"İmamoğlunun həbsinin Ərdoğanla əlaqələndirilməsi də tamamilə yersizdir"
İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun və onunla bərabər 108 nəfərin həbs olunması faktının gündəmi zəbt etməsi təbiidir. Bu, sıradan bir hadisə deyil. Lakin İmamoğlunun həbsinin Ərdoğanla əlaqələndirilməsi də tamamilə yersizdir. Çünki Türkiyə hüquqi dövlətdir və bu ölkədə kimsə səbəbsiz yerə həbs olunmur. Qanunlar qarşısında hər kəs bərabərdir. Heç bir şəxs və ya qrup üçün ayrı-seçkilik edilə bilməz.
MHP-nin başqanı Dövlət Baxçalının ifadəsi ilə desək, heç kim toxunulmaz və əlçatmaz deyil. Bu baxımdan, Ə.İmamoğlu ilə bağlı verilən məhkəmə qərarına da sağlam düşüncə ilə və hörmətlə yanaşılmalıdır. Məhkəmə heç kəsdən əmr və təlimat alıb kimisə siyasi sifariş əsasında həbsə göndərməz. Hələ-hələ İstanbul kimi dünya miqyaslı bir şəhərin merini əsassız, səbəbsiz yerə əsla həbs etməzlər.
Səbəblər, ittihamlar isə göründüyü kimi kifayət qədər ciddidir. İstanbul Baş Prokurorluğunun yaydığı məlumatda İmamoğlu və bir qrup şəxs cinayətkar təşkilatın rəhbəri olmaq, cinayətkar təşkilata üzv olmaq, qəsb etmə, rüşvətxorluq, dələduzluq, qanunsuz olaraq şəxsi məlumatların əldə edilməsi, tenderin saxtalaşdırılması kimi cinayətlərdə ittiham olunur. CHP ana müxalifət partiyası sayılır. Lakin onun əsas simalarından biri olan Ə.İmamoğlunun adı gördüyümüz kimi tenderlərin saxtalaşdırılmasından tutmuş rüşvətxorluq və cinayətkar təşkilata dəstək verməyə qədər bir sıra ağır cinayətlərdə hallanır. Bunlar hətta PKK fəallarını da bələdiyyələrə yerləşdiriblər. Bütün bu cinayətlərə sözsüz ki, göz yumula bilməzdi.
Əlbəttə, Əkrəm İmamoğlunun qanunla özünümüdafiə etmək hüququ da var. O, sözügedən ittihamlarla razılaşmayıb özünün günahsız olduğunu bildirmək imkanına malidir. Lakin bununçün o, ilk növbədə həmin ittihamların əsassız olduğunu, haqqında bəhs edilən cinayətləri törətmədiyini sübut etməyi bacarmalıdır. Türkiyənin məhkəmə sistemi müstəqil və ədalətlidir. Ona görə də məhkəmədə bütün məsələlər, əsl həqiqətlər üzə çıxacaq. İmamoğlunun suçu yoxdursa, azadlığa buraxılacaq. Bu baxımdan, kimlərinsə İmamoğlunun saxlanılmasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı günahkar çıxarmağa çalışması düzgün yanaşma deyil. Ərdoğan onun həbsində maraqlı olsaydı, bu addımı çoxdan atardı. Odur ki, ən yaxşısı məhkəmənin yekun qərarını gözləməkdir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri