Medvedevin 100 milyonluq yaxtası ABŞ-yə doğru üzür
Qərbə qarşı savaş açan Rusiya siyasi və biznes elitası, eyni zamanda da heç cür Qərbin dəbdəbəli həyat atmosferindən qopa bilmir...
“AzPolitika” xəbər verir ki, “The Moscow Times”-ın məlumatına görə, Rusiyanın sabiq Prezidenti, hazırkı Təhlükəsizlik Şurası katibinin müavini, Qərbi, ABŞ-ni gecə-gündüz lənətləyən, təhqir və təhdid edən Dmitri Medvedevin istifadə etdiyi yaxta öz adını dəyişərək ABŞ-yə üzüb. “Dmitri Medvedevin gəmisi” kimi tanınan və dəyəri 100 milyon dollar olan 74 metrlik “Vselennaya”(kainat) yaxtası adını “Casino Royale” qoyaraq Rusiya sularını tərk edib. Bunun bir növ “iz itirmək” üçün edildiyi güman olunur.
Nəşrin məlumatına görə, gəmi Cəbəllütariq və Madeyra üzərindən keçərək, ABŞ-yə transatlantik keçidə hazırlaşır. Marşrutun son təyinatı ABŞ-nin Mayami şəhəri yaxınlığında yerləşən “North Palm Beach” ərazisi kimi qeyd olunub.
Daha əvvəl xəbər verildiyi kimi, bu yaxtadan Medvedevin oğlu İlya Medvedev və milyarder İqor Yusufovun oğlu Maksim Yusufov istifadə edib. Məlumat üçün bildirək ki, Yusufov Dərbənddən olan dağ yəhudisi əsilli milyarderdir.
Nəşrin mənbələri yaxtanın sahibinin rəsmən Yusufov olduğunu, lakin qayıqdan Dmitri Medvedevin istifadə etdiyini bildirib. Yaxtada keçmiş prezidentin ofisi və xüsusi rabitəsi var. Qeyd edilir ki, Rusiya Federasiyasının ərazi sularında üzəndə onu tez-tez hərbi gəmilər müşayiət edib.
Bununla belə, Medvedev üçün “iz itirmək” asan deyil. Bosfor boğazından keçən gəmiləri izləyən türkiyəli müşahidəçi Yörük İşık 2022-ci ilin mayında bu gəminin Medvedevə aid olduğunu bildirmişdi. “Nordic Monitor” qeyri-hökumət təşkilatının türkiyəli müşahidəçiləri də Medvedevi sözügedən yaxtanın sahibi adlandırıblar. Həmçinin, Soçi limanının əməkdaşları “Vselennaya”nın Medvedevə məxsus olduğunu təsdiq ediblər.
Medvedevin yaxtası Hollandiyanın “Damen Yachting” şirkəti tərəfindən 2018-ci ildə tikilib və Kayman adalarından ofşor şirkətdə qeydiyyatdan keçib. Gəmi 2022-ci ildə müharibənin başlaması səbəbindən həbs olunmamaq üçün İtaliya limanını tərk edərək İstanbuldan keçməklə Soçiyə qayıtmışdı. İndi isə görünür, Trampın hakimiyyətə qayıdışından sonra rus elitasının Qərbə, xüsusilə də ABŞ-yə “ayağı açılıb” və sanksiyalar artıq onlara aid deyil.