Azərbaycan-Gürcüstan münasibətləri dostluq, qardaşlıq və qarşılıqlı əməkdaşlığa söykənir
Tarixi qonşuluq və dostluq əlaqələrinə malik olan Azərbaycanla Gürcüstan ötən əsrin sonlarında dövlət müstəqilliklərini bərpa etdikdən sonra da bu dostluq münasibətlərini davam etdirmiş və hazırda iki dövlət arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoymaqdadır. Məlumat üçün qeyd etməliyik ki, iki ölkə arasında diplomatik əlaqələr 90-cı illərin əvvəlləri başlamış və bu əlaqələrin inkişafı Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlı olmuşdur. Dövlət müstəqilliklərini bərpa etmiş Azərbaycan və Gürcüstan arasında sovet dönəmində mövcud olmuş dostluq və qardaşlıq münasibətlərində yeni bir səhifə açılmışdır. Dövlətlər və xalqlar arasında zəngin tarixi əlaqələri olan Azərbaycan və Gürcüstan arasındakı diplomatik münasibətlər 30 ildən artıqdır ki, yüksələn xətlə inkişaf edir. Xüsusilə, uğurla reallaşdırılan beynəlxalq layihələr əməkdaşlığımızın inkişafına stimul verir. Qeyd etməliyik ki, iki dövlətin birgə həyata keçirdiyi layihələr eyni zamanda bölgə üçün olduqca tarixi əhəmiyyətə malikdir.
Dövlət və hökumət rəhbərlərinin qarşılıqlı səfərləri ölkələrimiz arasında güclü strateji və müttəfiqlik əlaqələrinin möhkəmlənməsinə mühüm təkan verir. Bu baxımdan cari ilin 15 aprel tarixində Gürcüstan Respublikasının Prezidenti Mixeil Kavelaşvilinin prezident seçildikdən sonra ilk olaraq Azərbaycana rəsmi səfəri xalqlarımız arasındakı dostluq və qardaşlığın təzahürü olmaqla yanaşı, iki dövlət arasında münasibətlərin dərinləşməsinə imkan yaradır. Səfər çərçivəsində aprel ayının 16-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüş keçirilmiş və ikitərəfli, eyni zamanda regional əhəmiyyət daşıyan məsələlər müzakirə edilmişdir.
Daha sonra hər iki dövlət başçısı mətbuata bəyanatlarla çıxış edərək dostluq və qardaşlığa söykənən Azərbaycan-Gürcüstan münasibətlərinin milli maraqlara əsaslandığını vurğulamış və bu münasibətlərin inkişafından məmnunluq ifadə edilmişdir. Möhtərəm cənab Prezident çıxışında xüsusi olaraq qeyd etmişdir ki, “Gürcüstan və Azərbaycan iki müstəqil dövlət kimi daim bir-birinin yanındadır, bizim dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır. Əsrlər boyu bizim xalqlarımız dostluq və mehriban qonşuluq şəraitində yaşamışlar, dövlətlərarası münasibətlər bu möhkəm zəmin üzərində qurulmuşdur. İki dost, qardaş ölkə, sözün əsl mənasında bir-birinə çox bağlıdır və beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir”.
Ötən müddət ərzində qarşılıqlı hörmət və etimad üzərində qurulan əməkdaşlıq xalqlarımız və ölkələrimizlə yanaşı bütünlüklə regiona, o cümlədən Avropaya böyük fayda gətirir. Son illərdə Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu əhəmiyyətli dərəcədə artmışdır. Bu istiqamətdə isə qonşu Gürcüstan Respublikası enerji resurslarımızın dünya bazarlarına çıxarılmasında əsas tranzit ölkə rolunu oynayır. Məhz bütün bunları nəzərə aldıqda Azərbaycanla Gürcüstan arasında mövcud olan əməkdaşlıq hər iki ölkə ilə yanaşı, ümumilikdə Avropa və dünya üçün böyük əhəmiyyət kəsb edir.
Azərbaycanın enerji strategiyasının uğurlarını şərtləndirən ən əsas amillərdən biri də ölkənin malik olduğu zəngin enerji ehtiyatlarının müxtəlif istiqamətlərdə ixracını təmin edən marşurutların mövcudluğudur. Enerji ehtiyatlarının nəqli üçün mövcud olan belə ixrac kəmərlərinə malik olmaq dövlətimizin bu istiqamətdə manevr imkanlarını da xeyli artırmaqdadır. Qeyd etməliyik ki, həyata keçirilən bütün bu layihələr iki dost və qonşu ölkənin qarşılqlı inam və etimadı nəticəsində reallığa çevrilmişdir.
Azərbaycanla Gürcüstan strateji müttəfiq kimi dünyada sülh və sabitliyi dəstəkləyən ölkələrdir. Hazırda iki dövlət tərəfindən bölgədə davamlı sülhün və təhlükəsizliyin təmini, mehriban qonşuluq əlaqələrinin inkişafı üçün lazım olan addımlar atılmaqdadır. İnanırıq ki, iki ölkə arasındakı mövcud olan çoxəsrlik tarixə malik əlaqələrin yeni mərhələyə qədəm qoyması nəticəsində dövlətlərimiz və xalqlarımız arasındakı hərtərəfli əlaqələr bundan sonra daha da möhkəmlənəcəkdir.
Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri