Zelenski seçkiyə getməyə razılaşdı
ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff bildirib ki, Ukrayna hakimiyyəti prezident seçkilərinin keçirilməsinə razılıq verib.
Stiv Vitkoff bunu martın 21-də amerikalı jurnalist Taker Karlsona müsahibəsində deyib.
Karlson deyib ki, Moskva Ukrayna prezidenti Vladimir Zelenskini “qeyri-legitim” hesab edir və buna görə də onunla heç bir müqavilə imzalamaq istəmir. "Sizcə, Ukraynada seçkilər olacaqmı?", - deyə o, Stiv Vitkoffdan soruşub.
"Bəli olacaq. Onlar bununla razılaşdılar. Ukraynada seçkilər keçirləcək", - Stiv Vitkoff suala cavab verib.
O, Rusiyanın Avropaya hücum etməyəcəyinə tam əmin olduğunu da qeyd edib.
Ukrayna prezidenti Volodimir Zelenski daha əvvəl hərbi əməliyyatlar bitməmiş parlament və prezident seçkilərinin keçirilməyəcəyini bəyan etmişdi.
ABŞ prezidenti Donald Tramp isə bu ilin fevralında bəyan etmişdi ki, Ukraynada seçkilərin vaxtı çatıb.
O, həmçinin bildirib ki, Volodimir Zelenskinin reytinqi 4%-ə düşüb və Ukrayna nizamlanma üçün danışıqlar masasında yer almaq istəyirsə, seçki keçirməlidir. Buna cavab olaraq Zelenski bildirib ki, Tramp Rusiya dezinformasiyasının qurbanına çevrilib. Tramp daha sonra Zelenskini seçkilərdə iştirakdan imtina etdiyinə görə diktator adlandırıb və onun reytinqinin son dərəcə aşağı olduğuna işarə edib.