun birləşdirici gücü ilə Türk dünyası bir ürək!” şüarı ilə keçiriləcək tədbirlə türk dünyası ilə bağlı daha bir mühüm addım atılmış olacaq.![]()
Adnan Selçuk Bayfidan
Bu barədə tədbirin Türkiyə tərəfindən təşkilatçılarından olan Adnan Selçuk Bayfidan məlumat verib.
O, qeyd edib ki, E-sport yalnız bir oyun deyil, həm də mədəniyyətlər arasında körpü quran, gəncləri ortaq bir amal ətrafında birləşdirən dinamik bir platformadır: “Bu ruhla Azərbaycan, Türkiyə, Qazaxıstan və Özbəkistanın ən istedadlı gənc idmançılarını bir araya gətirən həyəcanverici bir tədbir təşkil edirik”.
E-sportun qlobal dili sayəsində gənclər ortaq dəyərlər ətrafında birləşəcək, bir-birinin mədəniyyətini öyrənəcək və gələcəyin güclü bağlarını quracaqlar
“Niyə məhz Turan Masters” sualına isə Adnan Selçuk Bayfidan aşağıdakı cavabı verib: “Tədbirin əsas məqsədi rəqabətdən kənara çıxaraq türk dünyası gəncləri arasında mədəni mübadiləni, dostluğu və qardaşlığı gücləndirməkdir. E-sportun qlobal dili sayəsində gənclərimiz ortaq dəyərlər ətrafında birləşəcək, bir-birinin mədəniyyətini öyrənəcək və gələcəyin güclü bağlarını quracaqlar”.![]()
Gənclər və idman naziri Fərid Qayıbov və Anar Əhmədov (şəkildə solda)
O da qeyd edilib ki, “Turan Masters” region gənclərinə rəqəmsal bacarıqlarını nümayiş etdirmək imkanı yaradaraq e-sport sektorunun və texnologiya əsaslı karyeraların türk dünyasında inkişafına mühüm töhfə verəcək: “Bu tədbir, e-sportun potensialından istifadə edərək ortaq mədəni irsimizi və birliyimizi qeyd etdiyimiz əhəmiyyətli bir mərhələdir. Bütün idmançılarımıza uğurlar arzulayır, bu xüsusi anlara şahid olmaq üçün bütün e-sportsevərləri və Türk dünyası dostlarını bizi izləməyə dəvət edirik!”![]()
Furkan Akar
Adnan Selçuk Bayfidan sonda onu da əlavə edib ki, tədbirin Türkiyə tərəfində planlama və dəstəkçiləri EC – Eurasia Business Consulting şirkətinin təsisçi ortaqları A. Selçuk Bayfidan və Furkan Akardır. Azərbaycan tərəfindən “Azerbaijan E-sport Management”in qurucusu Anar Əhmədovdur .
Onu da qeyd edək ki, tədbirin açılış mərasimində Azərbaycan, Türkiyə, Özbəkistan və Qazaxıstandan rəsmi şəxslərin iştirakı da gözlənilir.
Son xəbərlər
